Rusiya Azərbaycandan pomidor idxalını qadağan etdi - daxilimizdə ucuzlaşma şansı...

13-04-2022, 11:06           
Rusiya Azərbaycandan pomidor idxalını qadağan etdi - daxilimizdə ucuzlaşma şansı...
Kamran Məmmədli: “Sahibkarlar məhsulu zay olmaması üçün daxili bazara çıxarmalıdır”
Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb. Bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yayıb. Bildirilir ki, pomidor Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsindən göndərilib. Qadağan olunmuş və 25 partiyası nəzarətə götürülən məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor olub.

Vurğulanıb ki, bu ilin mart ayında Rusiyaya idxal edilən 65 milyon 919,2 min ton təzə meyvə və tərəvəz məhsullarına nəzarət tədbirləri həyata keçirilib.

Qeyd etdiyimiz kimi, Azərbaycandan Rusiyaya göndərilən 432 ton pomidor adıçəkilən ölkəyə buraxılmayıb. Belə olan halda həmin məhsul ölkəmizdə ucuzlaşacaqmı?

Ekspertlər bildirir ki, sahibkarlar məhsulun xarab olmaması üçün onu yerli bazarda satmağa məcbur olacaq.

“Daxili bazarda məhsulun qiymətinin ucuz olması fermerləri stimuldan salacaq”

Iqtisadçı Kamran Məmmədli bildirdi ki, Rusiya ilə Ukrayna arasında başlanan müharibə azərbaycanlı fermerlərə, sahibkarlara da ciddi təsir edib: “Məlumdur ki, Azərbaycanın kənd təsərrüfatı üzrə ən böyük ixracatcısı Rusiyadır. Həmçinin, Ukraynaya da Azərbaycan məhsulları ixrac olunurdu. Məlum müharibəyə görə Ukraynaya məhsulların ixracı tam dayanıb, Rusiyada bu istiqamətdə müəyyən çətinliklər yaşanır. Ixracatda bir ölkədən asılı olmağın doğru olmadığını illərdir deyirdik. Təəssüf ki, çoxşaxəli ixrac modelinə keçilməyib. Azərbaycan məhsullarının digər bazarlara çıxış imkanı məhduddur. Bunun səbəblərindən biri də Azərbaycanın ÜTT-yə üzv olmaması ilə bağlıdır. Hələ də gec deyil, Azərbaycan digər bazarlara çıxış imkanı əldə edə bilər. Bununla bağlı müəyyən işlər görülməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarlar məhsulu zay olmaması üçün daxili bazara çıxartmalıdır: “Onu da nəzərə almaq lazımdır ki, daxili bazarın alıcılıq qabiliyyəti və qiyməti sahibkarları qane etmir. Çünki fermerlər məhsulu Rusiya və Ukraynaya daha baha satırdılar. Bu isə onların öz istehsallarının ayaqda qalmasına kömək edirdi. Daxili bazarda məhsulun qiymətinin ucuz olması fermerləri stimuldan salacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.