"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama

26-11-2021, 00:04           
 "Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." -
Dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən bəyan edilmiş, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq.
Aİ Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.

Bizimyol.info liderlərin Zirvə görüşündə iştirakları, eləcə də, bu görüşdən sonra yarana biləcək müəyyən yeni reallıqlar, eyni zamanda, bu görüşdə gəlinəcək razılıqlara qarşı Rusiyanın baxış bucağının necə olacağı və başqa məsələlər barədə keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla söhbətləşib.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Tofiq bəy, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 15 dekabr Brüssel görüşündən nələr gözlənilir?

- Birincisi, onu qeyd etmək lazımdır ki, bu, görüşdür və Avropa İttifaqı belə bir xoşməramlı təşəbbüslə çıxış etdi ki, öz məkanını görüş üçün tərəflərin ixtiyarına versin. Bildiyimiz kimi, tədbir, fərqli bir tədbirdir. Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşlər keçiriləcək. Orada hansısa ciddi danışıqların aparılacağını, sənədlərin imzalanacağını düşünmürəm. Düşünürəm ki, bu görüşdə tərəflər mətbuat üçün müəyyən bəyanatlar verəcək. Burada danışıqlar formatı yoxdur, əvvəlcədən hazırlanan sənədlər, hesab edirəm ki, yoxdur. Bu baxımdan, bu görüş daha çox siyasi əhəmiyyət kəsb edir və Aİ-ni hansısa humanitar problemlərin həllinə cəlb etmək üçün nəzərdə tutulur.

- Görüşlərin artıq Rusiyada yox, Avropada keçirilməsi, hər iki tərəfin Rusiyaya verdiyi siyasi reaksiya sayıla bilərmi?

- Yox. Soçidə olan görüşdən artıq bir ildən çox fəal işləyən format var – Ermənistan, Rusiya, Azərbaycan və Türkiyə. Bunun nəticəsində də atəşkəsə nail olunub, başqa hansısa addımlar atılıb və daimi danışıqlar, sənədlər mövcuddur. Məsələn, kommunikasiyanın bərpası barəsində xüsusi bir qrup var. Demək istədiyim odur ki, bu, bir növ formatdır. Orda isə bunların hamısı yoxdur. Yenə də deyirəm, Avropa İttifaqı bu problemlərdən, müharibədən sonra sanki, kənarda qaldı. Bəlkə də tərəflərin hər biri üçün maraqlıdır ki, humanitar problemlərin həllində Avropa İttifaqının hansısa dəstəyini alsınlar.

- Konkret olaraq, nə kimi dəstəkdən söhbət gedir?

- Məsələn, Aİ minatəmizləmə işində öz dəstəyini verə bilər. Ümumi olaraq, qeyd edim ki, bu görüşün mahiyyəti tamamilə fərqlidir.

- Əvvəldən belə bir fikir mövcuddur ki, Qarabağ probleminin açarı Rusiyadadır. Sizcə, artıq baş verən müharibə və siyasi hadisələrin gedişi bu “açar”ı Rusiyanın əlindən alıbmı?

- Bilirsiniz, bu cür ifadələr emosional şəkildə verilən şərhlərdir. Hamı başa düşür ki, bu münaqişə o səbəbdən yaradılıb ki, bölgədə yerləşən iki ölkəni idarə etmək mümkün olsun. Münaqişədən bu və ya başqa kənar ölkələrin istifadə etməsi faktdır. Burada təkcə Rusiya yox, həm də başqa ölkələrin maraqları var. Onlar bu iki ölkəyə təsir göstərmək üçün münaqişədən istifadə edirlər. İndiki mərhələdə daha çox dominant olan, mən hesab edirəm, təkcə Rusiya yox, Rusiya-Türkiyə tandemidir. Artıq keçən ildən hiss edirik ki, bu iki ölkənin ortaq bir dil tapması bizim xeyrimizə oldu. Məsələn, biz daha öncə belə bir bəyanat eşitməmişdik: “Azərbaycana qarşı hansısa ölkə kənardan müdaxilə etsə, qarşısında Türkiyəni görəcək” və sair. Bu kimi bəyanatlar Türkiyə tərəfdən çox ciddi bəyanatlardır. İndiki mərhələdə mən hesab edirəm ki, Rusiya-Türkiyə formatı burada dominantdır. İndi, ola bilsin, ki, sülhməramlılar ruslardan ibarətdir, müşahidəçilər bir qədər qarışıqdır, bunlar öz yerində. Amma o qərarlar ki, qəbul olunur, hiss edirəm ki, orda mütəmadi şəkildə fikir mübadiləsi var, müəyyən məlumatlar da verilir, aralarında telefon danışıqları da olur. İndiki mərhələdə “açar”ın Rusiyada olması ifadəsi ilə mən razı deyiləm.

- Tarixdən də məlumdur ki, Rusiya və Türkiyə arasında maraq toqquşmaları, geosiyasi vektor ayrılıqları, hətta müharibələr belə olub. İndinin özündə də bir sıra məsələlərə fərqli baxırlar. Bəs o halda Ankara ilə Moskvanı yaxınlaşdıran nədir?

- Rusiya-Türkiyə tandemi Qərbə qarşı güclənib. İkisinin də Qərblə bağlı ciddi problemləri var. Bu məsələ də hər iki ölkəni bir-birinə yaxınlaşdıran önəmli amillərdəndir. Rusiya-Türkiyə tandemi Qərbi müəyyən məsafədə saxlayır, amma Rusiyadakı Ermənistan yönümlü meyli Türkiyə faktoru Azərbaycan üçün balanslaşdırır. Təxminən, bu sxem şəklində formalaşan bir sistem mövcuddur.

- Paşinyanın son zamanlar Rusiyanı pərt vəziyyətdə qoyması, Qərbmeyilli idarəçilərə üstünlük verməsi, eyni zamanda problemlər barədə Qərb dairələrinə daha çox üz tutması Rusiyanı hansı ciddi addımlar atmağa vadar edə bilər?

- Bunlar təkcə Paşinyanın problemi deyil. Bunlar Ermənistanın siyasi elitasının ümumi problemidir. Çünki hamı başa düşür ki, artıq geopolitik vəziyyət dəyişib. Əvvəllər Ermənistanın “xeyir mənbəyi” Rusiya-Türkiyə qarşıdurması, ya daTürkiyənin NATO ölkəsi olması, Rusiya-Ermənistan müttəfiqliyi və başqa məsələlər üzərində qurulmuşdu. İndi isə ortaya təzə bir amil çıxıb - yuxarıda qeyd etdiyimiz Rusiya-Türkiyə tandemi. İndi Rusiyanın Ermənistana hərbi, yaxud siyasi güc tətbiq etməsinə ehtiyac yoxdur. Ancaq Rusiyanın Türkiyə ilə münasibətlərini düzəltməsi, Rusiyaya qazandıracaq. Ermənistan, demək olar ki, bu modelin kənarında qalıblar. Ona görə də özlərini o yana-bu yana atırlar ki, onlara kim kömək edəcək? Geopolitik vəziyyətin dəyişməsini də nəzərə alsaq, görərik ki, problem təkcə Paşinyan da yox, həm də ölkə ictimaiyyətinin rəyindədir. İctimaiyyət düşünür: “Qərbyönümlü siyasət yürütsək, bizim gələcəyimiz olacaq”. Əgər problem təkcə Paşinyanda olsaydı, o, çoxdan bayıra atılmışdı. Burada mart ayında baş verən hadisələri yada salmaq olar, hərbçilər ona qarşı üsyan edirdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.