“Milli Məclisin 5-6 üzvü məsələni qaldırarsa…” – Deputat özəlləşdirmə çekləri haqqında

6-07-2021, 11:01           
“Milli Məclisin 5-6 üzvü məsələni qaldırarsa…” –
Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə dövlət əmlakının özəlləşdirilməsi barədə qanun qəbul olundu. Belə ki, mərhum Prezident Heydər Əliyev 1996-cı ilin martında özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə fərman imzaladı. Həmin fərmana müvafiq olaraq, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payı verildi.

2011-ci ilə qədər özəlləşdirmə çeklərinin tədavül müddəti bir neçə dəfə uzadılsa da, 2011-ci ildə proses dayandırıldı. Həmin ilə qədər vətəndaşlar əllərində olan vauçerləri sata bilərdilər, amma 10 ildir dövlət payından yararlana bilmirlər.

Məlumata görə, bu gün Azərbaycanda 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən işə yaracağına ümid edirlər. Ümid etməkdə də haqlıdırlar, çünki dövlət payı olan qiymətli kağızların üzərində bitmə müddəti göstərilməyib. O zaman sual olunur: 2011-ci ildə verilən qərar nəyə əsaslanır?

Digər yandan, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən uzadılacağı ilə bağlı ümidləri bir qədər də artırıb. Çünki əlində özəlləşdirmə payı olan, dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək istəyən vətəndaşlar öz qanuni haqlarından yararlanmaq istəyirlər.

Milli Məclisin bir çox üzvləri də vətəndaşlarla həmrəy olduqlarını bildirirlər və hesab edirlər ki, dövlət vətəndaşına pay veribsə, ondan vətəndaş bu və ya digər formada yararlanmaq haqqına sahibdir.

Mövzu ilə bağlı AYNA-nın suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev cavablandırıb. Deputat düşünür ki, bununla bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olacaq:

- Bu məsələ ilə bağlı Milli Məclisdə qanun mövcuddur. Təbii ki, cənab Prezident özəlləşdirmə çekləri ilə bağlı hansısa qərar layihəsini Milli Məclisə göndərərsə, o zaman biz müzakirə edəcəyik, layihəni dəstəkləyəcəyik. Amma yenə də deyirəm, Nazirlər Kabineti səviyyəsində problem rahat həllini tapa bilər. Ya təlimat formasında, ya da hansısa dəyişiklik formasında məsələdəki problem aradan qaldırılmalıdır.

Bilirsiniz, özəlləşdirmə çekləri ilə bağlı son illərdə şikayətlər var. Çox adamı məsələ narahat edir. Mənə də dəfələrlə müraciətlər edilib, şikayətlər bildirilib. Hesab edirəm ki, dövlət bu məsələ ilə bağlı addım atacaq. Bir qədər zamana ehtiyac var. Yadınızdadırsa, SSRİ zamanında banka qoyulan pullarla bağlı da dövlət qərar verdi, “yanan pullar” vətəndaşlara hansısa miqdarda ödənildi. Yəni ki, dövlət bütün bu kimi hallarla bağlı qərarlar verir. İndi gəlin, gözləyək. Görək Nazirlər Kabineti özəlləşdirmə çekləri ilə bağlı hansı qərarı verəcək. Ola bilər ki, çeklərlə bağlı qanuna Milli Məclisdə hansısa dəyişikliklər edilsin. Bunu artıq dövlət özü həll ediləcək.

- 2011-ci ildən əvvəl çeklər “qara bazar”da satılırdı. Həm də çox ucuz qiymətə vətəndaşlardan alınırdı və həmin dövrdə bəzi məmurlar bundan özləri üçün istifadə etdilər. Vətəndaş isə özəlləşdirmədə iştirak edə bilmədi. Ümumiyyətlə, dövlət payı olan çeklərin qiyməti necə tənzimlənməlidir?

- Bilirsiniz, bizdə bazar iqtisadiyyatı sistemidir. Təbii ki, qeyri-qanuni fəaliyyət göstərən “qara bazar”a qarşı dövlət mütəmadi olaraq mübarizə aparır. Məsələ burasındadır ki, qiymət tənzimlənməsinə dövlət bütövlükdə sərt nəzarət etdikdə, problemlər də yaranır. Elə məsələlər var ki, orada sərt qərarlar, dövlət müdaxiləsi olanda cəmiyyətin müəyyən kəsiminin hüquqları pozulur. Bizim hökumət bəyan edib: “Biz bazar iqtisadiyyatı sistemini əsas götürmüşük, bu istiqamətdə inkişaf edirik, ÜDM-in 85 faizinə qədəri bazar iqtisadiyyatı sistemində istehsal olunur”. Ona görə də, hesab edirəm ki, qanuna dəyişikliklər olmalıdır, yaxud Nazirlər Kabineti qərar verməlidir. Gəlin, səbrli olaq, gözləyək.

- 10 ildir ki, özəlləşdirmə çekləri ilə bağlı problem yaranıb. Əlində heç bir işə yaramayan çek qalan minlərlə vətəndaş var ki, bu problemi 10 ildir səsləndirir. Niyə bu qədər müddətdə deputatlar Milli Məclis tribunasından bu barədə dövlətə səslənməyiblər, təklif verməyiblər, qəbul olunmuş qanunun pozulduğuna etiraz etməyiblər?

- Bütün problemlər tədricən həll olunur. Görürsünüz ki, biz, yəni son çağırış Milli Məclisin deputatları bütün problemləri parlament tribunasından səsləndiririk, aktiv iştirak edirik. Problemlər çoxdur, zaman-zaman bunları səsləndiririk. Ola bilsin ki, hansısa deputatın fikrindən çıxıb, səsləndirməyib. Yaxud da, vaxt çatmayıb, çıxış imkanı olmayıb. Amma razıyam, vətəndaşların bu cür problemləri qabardılmalıdır. Sözün açığı, o çeklərdən məndə də var. Özümə də maraqlıdır ki, onların taleyi necə olacaq.

- Neçə ədəd çekiniz var?

- Ailə üzvlərimin sayına uyğun olaraq - 4 çekimiz var – mənim, həyat yoldaşımın və 2 oğlumun adına. O vaxt verildi, mən də saxladım. Açığını deyim, o vaxt çeklərlə aktiv formada maraqlanmadıq. Sonra da vaxtı keçdi. Tarixi sənədlər kimi saxlamışam.

- Problem də odur ki, bu çeklər tarixi sənədlər kimi qalıb. Halbuki özəlləşdirmə çekləri tarixi sənəd deyil. Onun üzərində bitmə müddəti yoxdur. Vətəndaşlar da bildirirlər ki, əgər bitmə müddəti yoxdursa, o zaman bu, niyə istifadəyə yararsız qalıb...

- Mənim dediyim də odur ki, bunun taleyinə aydınlıq gətirilməlidir. Yəqin ki, hansısa qərar veriləcək.

- Məsələn, Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və bir sıra dövlət şirkətləri Holdinqin idarəçiliyinə verilib. Belə fikirlər var ki, həmin dövlət şirkətləri özəlləşdiriləcək. Bu zaman özəlləşdirmə çeklərindən istifadə mümkündürmü?

- Əlbəttə! Niyə də olmasın?! Dövlətin nəzarətində olan müəyyən qurumlarla bağlı köklü islahatlar gözlənilir. İnvestisiya Holdinqinin yaradılmasının məğzi ondan ibarətdir ki, həmin qurumların niyə itkiləri çoxdur, subsidiyalar çox istəyirlər – ortaya çıxsın. Biz indi iqtisadiyyatda intensiv formaya keçirik. İnvestisiya Holdinqinin birinci məqsədi nəzarətdir. Bu gün nəzarət edilir ki, niyə bu dövlət şirkətlərinin xərcləri bu qədər şişib, borcları var.

- Özəlləşdirmə olsa, yəqin ki, dövlət büdcəsinin yükü də azalar...

- Yenə deyirəm, nəzarət güclənməlidir. Mənim iqtisadçı alim kimi təklifim budur ki, şirkətlərin səhmlərinin 51 faizi dövlətin əlində qalmalıdır. Yerdə qalan isə özəlləşdirilə bilər. İdarəetməni özəlləşdirməyə vermək olar, amma nəzarət dövlətin əlində olmalıdır. Məsələn, bütünlüklə AZAL-ı, yaxud da “Bakı Metropoliteni” QSC-ni, SOCAR-ı özəlləşdirməyə çıxarmaqdansa, onun müəyyən strukturlarını özəlləşdirmək olar. Və bu özəlləşdirmə prosesində siz dediyiniz çeklərdən istifadə etmək olar. ABŞ bütünlüklə özəlləşdirib, amma Avropa mən dediyim yolla gedib, uğur da qazanıblar.

- Çeklərlə bağlı problemi Milli Məclisin iclasında qaldıracaqsınızmı?

- Əgər cəmiyyətimiz, vətəndaşlarımız məsləhət görürsə, bəli. Sözün açığı, gündəmimizdə o qədər məsələlər var ki... Mövzular çoxdur. Milli Məclis növbədənkənar sessiya çərçivəsində iclaslar keçirir ki, bugünədək də işləyirik. Qarabağ uğurumuzdan sonra işğaldan azad edilmiş ərazilərimizlə bağlı nəhəng addımlar atılır. Deputat həmkarlarımızla iclaslardan əlavə kluar məsləhətlər də edirik, hansı təklifi verməyin lazımlılığını bir-birimizə deyirik. İstəmirəm ki, “stəkanda fırtına” edək. Yəni, bir deputat, iki deputat məsələni qaldırır, stenoqrama düşür, dövlət qurumlarına çatdırılır. Amma effekti az olur. Lakin 5-6 deputat eyni vaxtda eyni mövzuda danışanda, o zaman təsir başqa cür olur. Hər halda, məsələnin gündəmə gətirilməsinə çalışacam, həmkarlarımı da buna səsləyəcəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.