“Qarabağ problemi yoxdursa, rus sülhməramlıların varlığı da yoxdur” - Danielyan

14-04-2022, 11:37           
“Qarabağ problemi yoxdursa, rus sülhməramlıların varlığı da yoxdur” - Danielyan
“Rusiya ilə Qərbin qarşıdurması onların bu cür formatlarda əməkdaşlığını məhv edir. Digər tərəfdən, onların geosiyasi maraqlarının toqquşması Cənubi Qafqazda da özünü göstərir”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın Qafqazdakı mövcudluğunu sıxışdırmalıdır, Rusiya isə bunu əksinə etməlidir.

“Ona görə də Qarabağla bağlı aydın fikir ayrılıqları var. Qərbə Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi lazımdır, növbəti mərhələdə Rusiya bazasının Ermənistanda olması mənasızlaşır. Nəticədə, əvvəllər məsələni dondurmaq məqsədi güdən Minsk qrupu mənasızlaşır. Lavrov qrupun fəaliyyətini dayandırdığını deyərək məhz bunu nəzərdə tuturdu. Qrupa üzv dövlətlərin danışmağa başqa mövzusu yoxdur. Ermənistan XİN-in Minsk qrupunun hələ də fəaliyyət göstərdiyini deyən nöqteyi-nəzərinə gəlincə, anlamaq lazımdır ki, Ermənistan Rusiya ilə, yoxsa Qərblə bir yerdə olmaq barədə geosiyasi qərar verməyə hazırdır? Bu, dilemmadan qaçmaq cəhdidir”, - deyə Danielyan bildirib.

O vurğulayıb ki, Brüsseldəki görüşün mənası, kifayət qədər aydındır: “İlham Əliyevin gündəminə keçmək, Ermənistanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur etmək və Rusiya sülhməramlılarını bölgədən çıxarmaq üçün növbəti addımı atmaq cəhdi var idi, çünki Qarabağ problemi yoxdursa, onların (sülhməramlıların – red.) varlığı tələbi də yoxdur. Belə təəssürat var ki, Ermənistan Baş naziri bununla razılaşıb, lakin Lavrovun Ermənistanın xarici işlər naziri ilə təcili görüşü, Putinin Baş nazirə zəngləri Rusiyanın planla razılaşmadığını göstərir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü və Rusiya prezidentinin mətbuat katibinin yekun nizamlanmanın uzun müddət çəkəcəyi ilə bağlı açıqlamaları da göstərir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.