Hesablama Palatası “Azərişıq” və “Azərsu” şirkətlərində də yoxlamalar aparsın – REAL-dan TƏLƏB

13-07-2021, 15:03           
Hesablama Palatası “Azərişıq” və “Azərsu” şirkətlərində də yoxlamalar aparsın
Dövlət büdcəsindən maliyyə yardımı ayrılan partiyalar həmin vəsaitləri qaranlıq məqsədlərə sərf edə bilməyəcək. Hesablama Palatasının hakim Yeni Azərbaycan Partiyasında apardığı yoxlamalar bu qənaəti yaradır. Məlumatlara görə, proses YAP-la məhdudlaşmayacaq. Dövlət büdcəsindən maliyyə yardımı alan digər siyasi təsisatlarda yoxlamalar aparılacaq.

Bəs partiyalar nə düşünür, bu yoxlamalara ehtiyac varmı?

Teref.az xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi Natiq Cəfərli bu barədə Hit.az-a açıqlamasında, bu suala cavab verib.

N.Cəfərli bildirib ki, Hesablama Palatası büdcədən maliyyə alan bütün qurumlarda yoxlama apara bilər.


“Əlbəttə ki, buna etirazımız yoxdur. Hesab edirik ki, siyasi partiyaların fəaliyyəti şəffaf olmalı, onlar maliyyə hesabatı verməlidir. REAL olaraq biz də hesabatımızı Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Ona görə də bu yoxlamalarda hər hansı problem görmürük. O başqa məsələdir ki, Hesablama Palatası daha çox dövlət şirkətlərində yoxlamalar aparmalıdır. Bu sırada “Azərişıq”, “Azərsu” və digər dövlət inhisarları daxildir. Çünki cəmiyyətdə bu qurumlarda mənimsəmələrin olması ilə bağlı şübhələr var”, – deyə Natiq Cəfərli bildirib.

REAL təmsilçisi əlavə edib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi proporsioanl seçki sisteminin institutlaşması və güclənməsi üçün proporsional seçki sisteminin bərpasına ehtiyac var:

“Maliyyə yardımının bu halda ayrılması daha effektiv ola bilər. Məsələn, Türkiyədə belədir. Hesab edirik ki, proporsioanl seçki sistemi üzrə parlamentdə yer qazanan partiyalara müvafiq olaraq vəsait ayrılmalıdır və təbii ki, həmin siyasi təsisatlar da şəffaflığı təmin etməli, ayrılan maliyyənin hesabatını verməlidir. Eyni zamanda, Hesablama Palatası ehtiyac duyulduğu təqdirdə yoxlamalar aparmalıdır”, – deyə Natiq Cəfərli vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.