"Məgər yalnız şəhid ailəsindən pul almaq olmaz?!" - REAKSİYA

13-07-2021, 17:52           
"Məgər yalnız şəhid ailəsindən pul almaq olmaz?!" - REAKSİYA
"Məgər yalnız şəhid ailəsindən pul almaq olmaz?!"
Son günlər bəzi “jurnalistlərin” haqlarında yazı yazmaq, süjet hazırlamaq adı ilə şəhid valideynlərindən pul almaları barədə məlumat yayılmışdı. Həmin adamlar- Azər Kazımovla Rübabə Vəliyeva inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunublar.

Bu, ilk belə hadisə deyil. Ötənlərdə Sabunçu rayonunda da analoji olay yaşanmışdı: “www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna daxil olan müraciət əsasında araşdırma aparılmış və jurnalistika həvəsinə düşən(ən yaxşı halda belə demək olar) şəxs haqqında həbs- qətiimkan tədbiri görülmüşdü.

Deməli, medianın cəmiyyətdəki nüfuzundan, təsir imkanlarından istifadə geniş yayılıb. “Sherg.az” olaraq bu barədə media eksperti Zeynal Məmmədli ilə söhbətləşdik:

- Məlum hadisələrə münasibətiniz necədir?

- Şübhəsiz ki, pisdir. Belələrini qınayıram. Amma ümumi yanaşmanı bəyənmədim.

- Niyə?

- Belə adamlar jurnalist deyillər. Həm də məgər yalnız şəhid ailəsindən pul almaq olmaz?! Yox. Peşəkar, özünə hörmət edən media adamı, ümumiyyətlə, belə hallardan uzaq durmalıdır. Məsələnin kökünə varmalıyıq. Araşdırmaq lazımdır ki, həmin saxtakarlarla şəhid ailələri arasında yaxınlıq necə yaranıb, valideynlər niyə pul veriblər və s. İstisna etmirəm ki, o “jurnalistlərin” psixoloji problemləri var və pul qazanmağın yolunu bilmirlər. Bunları ön plana çıxarmaq isə tamamilə yanlışdır. Elə isə şəhid ailələrinə, az qala, “Oğlun mənə görə şəhid olmayıb” deyən məmurları ikiqat tənqid etməliyik.

- Qanunvericilik belə hadisələrin qarşısını almaqda nə qədər effektlidir?

- Qanunvericiliyi dəyişmək çıxış yolu deyil. Əgər müddəalar formal xarakter daşıyacaqsa, bu, kimsəyə lazım deyil. Elə etmək lazımdır ki, müvafiq maddələrin işləməsi üçün münbit şərait olsun. Hər halda yeni qanunvericilik kimsəni etikalı, vicdanlı etməyəcək.

- Onda məqsəd nədir?

- Jurnalistikanın prestijini qaldırmaq. Eyni zamanda həmin qanun mütləq ancaq peşəkar mediaya aid olmalıdır. Sosial medianı bura aid etmək doğru deyil.

- Son vaxtlar vahid jurnalist vəsiqəsinin yaradılması barədə də danışılır...

- Bu da ikinci, üçüncü dərəcəli məsələdir. Media-cəmiyyət münasibəti düzgün tənzimlənərsə, səmimi əlaqələr yaranarsa, vahid vəsiqəsiz də fəaliyyət göstərmək mümkündür. Vacib olan xoş niyyətdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.