“Azərbaycanda ictimai nəqliyyatda gediş haqqına güzəştlərin tətbiqinə imkan var...”

16-04-2022, 19:24           
“Azərbaycanda ictimai nəqliyyatda gediş haqqına güzəştlərin tətbiqinə imkan var...”
“Çünki dövlət başçısının da dəfələrlə dediyi kimi, Azərbaycandakı siyasətin, o cümlədən iqtisadi siyasətin mərkəzində insan amili durur...”

“Çox təəssüflər olsun ki, son onilliklərdə hökumətimizin iqtisadi bloku əhalinin həssas təbəqəsinin ictimai nəqliyyatda pulsuz və güzəştli istifadəsi təcrübəsinə müraciət etməyib. Amma hesab edirəm ki, Azərbaycanda əhalinin həssas təbəqələri üçün belə güzəştlərin tam şəkildə tətbiq edilməsi mümkündür”.

Bunu Moderator.az-a açıqlamasında son vaxtlar ictimai nəqliyyatda, xüsusən avtobuslarda gediş haqqının qaldırılması haqda informasiyalara münasibət bildirən tanınmış iqtisadçı ekspert, professor Elşad Məmmədov söyləyib.

“Son nəticədə əgər biz diqqət yetirsək, ictimai nəqliyyatla bağlı sahələr üzrə büdcə daxilolmalarının payı o dərəcədə cüzidir ki, hökumət həmin daxilolmalardan imtina edərək neft-qaz ixracatından əldə olunan resursları ölkə iqtisadiyyatına istiqamətləndirməklə ictimai nəqliyyatda gediş haqqına güzəştləri tam şəkildə tətbiq edə bilər. Və hesab edirəm ki, bu, hökumətin iqtisadi blokuna aid məsələlərdir və hökumət özü belə təkliflərlə çıxış etməlidir. Çünki dövlət başçısının da dəfələrlə dediyi kimi, Azərbaycandakı siyasətin, o cümlədən iqtisadi siyasətin mərkəzində insan amili durur. Və bu baxımdan da hökumət insanların rifah halının yüksəlməsinə yönəlik bir iqtisadi siyasət aparmağa borcludur. Axı iqtisadiyyat yalnız rəqəmlərin sadalanması, büdcə daxilolmalarının artımının elan edilməsi üçün deyil. Son nəticədə iqtisadi siyasətin hədəfi əhalinin rifah halının yaxşılaşdırılması olmalıdır”- deyə iqtisadi ekspert bildirib.

Həmsöhbətimiz onu da qeyd edib ki, 1990-cı illərdən fərqli olaraq hazırda rəqəmsal texnologiyaların güzəştlərin həssas kateqoriyalar üçün tətbiq edilməsi prosesində müxtəlif saxtakarlıqların qarşısının alınmasında yetərincə rol oynayacaq.

“O da var ki, güzəştlərin həssas kateqoriyalar üçün tətbiq edilməsi prosesində müxtəlif spekulyasiyalara yol verilə bilər. 1990-cı illərdə də belə hallar olurdu ki, güzəştlərin aid edildiyi təbələrə dəxli olmayan bəzi şəxslər saxta sənədlərlə həmin güzəştləri əldə etməyə çalışırdı. Ancaq hazırda elektronlaşma, rəqəmsallaşma texnologiyaları hökumətin belə spekulyasiyaların qarşısını alması üçün yetərincə şərait yaradacaq.

Digər tərəfdən, hesab edirəm ki, ümumiyyətlə, bütövlükdə əhalinin, istehlakçıların bütün kateqoriyaları üçün tarif və qiymətlərin artımının qarşısı alınmalıdır. Ancaq ən həssas təbəqələr üçün güzəştlər paketinin tətbiqi, sössüz ki, məqsədəuyğundur”- deyə iqtisadi ekspert vurğulayıb.

Professor Elşad Məmmədovla Rusiyanın Ukraynaya təcavüzü fonunda son aylarda ölkə və dünya iqtisadiyyatındakı proseslər haqda, həmçinin Elman Rüstəmovun Mərkəzi Bank rəhbərliyindən azad edilməsindən sonra Azərbaycanın pul-kredit siyasətində gözlənilən dəyişikliklər və s. ilə bağlı geniş müsahibəsini yaxın müddətdə oxuya bilərsiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.