Polkovnik: “Dediklərimə kimin şübhəsi varsa...” - MÜSAHİBƏ
22-02-2016, 22:48
Bir daha bayraq meydanının həbsdə olan rəisi haqqında.teref.az dəfələrlə bu temaya toxunaraq özünün tanıdığı bayraq meydanının rəisinin ailəsinin vətənpərvər olduğunu qələmə almışdı. Qaynı Azər əskərovu şəxsən tanıdığı və bu ailənin heç zaman Azərbaycana qarşı hansısa bir hərəkətlərdə ola bilməyəcəklərini baş. redaktorunun dilindən yazmışdı. İndi də teref.az olaraq Rəşad Məmmədov haqqında verilən müsahibəni sizə təqdim edirik:
Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Koordinat.az-a yeni müsahibəsində bir daha Rəşad Məmmədov haqqında danışdı
Keçmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin hazırda həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun şəxsiyyəti və xidməti fəaliyyəti haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ona qarşı qaldırılmış cinayət işinin doqquz aydan bəri davam edən istintaqına təsir göstərməyə çalışanlar öz niyyətlərindən əl çəkmirlər. Bir sıra internet saytlarının “həvəslə” turajladıqları, əslində, konkret fakt və dəllillərə söykənməyən bu məlumatlardakı mənəviyyat və humanizm prinsiplərinə zidd olan ittihamlar və iddialar sabiq məmurun ailəsini və övladlarını mənəvi-psixoloji gərginlikdə saxlayır. Silahlı Qüvvələr Hərbi Polis İdarəsinin sabiq rəis müavini - Bakı Hərbi Qarnizonunun sabiq komendantı, hazırda ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov məhz bu amili nəzərə alaraq, Koordinat.az-a verdiyi müsahibədə Rəşad Məmmədovu vaxtilə yaxından tanıdığını, onun komendant köməkçisi kimi hərbi xidmətə qəbul edilməsi ilə əlaqədar olaraq şəxsi işini yoxladığını, valideynlərinin milliyyəti barədə heç bir şübhəli məqama rast gəlmədiyini bildirmişdi. Polkovnik hətta keçmiş köməkçisinin şəxsi keyfiyyətlərini də müsbət xarakerizə edərək, onun həm Qarabağda müharibəsi dövründə, həm də “20 Yanvar” metro stansiyasında törədilmiş terrorun nəticələrinin aradan qaldırılması zamanı xidməti işindən razılıqla danışmışdı.
Bu müsahibə Rəşad Məmmədovun əleyhdarlarını narahat edib və onlar öz təsir dairələrində olan internet resurslarında yeni bir qaralama kampaniyasına başlayaraq, bu dəfə polkovnik Rövşən Məhərrəmovun söylədiyi fikirləri, təqdim etdiyi konkret faktları şübhə altına almağa cəhd göstəriblər. Hazırda xarici ölkədə olduğuna və həmin məsələlərə qayıtmaq istmədiyinə baxmayaraq, polkovniki bir daha Rəşad Məmmədov barədə bir neçə sualımızı cavablandırmağa razı sala bildik:
- Keçmişdə tabeliyinizdə gənc zabit kimi xidmət etmiş Rəşad Məmmədov haqqında söylədiklərinizə şübhə ilə yanaşanlar oldu. Eyni mətnlə bir neçə saytda gedən həmin yazıları oxumusunuzmu?
-Bəli, oxumuşam. Əvvəla, orada mənim haqqımda “hansısa istefada olan polkovnik” ifadəsi işlədilir. Amma bu məqaləni hazırlayanlar və yayanlar anlamırlar ki, polkovnik istefada və ya hərbi xidmətdə olsa da, olmasa da, elə polkovnikdir. Bəs, bu yazıları hazırlayanlar kimlərdir? Sabah Qarabağda müharibə başlasa, mən yenə də polkovnik kimi ön cəbhədə olacağam. Faktsız-sübutsuz başqalarına hədyanlar qoşan bu adamların isə harada olacağı bəlli deyil. Bəlkə də qaçıb haralardasa gizlənəcəklər. İkincisi, mən bunu bir dəfə demişəm, Rəşad Məmmədov hərbi xidmətdən sonra müəyyən dövrdə biznesmen kimi tanınıbsa da, bu, məni qətiyyən maraqlandırmır. Məni o maraqlandırır ki, bu insan mənim tabeliyimdə hərbi xidmətdə olub və nümunəvi xidmət keçib. Bunu təkcə mən yox, o dövrdə Hərbi Polis İdarəsində çalışan bütün zabit heyəti də təsdiq edər. Hətta o vaxt çox nümunəvi hərbçi, mənim də rəisim olmuş polkovnik Eldəniz Əliyev də bunu təsdiqləyər. Vaxtilə Hərbi Polis İdarəsinin rəisi olmuş Eldəniz müəllim çox təmiz və vicdanlı, düzgün danışan zabitdir. Mən hərbi polis fəaliyyətimdə yaxşı nə öyrənmişəmsə, ondan öyrənmişdim. Ona görə də mən Eldəniz Əliyevi özümə müəllim sayıram. Həmişə yaxşıya yaxşı, pisə pis qiymət verən insandır. Mənim Rəşad Məmmədov haqqında söylədiklərimə kimin şübhəsi varsa, Eldəniz Əliyevi tapıb onunla da dəqiqləşdirə bilər. Əminəm ki, Eldəniz müəllim də mənim Rəşad Məmmədov haqqında söylədiklərimi təsdiqləyəcək və onun barəsində müsbət xarakteristika verəcək. Çünki o, həmişə Rəşad Məmmədovu tərifləyir, zabit kimi ona yaxşı qiymət verirdi. Mən özüm isə Rəşad Məmmədovun bilavasitə rəisi olmuşam. Pis həmişə gözə görünür, amma yaxşıları da görmək və yeri gələndə qeyd etmək lazımdır. Axı, Rəşad Məmmədov “20 Yanvar” metrosunda terror hadisəsi törədiləndə insanları necə xilas edirdi?! Bu, kiçik amildirmi, bəyəm?! Rəşad Məmmədov arxa cəbhədə yox, daha çox döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsində xidmət keçdikdən sonra isə ordu sıralarından tərxis olunub.
-Amma həmin saytlar yazırlar ki, guya fərari olub...
-Bunların hamısı yalan məlumatlardır. Rəşad Məmmədov hərbi xidmətdən qanuni şəkildə tərxis olunub. O, zabit kimi ordu sıralarından ehtiyata buraxılıb. İndi də ehtiyatda olan zabit kimi hərbi komissarlıqda qeydiyyatdadır. Onun fərari olduğunu iddia edənlər hərbi komissarlığa müraciət edərək şəxsi işini yoxlatdıra, sənədlərə özləri də baxa bilərlər. Şəxsi işə baxsınlar görək Rəşad Məmmədovun fərari olduğu harada yazılıb? Onun fərariliyi haqqında hansı hərbi hissə komandirinin əmrində qeyd var? Mən bununla Rəşad Məmmədovu heç də Milli Qəhrəman səviyyəsinə qaldırmaq niyyətində deyiləm. Bizim Mübariz İbrahimov, Allahverdi Bağırov, Əfqan Hüseynov və başqaları kimi Milli Qəhrəmanlarımız var və mən onlarla fəxr edirəm. Mən müsahibəmdə Rəşad Məmmədovu heç də qəhrəman səviyyəsinə qaldırmamışam, sadəcə, onun necə insan olduğunu xarakterizə etmişəm, mənim tabeliyimdə necə xidmət etdiyini söyləmişəm. Mən yalan danışmamışam, heç bir qəbahət söz işlətməmişəm və həqiqəti faktlarla göstərmişəm. Yalandan “fəraridir” deməklə Rəşadın Hərbi Polis İdarəsində işlədiyi dövrdəki xidmətini, əziyyətini yerə vurmaq böyük haqsızlıqdır, mən bu haqsızlığa biganə qala bilmirəm. Axı, Rəşadın da balaları var, onlar da Azərbaycan övladlarıdır, Azərbaycan vətəndaşlarıdır. Nahaq yerə o uşaqların ataları haqqında bu qədər hədyanlar yazırlar. Bu uşaqlar haqqında düşünmək lazımdır ki, onlar məktəbə gedirlər, tay-tuşlarının arasında olurlar. Azərbaycanda o qədər insan var ki, anası rus, yaxud başqa millətlərin nümayəndələridir. Amma Rəşadın hər iki valideyni azərbaycanlıdır. Ona görə də jurnalistlər düzgün yazsınlar, redaktorlar onlara göndərilən yazıları diqqətlə oxusunlar ki, orada göstərilən məlumatlar həqiqətdirmi? Əgər Rəşad Məmmədovun anası ermənidirsə, lap bunu da yazsınlar, lakin bunun da bir sübutu olmalıdır. Mən faktlarla danışıram və bəyan edirəm ki, hazırda həbsdə olan Rəşad Məmmədovun anası azərbaycanlıdır. Onun anasının erməni olduğunu söyləyənlər zəhmət çəkib ortaya fakt qoysunlar, əllərində sənəd varsa dərc etdirsinlər. Mən əminəm ki, onların əlində belə faktlar yoxdur. Ona görə də faktlarla danışmayan bəzi qrupların həqiqətə uyğun olmayan dedi-qoduları mətbuata çıxarmaları və bu yalanlara “həqiqət donu” geyindirmələri bir vətəndaş kimi məni çox hiddətləndirir.
- Rəşad Məmmədov Hərbi Polis İdarəsində xidmətə qəbul olunarkən onun şəxsi işinə daha hansı yüksək rütbəli məmurlar baxa bilərdi?
- O vaxt Milli Təhlükəsizlik Nazirliyində Azər Zalıyev Hərbi Polis İdarəsinin kuratoru idi. Əminəm ki, o da Rəşad Məmmədovun şəxsi işi ilə tanış olmuşdu. Tutaq ki, Rəşad Məmmədovun anası erməni idisə, o, müharibə dövründə Bakı şəhərinin Hərbi Komendantının köməkçisi təyin olunanda buna baxmayıblar? Bu, belədirsə, o, Hərbi Polis İdarəsində necə işləyə bilərdi? Milli Təhlükəsizlik Nazirliyindəki kurator sənədlərini necə yoxlayıb ki, ona Hərbi Polis İdarəsində işləməyə icazə verib?! O məlumatları yayan adamlar gedib Milli Təhlükəsizlik Nazirliyində bizim kuratorumuz olmuş Azər Zalıyevdən soruşsunlar ki, anası erməni olan şəxsin müharibə dövründə Hərbi Polis İdarəsində işə qəbul olunmasına necə icazə verilib? O adamın şəxsi işini necə yoxlamısınız? O dövrdə Rəşad Məmmədovun komandiri olmuş şəxs kimi belə suallar mənə də verilə bilər. Ona görə də mən bu suala bir daha cavab verirəm: mən Rəşad Məmmədovun şəxsi işinə baxmışam, bütün sənədlərini yoxlamışam və əminəm ki, onun hər iki valideyninin milliyyəti də, adı-soyadı da azərbaycanlıdır. Mən o zaman Bakı şəhərinin hərbi komendantı idim, onun şəxsi işini hərtərəfli araşdırmışam və əminəm ki, onun anasının erməni olması barədə heç bir qeyd yox idi. Həm də Rəşad Məmmədovun məxfi sənədlərlə işləməsinə hələ sovet dövründə də icazə verilib. Ortada “Forma-2” adlanan bir sənəd var ki, o Rəşad Məmmədova Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycan Ordusunda xidmət etmək üçün verilib. Həmin “Forma-2” məxfi sənədlərlə işləməyə icazə verə bir sənəddir. Bu sənəd ona verilibsə, deməli, onun tərcümeyi-halında hər şey qaydasındadır.
P.S. Naməlum “məlumatlı mənbələr”ə istinad edərək insanların heysiyyətinə toxunan, ictimai rəyi çaşdırmağa yönəlik yalan məlumatları dövriyəyə buraxanlardan fərqli olaraq biz öz mənbələrimizi açıq göstəririk. Məqsədimiz hazırda çətin məhbus həyatı yaşayan bir vətəndaşımızın, azərbaycanlı övladının şəxsiyyəti haqında həqiqətləri işıqlandırmaqdır. Jurnalist öz yazılarında, qərəzsiz, düzgün və ədalətli olanda çox güclü olur!
teref.az