“Erməni tərəfi bu və ya digər formada yenidən bir “təmas xətti” yaratmaq niyyətindədir” - Sabiq nazir

15-07-2021, 00:00           
“Erməni tərəfi bu və ya digər formada yenidən bir “təmas xətti” yaratmaq niyyətindədir” - Sabiq nazir
Rusiya sülhməramlıları müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən erməni silahlı dəstələrini çıxarmalıdır. Bu, onların vəzifə borcudur. Əgər bunu edə bilmirlərsə, rəsmi Bakıya məlumat verilməlidir.

PİA.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Zülfüqarov iyulun 13-də qanunsuz erməni birlikləri tərəfindən Şuşa istiqamətində Azərbaycan hərbçilərinin atəşə tutulmasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən Ordumuza qarşı atəç açılması halları intensivləşib:

“Mövcud proseslər ondan xəbər verir ki, erməni tərəfi bu və ya digər formada yenidən bir ”təmas xətti” yaratmaq niyyətindədir. Hansı ki, Azərbaycan tərəfinin cavab zərbələri sonrası onlar yenidən Qarabağda təhlükəsizliklərinin pozulduğu iddiaları ilə çıxış edəcəklər. Bu baxımdan məsələ çox ciddidir və hesab edirəm ki, Azərabaycan tərəfi həm Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi, həm də Rusiya sülhməramlıları ilə baş verən hadisəni ətraflı müzakirə etməli, aydınlaşdırmalıdır. Bu cinayəti törədən ermənilər mütləq məsuliyyətə cəlb edilməlidir.

Hesab edirəm ki, indiki mərhələdə rəsmi Bakı 10 noyabr bəyanatında nəzərdə tutulan şərtin icrasını tələb etməlidir. Yəni Ermənistana məxsus hərbi qulluqçular dərhal torpaqlarımızdan çıxarılmalıdır. Digər tərəfdən ermənilərin Qarabağda yaratdığı bütün qeyri-qanunu hərbi birləşmələr dərhal buraxılmalıdır.

Əgər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin qarşısı almasa, bu, gec-tez Azərbaycanda ciddi narazılığa səbəb olacaq. Sülhməramlılar öz vəzifələrini yerinə yetirməlidir.

İndiki halda rəsmi Bakı Rusiya sülhməramlılarından öz vəzifələrini düzgün şəkildə icra etməyi tələb etməlidir. Çünki Rusiya sülhməramlıları bizim dəvətimiz ilə bu əraziyə gəlib, qarşılarına konkret öhdəliklər qoyulub. Onların səlahiyyətləri də, səlahiyyət yerləri də açıq şəkildə bəllidir. Rəsmi Bakı mütləq şəkildə məsələ ilə bağlı narahatlığını bildirməlidir”.

T.Zülfüqarov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində Ordumuzuzun antiterror əməliyyatları keçirməsi ehtimalı barədə də danışıb:

“Təbii ki, bütün vasitələr tükəndiyi təqdirdə antiterror əməliyyatının keçirilməsi də aktualdır. Lakin bu, atılacaq ən son addımdır”.(Axar.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.