ÇAĞIRIŞ: Manatın məzənnəsi sabit saxlanılmalıdır! - Əks halda...

12-11-2021, 09:52           
ÇAĞIRIŞ: Manatın məzənnəsi sabit saxlanılmalıdır! - Əks halda...
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov hafta.az-a müsahibəsində ölkədəki mövcud iqtisadi-sosial durumu xarakterizə edib. 2020-ci ildən bəri ərzaq və digər malların xeyli bahalaşması, suyun və enerjidaşıyıcılarının, qazın, elektrikin qiymətindəki artım, eləcə də bir sıra dövlət rüsumlarında gözlənilən artımlar və s. ilə bağlı mülahizələrini bölüşüb, manatın devalvasiyası barədə proqnozlarını səsləndirib.

- Azərbaycandakı hazırkı iqtisadi-sosial durumu necə xarakterizə edərdiniz?

- Bütövlükdə ölkə iqtisadiyyatına çoxyüklü xarici təsirlər mövcuddur. İlk növbədə, dünya iqtisadiyyatındakı böhran və ayrıca inflyasiyanın kəskin şəkildə artması Azərbaycan iqtisadiyyatına inflyasiyanın praktiki olaraq idxal olunmasını şərtləndirir. Biz görürük ki, ölkə əhalisi günbəgün bu qiymət artımı ilə üz-üzə qalır. Eyni zamanda əgər büdcə göstəricilərinin icrasına baxsaq, onlar icra olunur. Ölkə iqtisadiyyatı bütövlükdə idarə olunan formada inkişaf edir. Həmçinin sosial layihələr reallaşdırılır. Əməkhaqqılarının ödənilməsi, sösial ödənişlərlə bağlı hansısa bir ciddi ləngimələr yoxdur. Yəni ümumən iqtisadiyyatda sabitlik qorunur. Qeyd etmək lazımdır ki, bir tərəfdən, xarici iqtisadi təsirlər çox güclüdür. Digər tərəfdən, gündən-günə mürəkkəbləşən iqtisadi çağırışlar kontekstində Azərbaycanda mütərəqqi idarəetmə qərarlarının qəbul edilməsinə böyük ehtiyac var. Bir sıra istiqamətlər üzrə, deyərdim ki, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tələb olunur...



İdxaldan asılılıq

-İlin əvvəlindən bəri Azərbaycanda ərzaq və digər mallar xeyli bahalaşıb, xüsusən suyun və enerji daşıyıcılarının, qazın, elektrikin qiyməti, az da olsa, artırılandan və maaş və pensiyaların artacağı haqda xəbər yayılandan sonra qiymətlərdə tədrici, qəpik-qəpik bahalaşma daha da intensivləşib. Bu artımlar yalnız hansısa real xarici təsirlərdən və daxildəki gerçək iqtisadi zərurətdən yaranıb, yoxsa subyektiv amillərin rolu da var?

- Azərbaycandakı iqtisadi proseslərə, o cümlədən qiymət artımına xarici iqtisadi təsirlər danılmazdır. Bunu etiraf etmək lazımdır. O da var ki, biz inflyasiyanı idxal edirik. Faktiki olaraq idxaldan asılılıq çox yüksək səviyyədədir. İstehlak bazarında bu idxaldan asılılığın yüksək olması bizi kəskin çağırışlarla üz-üzə qoyur. Digər tərəfdən, idxaldan asılılığın yüksək olması iqtisadi siyasətdəki problemlərlə bağlıdır...

Azərbaycan kifayət qədər həm təbii, həm əmək resurslarına, həm də potensial kapitalın, o cümlədən sənaye kapitalının inkişafı imkanlarına malik olan bir ölkədir. Ölkə əhalisinin məşğulluğunun artımı nöqteyi-nəzərindən, sosial vəziyyətin yaxşılaşdırılması baxımından, həm də yerli istehsalın formalaşması üçün kifayət qədər böyük potensial var. Əgər biz idxaldan asılılığımızı effektiv şəkildə həyata keçirə bilsək, bununla ölkəyə inflyasıyanın idxalının qarşısının xeyli dərəcədə ala bilərik...

Təəssüflər olsun ki, beynəlxalq qurumların tövsiyələri ilə Mərkəzi Bank və hökumətin iqtisadi bloku son qəbul etdiyi qərarlarla, hesab edirəm ki, bir sıra problemlərin daha da dərinləşməsinə şərait yaradır. Məsələn, Mərkəzi Bank pul-kredit siyasətini bir qədər də sərtləşdirib, uçot dərəcəsini artırıb. Bunu da başa düşdüyümüz qədər onunla əsaslandırır ki, biz inflyasiya ilə mübarizə aparırıq. Halbuki, inflyasiyanı Azərbaycana xaricdən gətiririk. Biz burada - Bakıda daxili bazar üçün uçot dərəcəsini artırmaqla inflyasiya ilə necə mübarizə apara biləcəyik? Məgər bizdə, əhalidə, iqtisadiyyatda artıq pul kütləsi var ki, siz pul kütləsini sıxmaqla, azaltmaqla inflyasiya ilə mübarizə aparırsınız? Yəni bu gün qeyri-adekvat qərarların qəbul olunmasını, sözsüz ki, dəstəkləmirəm. Hesab edirəm ki, eyni zamanda ölkədə investisiyaların kəskin şəkildə artımına ehtiyac var. Bank sektoru burada öz rolunu oynamalıdır. İqtisadiyyat investisiyaların vasitəsilə inkişaf etməlidir. Dünya iqtisadiyyatında, iqtisad elmində bunun üçün başqa bir düstur yoxdur. Sizin ümumi iqtisadiyyatınızda investisiya azalırsa, iqtisadiyyatda hansı artıma nail ola bilərsiz?

Bir sözlə, hesab edirəm, iqtisadi sahədə kəskin şəkildə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasına ehtiyac var. Bir tərəfdən, yerli istehsal inkişaf etməlidir. Bunun üçün investisiyalar artırılmalıdır. Digər tərəfdən, təbii inhisarlar dondurulmalıdır. Suyun, qazın, elektrik enerjisinin qiymətlərinin artımı məsələsi ən azı 3 illik dondurulmalıdır. 3 il təbii inhisarlar sabit şəkildə işləməlidir. Bununla biz ölkə iqtisadiyyatına investisiyaların axınına şərait yarada bilərik. Təsəvvür edin, əgər bir iş adamı sərmayə qoymaq istədiyi hər hansı bir ölkədə üç aydan sonra tariflərin hansı səviyyədə olacağını bilmirsə, oraya investisiya yatırarmı? Bu, reallıqdır. Ona görə də hesab edirəm ki, valyuta məzənnəsi necə sabit saxlanılırsa, tariflər də sabit saxlanılmalıdır. Eyni zamanda ölkədə investisiyaların həcmi kəskin şəkildə artırılaraq birbaşa investisiyaların ümumi daxili məhsula nisbəti, heç olmasa, 30 faizə çatdırılmalıdır. Əgər Azərbaycan hökuməti, Mərkəzi Bank bu hədəfləri reallaşdırsa, düşünürəm ki, dövlət başçımız tərəfindən hökumət qarşısında, bank sektoru qarşısında qoyulan problemlər xeyli dərəcədə həllini tapar...

Rüsumların artırılması

- Son günlər bir sıra dövlət rüsumlarında da artım olacağı haqda xəbərlər yayıldı. Xaricdən gətirilən mobil telefonlara ödənilməli rüsumlar, eləcə də daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi və s. üçün tutulan dövlət rüsumlarının məbləğinin artırılacağı gözlənilir. Məsələ bu günlərdə parlamentdə müzakirə olundu. Bunu necə şərh edərdiniz?

- Bəzi dövlət rəsmilərinin mediada belə bir tezislərinə rast gəldim ki, guya bir sıra dövlət rüsumlarının artırılması büdcəyə 100 milyon manatdan artıq vəsaitin daxil olmasına şərait yaradacaq. Bu gün Azərbaycan nefti dünya neft bazarında təqribən 90 dollara yaxın qiymətə satılır. Eyni zamanda, çox güman ki, neftin qiyməti bizim büdcədə hələ 2022-ci ildə də 40-45 dollardan müəyyən ediləcək. İndi sual olunur, son aylarda neftin qiymətində yaranan fərq artıqlamasıyla imkan vermirdimi ki, biz nə rüsumları artıraq, nə qazın, nə suyun, nə də elektrik enerjisinin qiymətini qaldıraq. Yəni bilirsiz, bütün bunlar iqtisadi cəhətdən rahat şəkildə əsaslandırıla bilər. Ona görə də hesab edirəm ki, rüsum artımıyla, tarif artımıyla iqtisadi inkişafa nail olmaq çox çətin məsələdir. Bu, hökumətin ən son variantı olmalıdır. Əgər rüsum, yaxud tarif artımı üçün hansısa dövlət qurumu Tarif Şurasına müraciət edirsə, demək, həmin qurum hazırkı Azərbaycan iqtisadiyyatının imkanlarını nəzərə almır. Ona görə də hesab edirəm, mütləq şəkildə iqtisadi siyasətdə investisiya, innovasiya tutumlu iqtisadi inkişafa yönəlik bir qərar qəbul etməliyik, strateji planlşadırmaya söykənən iqtisadi idarəetmə modeli tətbiq etməliyik. Və bizim illik 5-7-8 faizlik iqtisadi artıma nail olmamız üçün Azərbaycan iqtisadiyytaında tam şəkildə potensial imkanlar mövcuddur...

Manatın məzənnəsi

- Manatın növbəti devalvasiyaya uğrayacağı haqda qeyri-rəsmi informasiyalara münasibətiniz necədir?

- Hesab edirəm ki, manatın devalvasiyası üçün heç bir əsaslı, fundamental səbəb yoxdur. Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur. Fikrimcə, ölkədə üzən məzənnə yoxdur və yaxşı ki, yoxdur. Üzən məzənnənin tətbiqi çox ciddi problemlərə səbəb ola bilər. Mərkəzi Bankın bu istiqamətdəki fəaliyyətini dəstəkləyirəm. Azərbaycanda manatın məzənnəsi sabit saxlanılmalıdır. Tətbiq olunan valyuta məhdudiyyətləri bir qədər də genişləndirilməlidir ki, Azərbaycandan irihəcmli valyuta axınının qarşısı alınsın və manat sabit saxlanılsın. Bunun müəyyən mənfi nəticələri də var. O nəticələr xeyli dərəcədə onunla izah olunur ki, bizim qeyri-neft sektoru üzrə əsas xarici ticarət tərəfdaşlarımız Rusiya, Türkiyə, İran və Gürcüstanda valyutalar devalvasiyaya uğradı, amma biz tərəziyə qoymalıyıq. Yəni valyutamızın sabitliyi bizə hazrkı iqtisadi şəraitdə dəfələrlə daha çox vacibdir, nəinki bizim əsas ticarət tərəfdaşlarımızdakı devalvasiyalar. Əgər valyuta məzənnəsi sabit olmasa, bütün investisiya prosesi, ölkə iqtisadiyyatında artımla, iqtisadi inkişafla, sosial siyasətlə bağlı olan çağırışlar və onların adekvat cavablandırılması, bütün bu məsələlər çox ciddi risk altına qoyulacaq. Ona görə manatın məzənnəsi sabit şəkildə saxlanılmalıdır. Ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutanı xeyli dərəcədə üstələyir. Belə olan halda, eyni zamanda Azərbaycanın 50 milyarda yaxın suveren qızıl valyuta ehtiyatları olduğu halda manatın məzənnəsinin dəyişməsinə, devalvasiyaya getmək, hesab edirəm ki, absurddur və buna heç bir halda yol vermək olmaz...

Korrupsiya ilə mübarizə

- Bildiyiniz kimi, artıq 10 ildən çoxdur, yəni 2011-ci ilin əvvəlindən bəri ölkə başçısı Azərbaycanda korrupsiyaya qarşı rəsmən mübarizə elan edib. Sizcə, hazırda korrupsiyanın, kölgə iqtisadiyyatının Azərbaycandakı iqtisadi və maliyyə proseslərinə təsiri nə qədərdir?

- Öncə onu deyim ki, doğrudan da korrupsiya ilə mübarizə nöqteyi-nəzərindən müsbət trendlər mövcuddur. Eyni zamanda hesab edirəm ki, bütövlükdə ölkə iqtisadiyyatının ağardılması istiqamətində çox işlər aparmalıyıq. Həmçinin qanunvericiliyə vacib dəyişilkliklər edilməlidir. Ölkədən kapitalın qaçışının, faktiki olaraq iqtisadiyyatın sütununa zərbə vuran kapital çıxarışının qarşısı mütləq şəkildə alınmalıdır. Bu, ən böyük problemlərdən biridir. Təəssüflər olsun ki, müxtəlif beynəlxalq müstəvilərdə hansısa azərbaycanlı oliqarxların hansısa xarici ölkələrdəki hesabları, yaxtalarıyla bağlı məsələlər qaldırılır. Bu işlər mütləq araşdırılmalıdır və korrupsiya ilə mübarizə, sözsüz ki, 300-500-1000 manatlıq məsələlər ətrafında deyil, daha çox milyonlar ətrafında qurulmalıdır. Ona görə ki, bu gün Azərbaycanda ölkənin sərvətləri, gəlirləri hesabına xeyli dərəcədə zənginləşən oliqarx məmurlar iqtisadiyyatımıza ciddi zərbələr vururlar. Bu, artıq vicdansızlıqdır ki, bu dövlətin, bu xalqın hesabına qazandıqları vəsaitləri belə, heç olmasa, investisiya şəklində öz ölkələrinə, yəni Azərbaycana yatırmırlar. Əksinə, ölkədən çıxarıb hansısa başqa bir ölkənin iqtisadiyyatına yatırırlar. Bunu mən cinayət kimi dəyərləndirirəm və hesab edirəm ki, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliklər edilməlidir. Və bu kimi hallarla effektiv mübarizə aparılmalıdır. Təsəvvür edin ki, bu milyardlarla vəsait Azərbaycan iqtisadiyyatında dövriyyə etsəydi, bizim bu gün ümumdaxili məhsulumuz bəlkə də iki dəfə indikindən çox olardı...

Yeni iqtisadi idarəetmə modeli

- Elşad müəllim, Böyük Qayıdışın perspektivlərini necə dəyərləndirirsiniz? Belə bir durumda buna tezliklə nail ola biləcəyikmi?

- Açığı, işğaldan azad olunmuş ərazilərin bərpasıyla bağlı ümidlərim dövlət başçısı tərəfindən nümayiş etdirilən siyasi iradəyədir. Yeri gəlmişkən, Prezident özü də çıxışlarında qeyd edib ki, Azərbaycanda yeni iqtisadi idarəetmə modelinə ehtiyac var. Və mən çox inanıram ki, necə ki, dövlət başçısı xarici siyasətdə və torpaqlarımızın azad olunmasında bu cür nailiyyətlərə imza atdı, ölkədə yeni iqtisadi idarəetmə modeli də reallaşdırılacaq. Yalnız o halda biz işğaldan azad torpaqlarımızda rəqabət qabiliyyətli, yüksək texnoloji tutumlu iqtisadi sistem qura bilərik. Sözsüz ki, bu iqtisadi sistem yalnız o əraziləri əhatə etməyəcək, bütövlükdə ölkədə tətbiq ediləcək. Bununla Azərbaycanın dünya iqtisadiyyatında xammal ölkəsi kimi deyil, çox yüksək texnoloji tutumlu istehsalı reallaşdıra biləcək və ixrac edə biləcək ölkə kimi mövqeləşməsini təmin edə biləcəyik...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.