"Namaza az adam gəlsin”

16-07-2021, 19:41           
"Namaza az adam gəlsin”
Qurban bayramı ilə bağlı iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq. Şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. İyulun 18, 19, 20, 21- də ictimai nəqliyyat (metro da daxil olmaqla) işləməyəcək.
İyulun 17-si isə şənbə günü olmasına baxmayacaq işləyəcək, çünki şənbə günü ilə 1-ci günün iş yerləri dəyişib. Ümumiyyətlə, artıq bir ildir ki, şənbə və bazar günləri nəqliyyat işləmir, insanlar tələb olunan yerə taksi ilə gedib gəlməyə məcbur qalıb.

Bir çox özəl müəssisələr hələ də işçilərindən şənbə günləri işə gəlməyi tələb edirlər, nəticədə isə işini itirmək istəməyən insanlar əlavə pul xərcləməli olur. Bəs mübarizə metodu olaraq, “Şənbə-bazar qadağası” öz səmərəsini verirmi?

Sabiq millət vəkili, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə hesab edir ki, “Şənbə-bazar qadağası” yetərincə səmərə verib.

“Bu qadağa yoluxmanın qarşısını almağa imkan verdi. İnsanlarımız anlamır ki, bu qadağalar onlar üçündür. Hələ də küçədə öpüşüb-görüşənlərə rast gəlirik. Onlar anlamır ki, xəstəlik belə yayılır. Dövlət bu istiqamətdə yetərincə tədbir görüb, amma vətəndaşlarda da məsuliyyət olmalıdır”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, bayram namazına icazə verilməsi, amma ictimai nəqliyyatın işləməməsi normaldır: “Burda absurd heç nə görmürəm. Bu onun üçündür ki, namaza az adam gəlsin. Onda yoluxma riski də az olar. ”.

Vəkil Aslan İsmayılov da o fikirdədir ki, həftəsonları nəqliyyatın işləməməsi yoluxmaların yayılmasının qarşısını alacaq.

“Tələsmək olmaz. Qarşıdan yeni ştamm təhlükəsi var. Düşünürəm ki, bu tədbirin səmərəsi oldu. İnsanlar həftəsonu evdən az çıxsalar, xəstəliyin yayılması riski az olar. Biz məmurları nə qədər tənqid etsək də, müəyyən şeylər var ki, o məsələdə obyektiv düşünmək lazımdır”, - deyə hüquqşünas bildirib.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da o fikirdədir ki, ictimai nəqliyyatın işləməməsi insanların bayram namazına az sayda getməsinə xidmət edəcək.

“Ümumiyyətlə, dövlət bacardığını edir. Amma çox ciddi problemlər də var. Xüsusilə, səhiyyə sahəsində. Tənəffüs aparatlarının azlığı bir sıra ölümlərə səbəb oldu. Bu istiqamətdə ciddi addımlar atılmalıdır”, -deyə S.Cəlaloğlu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.