"Bacımın adı Susanna, qardaşımın adı Marat idi" - Flora Kərimova

18-04-2016, 15:08           
"Bacımın adı Susanna, qardaşımın adı Marat idi" - Flora Kərimova
Adlar insan həyatında mühüm rol oynayır, xarakterin formalaşmasına, cəmiyyətdə özünə yer qazanmağa müəyyən təsir göstərir. İstər yaxşı, istərsə də pis ad şəxs barədə informasiya verir, onun haqqında müəyyən təəssürat formalaşdırır. Bəzən görürsən ki, adla mənsub olduğu adam arasında ziddiyyət nəzərə çarpır: ad sanballıdır, onu daşıyan şəxs isə bu ada layiq deyil. Ya da əksinə, o qədər populyar olmayan ada onun daşıyan şəxsiyyət öz davranışları ilə hörmət gətirə bilir. Bunları nəzərə alaraq, “adını söylə, deyim kimsən” ifadəsi nahaq yerə səsləndirlmir.

Modern.az saytı adlarla bağlı “Adını söylə, deyim kimsən” rubrikasına davam edir. Növbəti müsahibimiz xalq artisti Flora Kərimovadır.

- Flora xanım, qeyri-adi adınız var. Bu adı sizə kim qoyub?

-Mənə Flora adını anam qoyub. Anamın orijinal adlardan çox xoşu gəlirdi. Bacımın adı Susanna, qardaşımın adı isə Marat idi.

-Adınız qeyri-adi olduğuna görə heç nə zamansa narahatlıq hissi keçirmisiniz?

- Narahatlıq deməzdim, ancaq uzun zaman adımın Flora olmasına təəccüb etmişəm. Sonradan bu təəccüb keçib getdi.

-Səhnə həyatı adi həyatdan çox fərqlənir. Bəlli yaşa qədər bir adla tanınan insanların bir qismi aktyor, müğənni kimi səhnəyə qədəm qoyarkən xalq tərəfindən ikinci bir adla tanınmağa başlayıblar. Hazırki Azərbaycan səhnəsində də ikinci adla tanınmağa çalışanlar və tanınanlar az deyil. Sizin nə vaxtsa Flora adından imtina etmək fikriniz olubmu?

-Heç vaxt adımı dəyişmək fikrində olmamışam. Hətta adıma müxtəlif cür don geyindirməyi də istəməmişəm. İlk dəfə festivalda birinci yer qazananda Səid Rüstəmov mənə “bəlkə, adını dəyişəsən?!” dedi. O zaman özümə çox əl qatdım ki, “axı, bu adı mənə anam qoyub. Adımı necə dəyişə bilərəm?!” Sonradan bildim ki, zarafat edirmiş.

-Flora Kərimova olaraq Azərbaycan səhnəsində ifa tərzi və mədəniyyətinizə görə xüsusi bir möhür vurmusunuz. Həyat yolunuza nəzər salanda adınız sizə daha çox uğur gətirib yoxsa uğursuzluq?

-Heç vaxt adın insana uğur ya da uğursuzluq gətirməsinə əhəmiyyət verməmişəm. Bir hadisə danışım: bəlli yaşa dolanda bildim ki, Kərimbəyovlar nəslindənəm. Bir dəfə qardaşımla söhbət edəndə dedim ki, “bilirsən də, filankəs bəy nəslindəndi”. Mənə çox qəribə baxdı və dedi: “Bu yaşa çatmısan, hələ bilmirsən ki, sən bəy nəslindənsən?!. O birilər döşlərinə döyəndə, hərəsi bir hoqqa çıxaranda ki “mən bəy-xan nəslindənəm, sən də dayanıb baxmalısan?!”.
Sən demə böyük əmim nazir olub. Almaniyada institut bitirib. Ancaq atam instituta daxil olanda əmimə icazə verdilər ki, soyadını dəyişməsin. Atam isə qorxmuşdu ki, birdən Kərimbəyovlar olduğuna görə instituta buraxmazlar. Ona görə biz də bəysiz Kərimov soyadını daşıdıq. Sadəcə, bunları heç vaxt dilə gətirmək istəməmişəm.

-Sirr deyil ki, adının nəsil şəcərəsi ilə bir yerdə təqdim edilməsini ucalıq kimi xarakterizə edənlər var.

-Düşünürəm ki, insan ləyaqətini, qürurunu özü daşımalıdır. Nəslini, soyadını önə çıxarıb “mən filan nəsildənəm, dayım, əmim budur” kimi təqdimatları qəbul etməmişəm. Bunlarla nüfuz qazanmaq nə dərəcədə doğrudur?!. Bax bunu bilmirəm. Bütün bunlara baxmayaraq, heç vaxt gizlətməmişəm ki, ana babam qəssab olub. Kasıb olmuşuq və sairə.

-Adların insan həyatındakı uğur ya da uğursuzluq nişanəsi olduğunu qəbul etməsəniz də, buna xüsusi önəm verənlər istisna deyil.

-Mən də eşitmişəm ki, ad insana uğur gətirir. Ancaq mən elə şeylərə baxmıram. Ümumiyyətlə, öz həyatımı, düşüncəmi hansısa bir təbiət, yaxud yaradanın işarəsi ilə qurmuram. Əvvəla, o işarələri oxuya bilmirəm. Onları başa düşə bilmirəm. O işarələri həyatımda aparıcı amil kimi görmürəm. Heç vaxt düşünməmişəm ki, kiminləsə ünsiyyət adama xeyir ya da uğursuzluq gətirə bilər. Amma mənə deyirlər ki, qədəmim çox yüngüldü, ruzilidir. Adım çəkiləndə o evə ruzi-bərəkət gəlir. Artıq olduğum çevrə mənə elə münasibət bəsləyir ki, kimlərəsə uğur gətirirəm. Heç vaxt Flora Kərimova olaraq, elə şeylərin qulu olmaq istəməmişəm. Çünki asılılıq daha da şaxələnir. Elə halların əleyhinəyəm. Özümdən elə düşüncələri kənar etməyi bacardım. Həyatımı, adımı, soyadımı ya uğurla ya da uğursuzluqla bağlamıram. Düşünürəm ki, bu, həyatda ən böyük uğurumdu. Heç bir düşüncənin köləsi olmamışam. Pis düşüncə bədlik gətirə, insanı sındıra bilər. Yaxşı düşüncə əsasız ümid gətirə bilər. O da insanı qırır. Mən realistəm.

-Realist olaraq, gələcəkdə nəvələrinizin Flora adını daşımasına necə baxırsınız?

-Evimin sahibəsi Yaqut bir dəfə dedi ki, “xala bir gün uşaqların maraqlı dialoqunu eşitdim. Oğlun dedi ki, “qızım olanda adını Flora qoyacam””. Qızım da balaca idi. O da deyib ki, “mənim də qızım olanda adını Flora qoyacam”.

Nə olar ki! Allah qismət edərsə, iki Flora olar. Olmazsa, biri Flora qoyar, biri də Flora adına yaxın bir ad. Oğlumun oğlu atasının adını yaşadır. (yəni Zümrüdün atasının red.) Anamın adını qızım yaşadır. Mənim də adımı övladlarımdan hansına qismət olarsa, o yaşadar.

-Ananın, atanın adını övladlara qoymaq tam mənada doğrudurmu?

-Anamın adını qızımda yaşatdım. Peşiman da deyiləm. Anamın həyatından məmnun deyildim. Düşünürdüm ki, anam ayrı bir qismətə layiq qadındır. Qızım isə hələ ki, o qisməti yaşamadı. Ailəsinin dağılması təşəbbüsü də qızımdan gəldi. Bunu da adın uğursuzluğu kimi qəbul etmirəm. Hərçənd, anamın qisməti ürəkaçan olmadı. Çox faciəli ömür yaşayıb. Əvvəl ayaqqabısında brilyant broş, sonra isə bir tikə çörək tapmaq məcburiyyətində qalan bir ailədə böyüdüm. Biz bir badımcanın ümidində olmuşuq. Anam plitənin üstündə badımcanı bişirə-bişirə deyirdi ki, balama kabab bişirirəm. Belə bir mühitdə düşüncəm formalaşdı. Ona görə də heç vaxt taleyimdən şikayətlənməmişəm. O dünyaya inanmaya-inanmaya həyatı ötəri bir hadisə kimi qəbul etmişəm.

Əsas odur ki, insan keçmişindən utanmasın. Gələcəyindən də qorxmasın. İnsan köləlikdən qaçmalıdır. Hədəfim hər zaman kölə olmamaq olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.