Ələsgər Məmmədli: “Dövlətin mediaya ən böyük dəstəyi onun fəaliyyətinə qarışmaması ola bilər”

26-01-2021, 15:51           
Ələsgər Məmmədli: “Dövlətin mediaya ən böyük dəstəyi onun fəaliyyətinə qarışmaması ola bilər”
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli rəhbəri olduğu “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” layihəsinin nəticələrilə bağlı “Toplum TV”-yə müsahibə verib.

- Ələsgər bəy, monitorinqin nəticələri nə göstərdi - pandemiya və müharibə kimi ekstremal situasiyalar fonunda Azərbaycanın dövlət qurumları informasiya açıqlığını təmin etmişdilərmi?

- Biz 2020-ci ilin martın 15-dən dekabrın 31-dək “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” layihəsinə start verdik və monitorinqi 3 istiqamətdə apardıq; dövlət qurumlarının informasiya resurslarının dolğunluğu, dövlət qurumlarının açıqlamadığı informasiyaları sorğular zamanı necə cavablandırması və qanunvericilik məsələləri. Öncəliklə qeyd edim ki, dövlət qurumlarının monitorinqi zamanı ən çox diqqət çəkən məqamlardan biri qurumların bəzi informasiyalar üçün daha comərd olduqları, bəzilərini isə ümumiyyətlə açıqlamadıqlarıdır. Məsələn, saytlarda heç açıqlanmayan və ya az açıqlanan məlumatlar sırasına rəhbərlərin və onların müavinlərinin bioqrafiyaları, icra hakimiyyətinin rəhbərləri və ayrı-ayrı bölmələrin rəhbərləri ilə əks-əlaqə imkanları və xüsusilə maliyyə yönümlü informasiyalar daxildir. Amma qurumların ünvanları haqda informasiyalar təxminən 100 faiz, dövlət qurumlarının fəaliyyətini təmin edən qanunvericilik bazası ilə bağlı informasiyalarsa 95-100 faiz təmin olunub. Monitorinqdə dövlət qurumlarını nazirliklər, icra hakimiyyətləri, açıq və qapalı səhmdar cəmiyyətləri, publik hüquqi şəxslər olmaqla, bir neçə kateqoriyaya ayırmışdıq. Nazirliklərin şəffaflıq reytinqi digər strukturlarla müqayisədə daha yüksəkdir. Xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyinin Vergilər Bölməsi 98.3 faiz səslə ən yüksək pillədədirlər.Ümumulikdə 170 dövlət qurumu monitorinq olunub, 8873 xidmət qiymətləndirilib və belə nəticəyə gəlinib ki, dövlət qurumlarından informasiya əldə etmə imkanları olduqca məhduddur. Xüsusi bölmələrin əvəzinə sadəcə müraciət bölməsi mövcuddur ki, burada da informasiya sorğusunu seçmək mümkün deyil, çünki belə bir infrastruktur qurulmayıb. Müraciət bölməsində tələb olunan informasiyalar isə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə cavab vermir. Məsələn, sorğu müraciətinin qəbulu üçün şəxsi məlumatlar; şəxsiyyət vəsiqəsinin fin kodu, nömrəsi, şəxsin doğum tarixi, cinsi, təhsili kimi əlavə və qanunda əks olunmayan informasiyalar tələb olunur.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya açıqlığınə ən çox təmin edən qurum olduğunu qeyd etdiniz. Bu qurum necə, sözügedən qanunun bütün tələblərinə cavab verirmi?

- Bunu informasiyaların yerləşdirilməsi, onların çatımlılığı və təqdim edilən xidmətlər kimi aspektlərdən qiymətləndirmək lazımdır. “E-sosial.az” saytında 2020-ci ildə çox ciddi problemlər oldu. Xüsusilə də pandemiya ilə əlaqədar müavinətlərin verilməsi zamanı sistem tez-tez kilidlənirdi. Monitorinqdə qeyd olunan 98%-lik göstərici hər şeyin mükəmməl olduğu anlamına gəlmir, sadəcə, informasiya bolluğu var deyə bu cür görünür. Bu nazirliyin də üzərində işləməsi olduğu məqamlar çoxdur.

- Monitorinqin nəticələrinə görə, yerli icra orqanlarının saytlarında açıqlanması vacib olan informasiyaların çox az hissəsi yerləşdirilib. Bu orqanların məlumatları ictimaiyyətlə paylaşmaması nə kimi problemlər yaradır?

- Yerli icra hakimiyyəti orqanlarının saytlarına daxil olduğunuz zaman çox bəsit informasiyaların olduğunu görə bilərsiniz. Bunlar da illər öncə yerləşdirilmiş, rayonun tarixi və sairə haqqında baza informasiyalarıdır. “Yerli İcra Hakimiyyəti haqqında Əsasnaməyə” görə, yerli icra qurumlarının yüzdən çox səlahiyyəti var. Onların saytlarında bunların hər biri haqqında məlumat və görülən işlərin icrası, o cümlədən verilən xidmətlərin təqdimatı ilə bağlı bölmələr olmalıdır. Bunların bəziləri keçidlər vasitəsilə dövlət xidmətləri saytında görünsə də sayca məhduddur.

- Siyahıda KİVDF informasiya açıqlığına görə aşağı yerlərdə qərar tutub. Kütləvi informasiya vasitələrilə çalışan bir qurumun belə bir göstəricisinin olması nədən qaynaqlanır?

- Bildiyiniz kimi, KİVDF-nin keçmiş başçısı haqqında cinayət işi açılıb və xeyli sayda dövlət vəsaitini mənimsəməsi ilə bağlı iddalar var. Bu həm də onun göstəricisidir ki, saytın aşağı göstəricisinin olması bu istiqamətdə də xərclənmişk vəsaitlərlə bağlı müəyyən şübhələr yaradır. Hər halda, birbaşa media ilə işləyən qurumun informasiya təqdimatı həm şəffaf, həm də əlçatan olmalı idi. Eyni zamanda, KİVDF-nin fəaliyyətində jurnalistlər üçün ev tikmək, qrant ayırmaq, müsabiqə keçirmək kimi məqamların şəffaflığı ilə bağlı da xeyli sayda mübahisəli və şübhəli məqamlar mövcuddur. Bu baxımdan monitorinqin nəticəsi bir növ mövcud vəziyyətin təzahürüdür.

- Sizcə, yeni yaradılan Medianın İnkişafı Agentliyi bu nəticəni müsbətə doğru dəyişə biləcəkmi?

- Mən bu agentliyin nəyisə dəyişəcəyini düşünmürəm, çünki dövlət medianı tənzimləyən strukturlar yaratdıqca, bu sahənin vəziyyəti daha da pisləşir. Hökumət medianın fəaliyyətinə nəzarət etməməlidir; ona azadlıq verməli, inkişafına dəstək olmalı və bunun üçün hüquqi mühit yaratmalıdır. Dövlətin mediaya ən böyük dəstəyi ona qarışmaması ola bilər. Təbii ki, vergi güzəştləri, gömrük rüsumundan azad etmə, texniki imkanlarla təminat kimi dəstəklər verə bilər. Amma bir qurum yaradıb hər kəsi ona tabe etmək düzgün deyil və bundan müsbət bir nəticə gözləmirəm.

- Jurnalistlərin problem yaşadığı məsələlərdən biri də dövlət qurumlarına göndərilən yazılı sorğulara geri dönüşlərlə bağlıdır. Nəyə görə Azərbaycanda bu məsələyə ciddi yanaşılmır?

- Bir il ərzində bununla bağlı geniş bir proses aparılıb. Müxtəlif dövlət qurumlarına 56 fərqli sorğu göndərilib, onlardan yalnız 15-nə cavab verilib və bunların da sadəcə 4-ü dolğun cavablandırılıb. Bu sorğularla bağlı ombudsmana və məhkəmələrə də müraciət etmişik. Ombudsman bizə iki halda dəstək verib. Birincisi o idi ki, Nazirlər Kabinetinin pandemiya ilə bağlı 73-1 nömrəli qərarının yayılmaması və əlçatan olmaması ilə bağlı şikayət etmişdik. Ombudsman bunu Nazirlər Kabinetindən tələb etdikdən sonra qərar sayta qoyuldu. Digər məsələ isə son 5 ildə informasiya əldə etmək hüququnu pozduğuna görə ombudsmanın hansı dövlət qurumlarına protokol tərtib etməsi barədə göndərdiyimiz sorğu idi. Cavab “Belə bir ehtiyac yaranmayıb” oldu. Yəni son 5 ildə heç bir dövlət qurumu informasiya vermədiyinə görə qanunla müəyyən olunmuş inzibati cəriməyə məruz qalmayıb. Yəni bunun üçün hər hansı məcburedici davranış yoxdur, qanun isə sadəcə vitrin üçündür, təcrübədə tətbiq olunmur.

- Dövlət qurumlarının informasiya açıqlığının qənaətbəxş səviyyəyə gətirilməsi üçün hansı addımlar atıla bilər və bu, hüquqi çərçivədə necə tənzimlənməlidir?

- Dövlət qurumlarının informasiya açıqlığının genişləndirilməsi və müəyyən mənada əlçatan hala gətirilməsi üçün ilk növbədə qanunvericiliyə yenidən baxmaq lazımdır. Son illər qanunvericiliyə bir sıra mənasız məhdudiyyətlər gətirilib. İkincisi, informasiya məsələləri üzrə müvəkkillik institutu yaradılaraq ombudsmanın səlahiyyətləri ona verilməli və bu sahədə çox “dişli” bir qurum yaradılmalıdır. Hətta baş verməsə belə, ombudsman çox aktiv şəkildə dövlət qurumlarının şəffaflığına nəzarət etməli, proses həm də ictimai nəzarətlə mü.ayət olunmalıdır. O, dövlət qurumlarının monitorinqini keçirməli, problemləri müəyyən edib hesabata salmalı, lazım gəldikdə, sorğularla bağlı pozuntulara görə sanksiyalar tətbiq etməlidir. Belə olarsa, mühitin nisbətən liberallaşa biləcəyini düşünürəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.