Aftandil Hacıyev: “Meydanda ədalətli hakimliyə inam itir”
5-11-2021, 12:44

Cari mövsümdə cəmi 3 qələbəsi olan "Səbail” ötən tur Sumqayıtın eyniadlı təmsilçisinə məğlub oldu. Son vaxtlar həm maliyyə problemləri, həm də futbolçu qıtlığı ilə üz-üzə qalan paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev qarşılaşmadan sonra hakimlərdən də narazılıq etdi.
Hazırda komandanın durumu, qarşıdan gələn "Qəbələ” ilə matçla bağlı hansı addımlar atmağı düşündükləri haqda baş məşqçi Qaynarinfo-ya danışıb:
"İtkilərimiz hər oyun olur. Bu oyuna da itkilərlə hazırlaşırıq. Ardıcıl iki heyətlə stabil oynamaq çətin olur. Hər dəfə meydana optimal heyətlə çıxa bilmirik. Bir dəfə belə oynayanda, iki-üç oyun zədəli olurlar. Həm də ən böyük amillərdən biri meydançalarla bağlıdır. Futbolçular üçün çox çətin olur. Yenə də hazırlaşırıq, futbolçuları pozitiv əhval-ruhiyyə ilə oyuna kökləmək istəyirik. Əhval-ruhiyyə normaldır. Qarşımıza mübarizə aparmaq məqsədi qoyulub. Biz də çalışırıq ki, mübarizə aparaq. Hər dəfə istədiyimiz nəticələr olmasa da, oyun baxımından heç kimdən geri qalmırıq”.
Aftandil bəy komandanın toparlana bilməməsi, cari mövsümdə cəmi 3 qələbə qazanmaları, nəticələrə təsir edən amillərdən də söz açıb:
"Deməzdim ki, hər şey pis gedir. 3 qələbə, belə baxanda, bizim üçün yaxşıdır. Sadəcə, bəzi oyunlarda istədiyimiz heyətlə meydana çıxa bilmirik. Hansı ki, həmin görüşlərdə xal qazanmaq şanslarımız olur. Hər dəfə heyət dəyişəndə, sistemi də dəyişməli oluruq. Bütün mövqelərdə eyni rəqabət yoxdur. Belə olan halda stabil nəticədən danışmaq yersizdir. Ümumilikdə futbolçulardan razıyıq. Çıxışımızdan narazı deyilik. Sadəcə, bəzi oyunlara istədiyimiz səviyyədə hazırlaşmaq üçün ehtiyat qüvvəmiz olmalıdır. Ehtiyat qüvvə çox önəmlidir. Məsələn, "Qarabağ”la oyundan 6 gün sonra "Sumqayıt”la qarşılaşdıq. "Sumqayıt” isə bizə qarşı 8 gün sonra oynayırdı. Dəyişiklik etmək istəyirik, amma baxırsan ki, ehtiyat qüvvə lazımi səviyyədə deyil. Məsələn, Ədilxan Qarəhmədov olmayanda, limitə uyğun hansı futbolçunu meydana buraxmaqla bağlı çətinlik yaranır. Heyətdə futbolçu qıtlığı var. 5 nəfər zədəlidir. Təsəvvür edin ki, zədəlilər iki oyun keçirməyəndə, onların bərpası, meydana qayıtması 2-3 turdan sonra mümkün olur”.
"Sumqayıt”la oyundan sonra rəhbərliklə görüşmüsünüzmü” sualına Hacıyev belə cavab verib:
"Onsuz da hər həftə rəhbərliklə görüşümüz olur. Daim ünsiyyətdəyik. Onlar əllərindən gələni etməyə çalışırlar. Burda söhbət rəhbərlikdən getmir. İstədiyimiz rəqabətin olmaması bizə problem yaradır. Ehtiyat qüvvəmiz kasaddır. İmkanlarımıza görə transferlər etmişik. Bilirsiniz ki, rəqiblərlə müqayisədə geniş imkanlara sahib deyilik. Amma imkanlarımız daxilində heyətə cəlb etdiyimiz futbolçuların normal olduğunu düşünürəm. Daha pis ola bilərdi. Hazırda qış fasiləsinə qədər çıxışımızı yaxşılaşdırmaq istəyirik. Rəhbərliklə danışacağıq, bəlkə də qışda yeni transferlər həyata keçirib rəqabət yaratmağa ehtiyac olacaq. İstərdik ki, hər mövqeyə oyunçu alaq. Amma bilmirəm necə olacaq”.
"Maliyyə problemlərinin fasiləyə qədər yoluna qoyulacağı gözlənilirmi?” sualını isə mütəxəssis belə cavablandırıb:
"Burada söhbət təkcə gecikmədən getmir. Bir qədər aşağı məvacibli futbolçular üçün dolanışıq həmişə çətin olur. Rəhbərlik də çalışır ki, maaşlar vaxtında verilsin. Çətinlik davam etsə, biz də kasad heyətlə oynamağa məcburuq. Heyəti gücləndirməyə ehtiyac var. Biz bunu birbaşa hiss edirik. "Qarabağ”la oyunda meydana istədiyimiz heyətlə çıxdıq. Ondan sonra "Sumqayıt”la oyunda 4-5 nəfər çıxış etmədi. Yenə də həmin oyunçulardan yararlana bilməyəcəyik. Onları əvəzləyəcək futbolçular isə Birinci Diviziondan dəvət olunub və bu gün Premyer Liqada oynamağa hazır deyillər. Bəzi oyunlarda rotasiyaya ehtiyac yaranır. Ya da zədəliləri əvəz edə biləcək layiqli ehtiyat qüvvən olmalıdır. Bu baxımdan problem yaşayırıq”.
"Sumqayıt”a məğlubiyyətdən sonra Aftandil bəy hakim idarəçiliyindən ciddi narazılıq etmişdi. Maraqlıdır, o, səhvlərin qərəzli olduğunu düşünürmü:
"Bizim oyunlarda ardıcıl səhvlər olur. Son oyunda isə əsəblər tarıma çəkildi. Fikrimdə qalıram, həmin matçda nəticəyə təsir edən ciddi səhvlər oldu. Hətta Rayselin epizodunda cərimə zərbəsi vardı. Futbolçuları o dərəcəyə gətirib çıxarmaq lazım deyil ki, bir-birilərinə söyüş söysünlər. "Səbail”ə qarşı səhvlər daha çoxdur. İstəmirəm kimisə qərəzli idarəçilikdə günahlandırım. Amma oyunlarımızı təhlil edəndə görürük ki, bizə qarşı ciddi, nəticəyə təsir edən səhvlərə yol verilir. Əvvəlki oyunlarda susmuşuq. Sivil qaydada Hakimlər Komitəsinə e-mail ünvanlamışıq, videogörüntülər yollamışıq ki, bəlkə diqqətli olalar. Baxırıq ki, dəyişən heç nə yoxdur. İndən belə bilmirəm necə olacaq. Bu, hakimlərin gənc olmasından da irəli gələ bilər. İstənilən halda əziyyət çəkən "Səbail”dir. Bir qədər inam da azalır. Futbolçular istər-istəməz düşünür ki, bu matçda da hakimlər səhv edəcəklər. Psixoloji baxımdan meydanda ədalətli hakimliyə inam itir”.
Hacıyev "Qəbələ” ilə oyuna hazırlıq və rəqibin analizi haqda bunları deyib:
"Qəbələ” haqda yalnız xoş sözlər söyləmək olar. İlk dövrədə ən yaxşı formada olan komandalardan idi. Düşünürəm ki, bu dəfə də oyunlarında dəyişiklik baş verməyəcək. Heyətində kifayət qədər keyfiyyətli futbolçular var. Bizim üçün də vacib oyundur. Əlimizdə olan "material”la ortaya maksimum oyun qoya bilərik. Bu necə alınacaq bilmirəm. "Qəbələ” də Bakıya məğlub durumda gələcək. Daha istəkli olacaqlar. Hesabı əvvəlcədən söyləmək çətindir. Amma hər birimizi maraqlı oyun gözləyir”.
O, ötən oyundan sonra AFFA-ya müraciət etmədiklərini də bildirib:
"Qarabağ”la oyunda Yurgen Qoxaya göstərilən sarı vərəqəyə etirazımızı bildirmişdik. Bu onun 4-cü sarı vərəqəsi idi. Həqiqətən də gülməli "sarı” idi. Qoxa həmin vərəqəyə görə "Sumqayıt”la oyunu buraxdı. Müraciətimiz cavabsız qaldı. Son oyunla bağlı müraciət etmədik. Hazırda İntizam Komitəsinin qərarını gözləyirik. Addımlarımızı bundan sonra atacağıq”.