Azərbaycana qarşı hərəkətə keçdilər: Ərdoğanın cavab addımı
4-08-2022, 11:49
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edirik.
- Son günlərdə Azərbaycana qarşı erməni təxribatı ara vermir. Bu təxribatın nəticəsində bir əsgərimiz həlak oldu. Bütün bunlar da “sülhün təminatçısı” kimi bölgədə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının gözləri önündə baş verir. Cərəyan edən olaylar haqda fikriniz necədir: aramsız təxribatlar yeni qarşıdurmaya yola aça bilərmi?
- Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirmirlər, üstəgəl, Azərbaycanı atəşkəsi pozmaqda ittiham edirlər və bu kimi açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsi işlədirlər. Ruslar gəmidə oturub gəmiçi ilə dalaşmaq istəyirlər. Bir sözlə, Rusiya bölgəni qarışdırmaq və buranı qarşıdyrma meydanına çevirə biləcək davranışlara yol verir. Bu cür təxribatlara meylli olan ermənilər isə Rusiyanın ötürmələrindən istifadə edərək, Azərbaycan və ordumuza qarşı təxribatçı addımlar atırlar. Şəhidi biz veririk, Rusiya Müdafiə Nazirliyi isə baş verənlərə görə bizi günahlandırır. Rusiyanın bu mövqeyi adamı hiddətləndirir.
Rusiya Azərbaycan, Ukrayna və bütün postsovet məkanı ilə yanaşı, bütün dünyanın təhlükəsizliyinə təhdidlər yaradır. Rusiya həmişə ermənipərəst mövqe tuturdu, son zamanlarda isə bunu aşkar şəkildə büruzə verir. Danışıqlar prosesini ləngidən və erməniləri buna təşviq edən Rusiyadır.
Sənin tərəflər arasında vasitəçilik səylərinin öhdəsindən gələ bilməməyin azmış kimi, Azərbaycanla qarşıdurma vəziyyəti yaratmaq üçün cəhdlər edirsən. Sən ədalətli moderator funksiyasını yerinə yetirmək iqtidarında deyilsən. Ümumiyyətlə, sən bütün məsələlərin mərkəzinə özünün strateji maraqlarını qoyursan. Bu maraqların həyata keçirilməsini də özünün əsas məqsədin hesab edirsən. Bunun müqabilində isə moderatoru olduğun məsələlərin həllinə heç bir səy göstərmirsən.
Son zamanlarda bir çox ölkənin Rusiyanın sülhməramlı missiyasına şübhə etməsi tamamilə məntiqlidir. Başda ABŞ olmaqla, Qərb ölkələri Rusiyanın beynəlxalq məsələlərin həlli prosesindən və beynəlxalq münasibətlər sistemindən uzaqlaşdırılmasını təklif edirlər. Məncə, bu təklif tam məntiqlidir. Çünki Rusiya əlini hara qoysa, orada qarşıdurma yaranır və problemlər həll edilmək əvəzinə, daha da artır. Zənnimcə, Rusiyanın Ermənistan və Azərbaycan arasındakı moderator rolu tam iflasa uğrayıb. Rusiyanın bu prosesdə iştirakına heç bir ehtiyac yoxdur. Çünki Rusiyanın səyləri pozuculuqdan başqa bir şey deyil. Bu səylərdən imtina edilməsinin vaxtı çatıb.
- Rusiya lideri Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov erməni həmkarlarına zəng etdi. Bu fonda Rusiya müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı aparması diqqət çəkdi. Bəs bu fərqlilik nədən irəli gəlir?
- Bəziləri deyirlər ki, kim prosesi pozmağa çalışırsa, onu relsə salmağa çalışırlar. Məncə, bu belə deyil. Bu, Rusiyanın artan ermənipərəstliyinin ifadəsidir. Rusiyanın prosesi nizama salmaq istədiyini düşünmürəm. Əksinə, prosesi kiminsə xeyrinə həll edilməsi üçün fikir mübadiləsi aparıldığını söyləmək olar. Telefonla az danışdıqları müddətdə də proses zərrə qədər irələməyib. Üstəlik, Ermənistan zaman udmaq məsələsində təlimatlarını həmişə Rusiyanın siyasi rəhbərliyindən alıb. Buna görə də nə sərhədlərin delimitasiyası, nə kommunikasiyaların açılması, nə qədər sülh sazişinin hazırlanması istiqamətində təşəbbüs irəli sürülür. Yaxud irəli sürülən təşəbbüslərə Ermənistan əngəl yaradır.
Bəzən ABŞ və Avropa Birliyindən təşəbbüs gəlir ki, iki ölkə üçüncü tərəfin iştirakı olmadan masa arxasında oturmalı və sülh yolunu birgə tapmalıdır. “Üçüncü tərəf” dedikdə daha çox Rusiya nəzərdə tutulur. Rusiya da prosesdə iştirak etdikcə, irəliləyiş olmur, əksinə, antaqonist ziddiyyətlər daha da artır.
Bəli, telefon zəngləri var, amma bunların mahiyyəti haqda heç bir məlumat verilmir. Şoyqu da Zakir Həsənova zəng edir və Azərbaycanın “Dağlıq Qarabağ”da atəş açması haqda danışır. Zənnimcə, telefon danışıqlarında qeyri-bərabərlik və tərəf saxlamaq amilləri də qabarıq şəkildə ortaya çıxır. Bu, Rusiyanın xoşagəlməz mövqeyi kimi də qiymətləndirilə bilər.
- Son açıqlamalarında Azərbaycanı Türkiyənin “qırmızı xətt”i adlandıran Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün sonra Rusiyaya gedəcək. Ərdoğanın Putinlə Ermənistan və Azərbaycan arasındakı son gəlişmələri müzakirə edəcəyi gözləniləndirmi və belə bir dialoq nələri dəyişə bilər?
- Şübhəsiz ki, Türkiyə və Ərdoğan həmişə Azərbaycanın yanındadır. Türkiyə bizim ən sadiq müttəfiqimizdir. Ərdoğan istənilən vəziyyətdə fədakarlıqla Azərbaycanı müdafiə edir və edəcəyinə şübhəm yoxdur.
Avqustun 5-də Soçidə keçiriləcək görüşdə bir çox məsələ müzakirə ediləcək. Bu görüşdə Qarabağ məsələsinə toxunulacağına şübhəm yoxdur. Amma məsələ budur ki, artıq dünyada Rusiyaya beynəlxalq öhdəliklərinə əməl etməyən, verdiyi sözü tutmayan, beynəlxalq hüququ kobud şəkildə pozan, bir sözlə, öz imicini tam itirmiş tərəf kimi baxırlar. Bəli, Türkiyə yeganə ölkə, Ərdoğan yeganə liderdir ki, Putinlə normal münasibətləri qoruyub-saxlaya bilir. Putin üçün də Ərdoğan yeganə liderdir ki, onun vasitəsilə ağır durumda olan Rusiya üçün vacib olan bir sıra problemləri həll edə bilir.
Mən Putinin ruhi-psixoloji vəziyyətini ön plana çəkmək istəyirəm. Putin və onun ətrafındakıların bəyanatları adamın ürəyini bulandırır. Məsələn, Medvedyev bir dönəm prezident vəzifəsini icra edib, baş nazir olub. Amma Medvedyevin SSRİ və rus imperiyasının bərpa edilə biləcəyi ilə bağlı həyasız bəyanatları göstərir ki, Rusiyada hər şey yolundan çıxıb. Rusiya siyasiləri beynəlxalq hüququ pozaraq, ağızlarını gələni deyirlər və beynəlxalq münasibətləri daha da gərginləşdirmək xəttini tutublar. Buna görə də Ərdoğanın səfərinin bölgədə dəyişdirici önəmə malik olacağı haqda nikbin fikirləşə bilmirəm.
Rusiyanın davranışları və açıq-saçıq ermənipərəst bəyanatları adamın ürəyini bulandırır. Əlbəttə Ərdoğan Ərdoğandır, xarizması və Rusiya rəhbərliyi qarşısında ağırlığı var və bundan istifadə edə bilər. Buna ümid bəsləyək, amma bu məsələnin ən yaxşı tərəfi o ola bilər ki, bölgəni Rusiyanın caynağından qurtarmaq xətti həyata keçirilsin. Zənnimcə, Avropa Birliyi və ABŞ da bunu istəyir və bu istiqamətdə fəaliyyət göstərirlər.
Rusiya siyasilərinin düşüncələrinə və rəhbər tutduqları dəyərlərə baxanda insan heyrətlənir. Məsələn, Medvedyev Cənubi Qafqazı “bizim torpaq” adlandırır. Yaxud “Rusiya postsovet məkanındakı bütün ölkələrə torpaq bağışlayıb” iddiasını irəli sürürlər. Normal insan düşüncəsinə aid olmayan iddiaların dilə gətirilməsi göstərir ki, bu adamlar imperiya təfəkkürü ilə yaşayırlar və XXI əsrdə olduqlarını tamamilə unudublar. Sanki özlərini cəngəllik və ibtidai insanlar kimi aparırlar, həll yollarına onların qaydaları ilə yanaşırlar.
Bir sözlə, Ərdoğanın Putinlə keçirəcəyi görüşə müəyyən ümidlər bəslənilsə də, mən Rusiyaya beynəlxalq münasibətləri tənzimləyən ölkədən beynəlxalq münasibətlər və təhlükəsizliyə ziyan gətirən ölkə kimi yanamağın tərəfdarıyam. Hesab edirəm ki, onunla hansısa məsələnin həlli ilə bağlı razılaşmaya gəlməyin elə də ciddi əhəmiyyəti olmur. Bununla bağlı çoxsaylı örnəklər göstərmək olar. Rusiyanın istənilən prosesə müdaxiləsi xeyirdən çox ziyan gətirir.