“Elza Seyidcahana dedim ki, halal pulla qazanıb ev almaq olmur, aramızda dava-qırğın düşdü...”

12-11-2021, 09:43           
“Elza Seyidcahana dedim ki, halal pulla qazanıb ev almaq olmur, aramızda dava-qırğın düşdü...”
“Sənətin arxasınca qaça-qaça yerimdə saydım. Bir lətifə var, şəkiliyə deyirlər ki, hara oturmusan, qatar gedir? O da deyir ki, hara gedəsidir ki? Bilet mənim əlimdədir. Onun sözü olmasın, camaatın qatarı haralardadır, mənim bilet əlimdə sənət axtara-axtara qalmışam. İndiki zövqlə, ifalarla hansı sənətdən danışmaq olar?! Nəyi ifa etsəm, nəyə müraciət etsəm yenə də hər zamankı kimi istəyəcəm ki, hər şey səviyyəli olsun. Mən deyə bilmərəm ki, bu gündən sonra adım haradasa olacaq ya olmayacaq, yaxud mən öləndən sonra oxuduqlarıma kimsə qulaq asacaq ya asmayacaq. Kimsə birdən qulaq asmaq istəsə qoy normal ifaya qulaq assın. Bu mənim həyat devizimdir”

Bunu Moderator.az-a açıqlamasında müğənni Şəhla Həmidova deyib. O daha sonra əlavə edib.

“İndi oxunan mahnıların bir çoxu bazar söhbətləridir, elə bil tində durub, təsbeh çevirib, mahnı oxuyurlar. Bilmirəm buna nə ad qoyum?! Çox ürək bulandırıcıdır! Bir şeyə hər zaman heyfslənirəm ki, bu cılız musiqiyə qulaq asanlar danışanda deyirlər ki, ermənilər filan mahnımızı oğurladılar. Deyirəm ki, bəs niyə sizin üç badam, bir qoz mahnılarınızı oğurlamırlar?! Onlar bilirlər nəyi oğurlamaq lazımdır! Yaxşı musiqi heç vaxt itmir, geci-tezi var. Bəzən şəhərdə piyada gəzirəm, avtomobillərdə yüksək səslə qulaq asılan mahnıları eşidəndə tüklərim biz durur. Öz dövrümlə indiki dövrün musiqilərini müqayisə edirəm, müqayisəyə belə gəlmirlər. Zövqsüz musiqiyə qulaq asanda insanlarda bir az da geriləşmə, cılızlaşma gedir. Yaxşı ki, oğlum indiki oxunan mahnıları və müğənniləri tanımır, buna görə sevinirəm, yaxşı ki, onlardan uzaqdır. Qoy elə uzaq da olsun” deyə müğənni bildirib.

Şəhla Həmidova daha sonra dediklərinə əlavə edib.

“Sevgililərimlə gündəmə gəlib, açıq-saçıq geyinənlərdən olmamışam. Ona görə yox ki, kimsə mənim haqqımda mənfi söz danışar. Xeyr, sadəcə olaraq içimdən belə gəlib. Kiməsə göstəriş sərgiləməmişəm. Təxmini 2 ildir ki, pandemiyadır, evdə oturmuşuq, çox təəssüflənirəm ki, insanlar bu 2 ildə çox şey başa düşmədilər. Yenə də düşdülər dəbdəbələrinin, arxasınca. Ancaq onu fikirləşirlər ki, filankəsdə 5 dənədirsə, məndə 10 dənə olsun. Kimlərinsə hesabına dırnaqarası “tər tökürlər”, efirdə çıxıb elə danışırlar ki, sanki adama namus dərsi keçirlər. Min cür yollarla pul qazanıb, efirdə çıxıb yekə-yekə danışmaqla deyil. Hər insan yatanda, başını yastığa qoyanda özünə hesabat verir. Bəlkə biri sizdən nümunə götürmək üçün efirə baxır?! Niyə o qaranlıq həyatınızı təbliğ edirsiniz? Düz yolu getdiyimə görə qarşıma səddlər çox çəkilib, torbam 5 yerdən tikilib. Amma buna görə heç peşman deyiləm. Kirayə evimdə yaşayıram, amma vicdanım rahat yatıb-dururam” deyə müğənni Şəhla Həmidova deyib.

Müğənni həmkarı Elza Seyidcahanla aralarında qalmaqal yaşandığını da bildirib.

“Mənə dedi ki, niyə özünə ev almırsan? Dedim ki, mənim getdiyim toylarla halal yolla o pulu qazanıb, ev almaq olmur. Onda qırğın düşdü. Onu sonuncu dəfə elə onda görənəm, daha sonra qarşılaşmamışıq. Mən sözün düzünü demişəm. Bundan sonra görsəm “salam-sağol” edərəm, Allah işini avand etsin, onun da, digərlərinin də” deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.