Ukraynadakı azərbaycanlı polkovnik hərbi əməliyyatların gedişindən danışdı…

15-04-2022, 00:13           
Ukraynadakı azərbaycanlı polkovnik hərbi əməliyyatların gedişindən danışdı…
“Ukrayna Donbas və Krımın azadlığı uğrunda böyük müharibəyə hazırlıq görür…”

“Rusiyanın döyüşlərdə iştirak etmiş müqaviləli peşəkar hərbçilərinin 40 faizindən çoxu Ukraynaya təkrar döyüşlərə qayıtmaqdan imtina edir…”

“Hazırda Ukraynada ölkənin cənubu, Donbas və Krımı azad etmək uğrunda böyük müharibəyə hazırlıq gedir. Rəsmi Kiyev Qərbdən, ABŞ və NATO ölkələrindən gözlədiyi yardımları, silah və texnikaları almaqda davam edir. Amma yeni silah və texnikalar ən son nəsil texnologiyalar üzrə hazırlanmış mürəkkəb qurğular olduğundan hərbi poliqonlarda, ərazi müdafiə birləşmələrində onların öyrənilməsi və onlardan bacarıqla istifadənin mənimsənilməsi prosesi gedir”

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev “Hazırda Ukraynadakı hərbi-siyasi durumu necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib.

“Yəni Ukrayna tərəfi ciddi fədakarlıqla mükəmməl yeni savaş, böyük döyüşlər mərhələsinə hazırlıq görür. Bu mənada genişmiqyaslı əməliyyatlarda baş verən indiki pauza hardasa ukraynaya daha çox sərf edir. Halbuki, həmin pauza onunla bağlıdır ki, Rusiya tərəfinin şəxsi heyətinin komplektləşdirilməsində çox ciddi problemlər yaranıb. Bizdə olan, eləcə də xarici kəşfiyyatların əldə etdiyi məlumatlara görə, Rusiyanın döyüşlərdə iştirak etmiş müqaviləli peşəkar hərbçilərinin 40 faizindən çoxu Ukraynaya təkrar döyüşlərə qayıtmaqdan imtina edir. Rusiya dövləti tərəfindən buna görə onlara cinayət işi qaldırılmasıyla qorxu tətbiq edilir, eyni zamanda, əksinə, maaşlarının qaldırılmasıyla bağlı təkliflər də olunur. Lakin bizdə olan məlumata görə, Rusiya hərbçilərinin xeylisi hətta həbs olunmağı döyüşə yollanmaqdan üstün tutur” – deyə açıqlamasının davamında bildirib.

Özü də ərazi müdafiə birləşmələrində komandir-zabit kimi iştirak edən soydaşımız “Donbas-Mariupol cəbhəsindəki əməliyyatların gedişi haqqında bir hərbi ekspert kimi nə deyə bilərsiz?” sualını da cavablandırıb.

“Bildiyiniz kimi, dünən səhər 36-cı dəniz piyadaları briqadası Mariupolda “Azov” alayı ilə birləşə bildi. Təbii ki, çox ağır manevr və döyüşlərlə. Yəni bir var, mühasirədən çıxasan, bir də var, dəstək üçün düşmən mühasirəsindən keçib şəhərə girəsən. Son məlumatlara görə, hazırda Mariupolun üçdə biri Rusiya qüvvələrinin, üçdə ikisi isə Ukrayna hərbçilərinin nəzarətindədir. Və indi artıq Ukraynanın iki seçmə hərbi birləşməsi şəhərdədir. Düşmən isə 10 min nəfər şəxsi heyətlə, elit, xüsusi təyinatlı hesab olunan qüvvələri ilə Mariupolu tam işğal etmək niyyətindədir. Ancaq belə hesab edirik ki, yaxın günlərdə bu, mümkün olmayacaq. Və ümumiyyətlə, baş verənlər göstərir ki, Ukrayna ordusu hər gün güclənməkdə, qüdrətlənməkdə, düşmən tərəfi isə, əksinə, demoralizə olunmaqda davam edir. Yerlərdə Ukrayna tərəfinə əsir düşən Rusiya hərbçilərinin öz həmkarlarına döyüşlərə qatılmamaq barədəki video-müraciətləri gündən-günə çoxalmaqdadır. Bir sözlə, düşmən tərəfinin problemləri qat-qat çoxdur. Ukrayna tərəfi isə artıq mənəvi baxımdan qalibdir, ancaq həmin qələbəni həm də fizikiləşdirmək istəyindədir” – deyə hərbi ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.