Zəngəzur dəhlizi... QAÇILMAZDIR! - GƏLİŞMƏ
4-11-2021, 10:32

Azərbaycanın ərəb ölkələri ilə tarixən çox yaxşı əlaqələri olub və bu gün də belədir. Bunlardan biri də Mərakeş Krallığıdır. Coğrafi baxımdan ölkələrimizi çox uzun məsafə ayırmasına baxmayaraq, Mərakeşlə əlaəqlərimiz sabit şəkildə inkişaf edir. Hətta 44 günlük Vətən müharibəsi dövründə, məsələn, Suriya və Livandan xoş olmayan davranış hiss etdiyimiz halda, Mərakeş Azərbaycanın haqlı mövqeyinə dəstək verdi. Amma nə yazıq ki, çoxlarının sabit və sakit gördüyü bu dost ölkənin özü də bir çox qarmaqarışıq problemlərə sürüklənmiş vəziyyətdədir. Ən başlıcası, Krallıq az qala yarım əsrdir Səhra problemi ilə üz-üzədir. Üstəlik, ölkənin şimalında – Aralıq dənizi sahillərində yerləşən strateji mövqeli Seuta və Melilla şəhərləri də müstəmləkə olaraq İspaniyanın nəzarətindədir. Mərakeş hökuməti və xalqı uzun illərdir bu torpaqları geri qaytarmağa səy göstərsə də, İspaniya güzəştə getməyə həvəsli görünmür.
Mərakeşdən olan beynəlxalq siyasət üzrə mütəxəssis, professor İssam Laaroussi Hafta.az-a müsahibəsində Mərakeşin Azərbaycanla əlaqələrinə, Ermənistanla Azərbaycan arasında yaşanan son hadisələrə, eləcə də öz ölkəsini məşğul edən Səhra, Seuta, Melilla problemlərinə toxundu. Gəlin müsahibəyə birlikdə nəzər salaq:
- Azərbaycan coğrafi cəhətdən Mərakeşdən çox uzaqdır, eyni qitədə deyillər və aralarında birbaşa sərhəd yoxdur. Bununla belə, ölkələrimizi birləşdirən İslam dini və Şərq mədəniyyəti kimi bir çox ortaq elementlər var. Mərakeş xalqı Azərbaycanı, xüsusilə Ermənistanla yaşadığı son müharibə zamanı mediada yayımlanan çoxsaylı yazılardan daha yaxşı tanıdı. Lakin təəssüflə bildirim ki, mərakeşlilər Azərbaycan haqqında hələ də dərin məlumatlara malik deyillər. Buna baxmayaraq, siyasi prizmadan yanaşdıqda Mərakeşin öz siyasi prioritetləri var. Mərakeş hökuməti hər zaman Azərbaycanın yanındadır və Qarabağda gedən hərbi əməliyyatlar zamanı da ölkənizlə həmrəylik nümayiş etdirdi.
- Azərbaycan bir il əvvəl öz torpaqlarını Ermənistan ordusunun işğalından təmizlədi. Bu gün isə həmin ərazilərdə tikinti-quruculuq işləri gedir. Bu məsələylə bağlı ölkənizin hökuməti nə düşünür, Azərbaycana dəstək verməlidirmi sizcə? Mərakeş dövlət və ya özəl sektor səviyyəsində işğaldan qurtarılmış ərazilərin bərpasında iştirak etməlidirmi?
- Mərakeş o qədər də böyük iqtisadi güc deyil, ağır məsuliyyətləri olan orta səviyyəli ölkədir. Xüsusilə son iki onillikdə Mərakeşin xarici siyasəti ərəb və Afrika ölkələrinin siyasi dairələrini narahat edirdi. Bundan əlavə, ölkəmizin Avropa İttifaqı ilə tərəfdaşlığa dair öhdəlikləri də mövcuddur. Məhz bu səbəblərdən Mərakeş Azərbaycanda azad edilmiş ərazilərinin tikinti-bərpa işlərində iştirak edə bilmir.
- Müharibənin başa çatması haqda imzalanan sazişə əsasən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında humanitar nəqliyyat dəhlizi açılmalıdır. Dediyim kimi, Ermənistan öz ərazisindən dəhlizin yaradılmasına icazə verdiyi halda, qonşu İran bunun əleyhinə çıxır. Beynəlxalq siyasət mütəxəssisi olaraq söyləyin, iki ölkə arasında razılaşma olduğu halda üçüncü dövlətin bu prosesi dayandırmaq istəməsi mümkündürmü? Həm də zorakılıq dili ilə...
- Təsbit olunmuş beynəlxalq hüquqa görə, sərhədləri və sizin qeyd etdiyiniz hgumanitar dəhlizləri tənzimləyən ikitərəfli müqavilələr, beynəlxalq qaydalara və münasibətlərə uyğun gəlməyən hallar istisna olmaqla, tam qanunidir. Bu faktı əsas götürərək, İran razılaşmaya hörmət etməlidir və onun bu işə müdaxilə etməyə haqqı yoxdur. Sərhəd probleminin tərkib hissəsi olmayan üçüncü tərəf Azərbaycanla Ermənistan arasında dəhlizlərin yaradılması prosesinə qatıla və ya qadağa qoya bilməz. Yəni hər iki ölkə İranın maraqlarına toxunmamaq şərtilə humanitar məqsədlər üçün dəhlizlər yarada bilər.
- Sizin də ölkəniz bəzi tarixi, həm də strateji ərazilərini itirib. Mərakeşin Aralıq dənizi sahillərində yerləşən bəzi torpaqları - Seuta və Melilla şəhərləri bu gün İspaniyanın nəzarətindədir, hansı ki, bu yerlər müstəmləkəçilik dövründə ispanlar tərəfindən ələ keçirilib. Bəs müasir dünyada belə mübahisəli ərazilərin əsl sahiblərinə qaytarılması mümkün deyilmi, bunu necə etmək olar? Məsələn, Azərbaycan 30 ildən sonra hərb yolunu seçərək torpaqlarını geri qaytardı, Argentina Malvin adalarını geri almaq üçün döyüşdü, amma uduzdu, vaxtilə iki yerə bölünmüş Yəmən, Almaniya birləşdi, Honkonq Çinə qayıtdı və sair. Seuta və Melilla nə vaxt qayıdacaq Mərakeşə?
- Mərakeşin İspaniya tərəfindən qəsb olunmuş Seuta və Melilla şəhərləri məsələsi yalnız işğal problemi deyil, bu, beynəlxalq və regional çevrədə çox böyük narahatlıqlar yaradır. Həm Mərakeş, həm də İspaniya öz aralarında mövcud olan tarixi əlaqələrini qırmaq istəmirlər, çünki onları çox sayda ortaq maraqlar birləşdirir. Bu səbəbdən də, hərbi mübarizə üsulu problemi həll etmək üçün mükəmməl seçim deyil. Hələ Kral II Həsənin hakimiyyəti dövründə işğal edilmiş Mərakeş şəhərlərinin gələcəyi haqda əsaslı araşdırmalar aparmaq üçün xüsusi qrupların yaradılması təklif edildi. Hətta deyərdim ki, bu dövrdə İspaniyanın Mərakeşlə əlaqələrini düzəltməsi üçün şanslar verildi. Amma müsbət nəticəsi olmadı. Hazırda Mərakeşdə immiqrasiya siyasəti də dəyişdirilib - ölkə vətəndaşlarına İspaniyaya və ya adıçəkilən şəhərlərə səfər etmək yasaqlanıb. Bu isə turizm ölkəsi olan İspaniyanın iqtisadiyyatına olduqca böyük zərbədir. Hesab edirəm ki, Seuta və Melilla şəhərlərinin Mərakeş ərazisi kimi tanınması barədə razılaşmanın imzalanması bütün xoşagəlməzliklərə son qoya bilər.
- Mərakeşin Səhra problemi də var. Sovetdənqalma kitablarda Səhra müstəqillik uğrunda mübarizə aparan ərazi kimi tanıdılır. Amma reallıq budur ki, həmin ərazinin önəmli hissəsi Mərakeşə birləşdirilib. Lütfən bu mövzuda bizə elmi əsaslandırılan məlumat verin: Səhra müstəqil dövlət olmalıdır, yoxsa Mərakeşə birləşməlidir?
- Mərakeş Səhrası “soyuq müharibə” dövründə alovlandırılan məsələdir. Həmin ərazi Mərakeş tərəfindən idarə olunur. Tarixi prizmadan baxdıqda, Mərakeş və Səhra əhalisi hər zaman tarixi və faktiki əlaqələrə malik olub. Lakin 1976-cı ildən bəri Əlcəzairin dəstəklədiyi “Polisario” (Xalq Azadlıq Cəbhəsi – V.T.), bu ərazilərdə Səhra xalqının müstəqil dövlətinin qurulduğunu bildirərək Mərakeşə qarşı müharibəyə başladı. Əslində, 1989-cu ildə “Polisario” ilə Mərakeş arasında toqquşmaların dayandırılmasına dair atəşkəs elan olundu və bundan sonra Birləşmiş Millətlər Təşkilatı düzgün və konstruktiv həll yolu axtarmaq üçün tərəfləri sülh danışıqlarına dəvət etdi. Hazırda məsələ olduqca mürəkkəbdir. Bu isə beynəlxalq oyunun qaydalarını dəyişdirən və regionda hər cür dəyişiklikdən qaçan ittifaqlarla bağlıdır.
- Əlcəzairdən söz düşmüşkən, bu məsələdə mövqeyi məlumdur – Səhranı azad dövlət görmək istəyir və bu səbəbdən də “Polisario”nu dəstəkləyir. Hətta buna görə iki ərəb mənşəli qardaş dövlət olan Mərakeşlə Əlcəzair düşmənə çevriliblər. Niyə iki qardaş dövlət arasında ortaq dil tapılmır, bu düşmənçilik nə qədər davam dəcək?
- Əlcəzair Qərbi Səhra dövlətinin öz müqəddəratını təyinetmə haqqı olduğunu deyir və onları dəstəkləyir. Əslində Əlcəzairin siyasi dairələri Səhra qaçqınlarını öz ərazilərində qurduğu düşərgələrdə yerləşdirir və himayə edir. Bu qeyri-real retorik münasibət birmənalı şəkildə Mərakeşin əleyhinədir. Əlcəzair tərəfi Mərakeşi özünə sözsüz düşmən hesab edir. Təəssüf ki, Əlcəzair heç bir səbəb olmadan, mütəmadi şəkildə Mərakeşin əleyhinə siyasət yürüdür, nəhayət, iqtisadi və hərbi təzyiq üsullarından yararlanaraq ölkəmizlə diplomatik əlaqələri kəsmək qərarına gəlib. Amma qeyd edim ki, hazırkı beynəlxalq dəyişikliklər Mərakeşin xeyrinədir. ABŞ-ın Səhra ərazisini Mərakeşin suverin torpaqları olaraq tanıması, eləcə də Afrika və Amerika ölkələrinin çoxunun mifik Səhra xalq Demokratik Respublikasını – RASD-ı tanımamaq qərarı Əlcəzairi bu məsələdə böyük uğursuzluqla üz-üzə qoyub.
- Olmazmı ki, Ərəb ölkələri, yaxud İslam Əməkdaşlıq Təşkilatı, ya da elə Şimali Afrika ölkələri çərçivəsində, “Polisario”nun da iştirakı ilə siyasi konfrans keçirib Səhra məsələsi barədə ümumi qərar qəbul edəsiniz və bu məsələ buradaca bitə? Əslində şəxsən mən də arzu edərdim ki, Ərəb - İslam dünyası xırda subyektlərə bölünüb supergüclərin əlində oyuncağa çevrilməkdənsə, birləşib daha güclü iqtisadiyyat qursunlar...
- Demək olar ki, əksər regional təşkilatlar Mərakeş Səhrası ilə bağlı müzakirələrdə iştirak etmək istəmirlər. Yalnız millətləri birləşdirən təşkilat, məsələn, BMT Səhra məsələsinə müdaxilə etmək və onu yoluna qoymaq qabiliyyətinə malikdir. Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına gəldikdə, fikir və mövqe müxtəlifliyi üzündən bu təşkilatlar Səhra ixtilafına müdaxilə etməyi dayandırıb.
- Heç kimə sirr deyil ki, dünyada istənilən məsələnin təşviqində əsas rolu media oynayır. Maraqlıdır, niyə Mərakeş hökuməti Səhra, yaxud da Seuta və Melilla məsələlərini daha real və geniş işıqlandırmaq üçün xarici jurnalistləri ölkəyə dəvət etmir, yəni presturlar təşkil etmir? Şəxsən mən əksəriyyətdən fərqli olaraq dəniz sahillərində dincəlməkdənsə, “Polisario”nun iddia etdiyi qızmar və qumlu bölgələrdə, eləcə də Seuta və Melillaya yaxın çevrələrdə olmaq, reportajlar hazırlamaq, reallığı Azərbaycan xalqına çatdırmaq istərdim...
- Tamamilə razıyam, beynəlxalq media bu məsələlərdə çox böyük rol oynaya bilər. Məsələn, Səhra, eləcə də işğal altındakı Seuta və Melilla kimi şəhərlər haqqında keçirilən konfransları işıqlandırmaq və müstəqil olaraq yerindəcə araşdırma aparmaq üçün xarici jurnalistləri dəvət etmək əla ideyadır. Hesab edirəm ki, Mərakeş hökumətinin nöqsanlarından biri də məhz bu məsələdə beynəlxalq medianın imkanlarından yararlanmamasıdır.