Gömrük rüsumlarına yenidən baxılmalıdır – Ekspert

11-08-2022, 08:58           
Gömrük rüsumlarına yenidən baxılmalıdır – Ekspert
Gömrük sistemində korrupsiya ilə mübarizə, dövlət vəsaitlərini mənimsəyən kadrların cəzalandırılması, rəhbərliyi yeni kadrların təyin olunması ortaya bir sıra haqlı sualların çıxmasına səbəb olur: Bu qurumun fəaliyyətində şəffaflıq artacaqmı?

Ölkəyə bir sıra məhsulların idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin rüşvətxorluq halları ilə üzləşməsinə dair şikayətlərinə son qoyulacaqmı? Sahibkarlardan qanunsuz ödənişlər tələb olunması halları təkrarlanmayacamı? Bəs, gömrük rüsumlarının azaldılması istiqamətində necə, dəyişikliklər olacaqmı? Suallar çoxdur və yeni rəhbərlik hələ ki bu suallar dair hər hansı mövqe bildirməyib. Bəs, ekspertlər nə düşünürlər?

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, indiki şərtlər daxilində proqnoz vermək hələ tezdir:

“Gömrük Komitəsində olan dəyişikliklər hökumətin gömrük sistemilə bağlı gələcək planlarını tam olaraq əks etdirmir. Nə qədər ki, Azərbaycanda Gömrük Komitəsinə fiskal, dövlət büdcəsinin gəlirlərini formalaşdıran əsas qurum kimi baxılacaq, gömrük orqanlarının iqtisadiyyatdakı funksiyası, eyni zamanda əhalini narahat edən rüsumların aşağı salınması ilə bağlı təşəbbüsləri görməyəcəyik”.

İqtisadçının sözlərinə görə, həyata keçirilən proseslər qurumda tam şəffaflaşmaya səbəb olmayacaq: “Komitədə qismən də olsa, korrupsiya kanalları bağlanır, müəyyən işlər aparılır. Amma bu, bütövlükdə prosesin tam şəffaflaşmasına gətirib çıxarmayacaq. Çünki sistemdə fəlsəfə dəyişməli, gömrük nəzarətedici funksiyanı yerinə yetirməlidir. Gömrüyün fəaliyyətinin qiymətləndirilməsində bu günkü şərtlər daxilində bir indikator var: DGK dövlət büdcəsinə nə qədər artıq pul ödəyib? Məsələyə belə baxılacaqsa, ciddi gözləntilər barədə düşünmək sadəlövlük olar”.

R.Həsənov qeyd edib ki, gömrük orqanları ilə bağlı yeni strategiyada ciddi dəyişiklik gözlənilmir:

“Gömrük orqanlarının inkişaf strategiyası ilə bağlı məsələ gündəmə gətirildi. Düzdür, strategiyanın özü tam müəyyənləşdirilməyib. Amma deyilən fikirlərdən belə başa düşdüm ki, bu istiqamətdə ciddi nəsə dəyişiklik gözlənilmir. Sadəcə, texniki hədəflər müəyyən edilir. Müəyyən bir konyuktur formalaşadıra bilərlər ki, rüsumlara baxsınlar. Bilməlidirlər ki, sosial vəziyyət çətindir, insanlar narazıdır, qiymətlər bahalaşır. Ona görə də rüsumlara yenidən baxmaq lazımdır. Ən azından bu istiqamətdə yumuşalmaya meyillik konyukturu formalaşdıra bilərlər. O halda bəlkə nəticə əldə etmək mümkün olsun. Hökumət antiinflyasiya tədbirləri çərçivəsində istehlak səbətinə daxil olan məhsulların idxalı, istehsalı, istehsala lazım olan xammal istiqamətində proqram hazırlayır. İndiki halda gözlənilən yalnız bu istiqamətlərdə müəyyən qədər yumuşalmaların olmasıdır”. (Bakupost.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.