Azərbaycanlı məşhur həkimdən İLGİNC AÇIQLAMA - "Feministlər İmam yolu gedirlər"
3-08-2022, 16:49
"Feministlər qismən İmam Hüseyn yolu gedirlər. Meydana çıxıb haqqı tələb edirlər. Bu, onların yaxşı hərəkətləridir, mən onları bəyənirəm". TEREF.AZ xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında həkim, elmi-lədun (Lədun sözü dərin qatlar mənasında işlədilir. Yəni elmin daha dərin qatları. Peyğəmbərlər, imamlar, loğmanlar, Allah dostlarında bu bilginin olduğu deyilir. Loğman peyğəmbər, İsa peyğəmbər, Yusif peyğəmbər, imamlarımızın insanları müalicə etdiyi barədə məlumatlar var.
Bu, bir şəfa proqramıdır. Lədun elmində şəfa metodikası fizika qanunları, metofizikaya əsaslanır. Burada heç bir dərmandan istifadə olunmur-red.) bilicisi Paşa Yaqub deyib.
Həkimin fikrincə, məscidlərdə mərsiyə deyib, sinə vuranlar heç biri İmam Hüseyn yolu getmir:
“Zülmə qarşı hərdən qadınlar meydana çıxıb etiraz edəndə məsciddə ağlayan kişilər onların arxasınca “feminist” deyib “vedrə” bağlayırlar:
"Mərsiyə deyənlər özləri mübarizə aparmamaları bir yana, zülmə qarşı çıxanlara da dil uzadırlar. Elə kişilərin özlərində cəsarət yoxdur ki, haqqı pozulanın yanında dayansınlar. Haqqı tələb etməyə gücləri olmadığna görə haqsızlığa qarşı çıxmağa cəsarətləri də olmur. Məhz buna görə qadınlara nifrət edirlər ki, qadınlar haqsızlığa səslərini çıxarır, amma biz yox. Ona görə qadınları ləkələyirlər ki, onlar kimi olsunlar, yəni öz cəsarətsizliklərini pərdələmək istəyirlər”.
Həkim hesab edir ki, insanın şəxsi həyatı, əxlaqı öz işidir. Əgər şəxs haqq-ədalət uğrunda mübarizə aparırsa, haqsızlığa qarşı çıxırsa, böyük savab qazanır:
"Kimsə nəsə düz şey yazanda, danışanda, buna baxmaq lazımdır. Fakt budur ki, feministlər meydana çıxırsa xal, savab qazanır. Bununla Allah yanında hörmətləri artır. İnternetdən feminist qadınlar barədə məlumatları izləyirəm. Hər kəsin səhvi ola bilər. Amma onların düz işi budur, onları ona görə bəyənirəm ki, mübarizə aparırlar. Həyatlarını riskə qoyurlar. “Dubinka” başına dəyə bilər və ölə bilərlər. İşdən qovula, ya da qohumları işdən çıxarıla bilər. Həyatlarına hər cürə təhlükə var. Feministlərin pis hərəkəti özlərinədir, amma yaxşı hərəkətlərini mən görmüşəm. Meydana çıxıb haqqı tələb ediblər. Bu, onların yaxşı hərəkətləridir və təkrarən bildirim ki, mən onları bəyənirəm".