“Tələbədən rüşvət alan professor daha şərəfsizdir, nəinki Dubaydakı qadınlar”

12-05-2016, 14:15           
“Tələbədən rüşvət alan professor daha şərəfsizdir, nəinki Dubaydakı qadınlar”
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının” icrası bu il başa çatdı. Tələbələrin xarici ali təhsil müəssisələrində təhsil almaları üçün bir illik fasilə verilib və nəticələr bu müddət ərzində təhlil olunacaq. Yeni proqramda iki istiqamətin əsas götürüləcəyi gözlənilir. Bunlardan biri magistr və doktorantura üzrə xaricdə təhsil olacaq. Digəri isə əcnəbi professorların yerli ali təhsil müəssisələrinə cəlb edilməsidir.

Bəs əcnəbi professorların Azərbaycan ali təhsil ocaqlarına cəlb edilməsi nəticə verəcəkmi? Nəzərə alsaq ki, Azərbaycan ali təhsil müəssisələri Boloniya sisteminə keçsə də, burada təhsil mühiti Qərbdəkindən köklü sürətdə fərqlənir, onda əcnəbi professorların Azərbaycanda necə işləyəcəyi maraq doğurur.

Professor Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, tələblərin xaricdə təhsili ilə yanaşı, əcnəbi professorların da Azərbaycan ali təhsil müəssisələrinə cəlb edilməsi çox vacibdir.

“İki cür təhsil texnologiyası var. Onlardan biri müəllimlərin ətrafında cəmləşmiş, bizim klassik texnologiyadır. Müəllim gəlir, dərs soruşur və yazdırır. Digəri Qrəb ölkələri, xüsusilə Boloniya sistemində tələbə ətrafında mərkəzləşdirilmiş texnologiyadır. Əsas fiqur burada tələbədir. Tələbə qrupları yaradılır, onlar bir-biri ilə mübahisə edir, professor isə jüri olur, onları yönəldir. Boloniya sisteminə keçid təkcə kağız üzərində qalmamalıdır, gərək o texnologiyada bizə gəlsin, sillabuslar dəyişsin. Çox universitetlərdə sillabuslar Qərb universitetlərinin sillabuslarına uyğun gəlmir. Kimsə deyə bilər ki, bizdə daha yaxşıdır. Söhbət kimdə yaxşı olmasında deyil, Boloniya sisteminə qoşulublarsa, burada modellik lazımdır. Tutaq ki, tələbə bir-iki il burada oxudu, sonra gedib xarici ölkədə təhsilini davam etdirə bilsin və ya oradan kimlərsə bura gələ bilsin. Keçdikləri dərslər hamısı bir-birinə uyğun gəlməlidir. Bu baxımdan hər iki təcrübəni dəstəkləyirəm, xaricdə oxumaq da çox yaxşıdır, yəqin ki, onu bərpa edəcəklər və lazımdır da. Lakin xaricdən Azərbaycana professorlar da çağırmaq yaxşıdır. Düzdür bu, bir az maliyyə tələb edir. Amma təhsildə heç bir maliyyəyə qənaət etmək düzgün deyil. Təhsil elədir ki, bir müddətdən sonra nəticə həmin maliyyəni on qat ödəyir”.

R.Əliyevin fikrincə hər iki təcrübə Azərbaycanda təhsil mühitini dəyişəcək.

“Bir millət kimi bizim xalq çox talantlıdır. Onun fərdləri çox savadlıdır. Ancaq bunun üçün mühit lazımdır. Xarici mühitlə təhsil alan tələblər 6 aydan sonra tamam başqa cür olurlar. Onun üçün mühiti dəyişmək və rüşvəti yığışdırmaq lazımdır. Ali təhsildə rüşvət olmamalıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs dediyim tələblərdin biri söylədi ki, tələbəsindən rüşvət alan professor daha şərəfsizdir, nəinki Dubaydakı qadınlar. Bunu səhifəmdə yazmışdım, 17 500 layk gördüm. O biri yazılarıma 200-300-dən artıq layk qoyulmur. Demək tələblər istəyirlər ki, mühit olsun”.

Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin fikrincə, həm Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı, həm də xarici ölkələrin təhsil təcrübəsinin Azərbaycana gətirilməsi paralel olaraq aparılmalıdır.

“Biri digərinə mane olmur, əksinə, tamamlayır. Növbəti ildən daha çox təhsil üzrə ekspertin, müxtəlif sahələr üzrə peşəkarların yetişdirilməsi, dövlət təqaüdünü aldıqdan sonra Azərbaycan ali məktəblərində bir müddət dərs deməkləri şərti qoyula bilər. Eyni zamanda proqramın adı dəyişdirilərək, xarici mütəxəssislərin Azərbaycan ali məktəblərinə gəlib dərs deməsini ehtiva edə bilər. Azərbaycanda kiçik miqyasda müxtəlif universitetlərdə aparılan islahatlar göstərir ki, iradə olduqda, Azərbaycan müəllimləri də, tələbələri də Qərb standartlarına uyğun təhsil verməyə və almağa hazırdırlar. Buna nümunə olaraq ADA universitetini və digər bir neçə universiteti göstərmək olar. Həmin universitetlərin kitabxanaları, tələbələri, tapşırıqları, dərs məzmunları ilə tanış olduqda hiss olunur ki, Avropanın bir çox ölkəsindəki bir çox ali təhsil müəssisələrindən daha keyfiyyətli tədris mühiti var. Sadəcə, növbəti ildən etibarən xaricdə təhsil dövlət proqramı ilə ali məktəblər arasında əməkdaşlığın xüsusi forması hazırlanmalıdır.

Bu proqrama sərf olunan vəsaitin ən optimal şəkildə istifadəsi nəzərə alınmalıdır ki, tələbələr xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıdıb öz sahələrindən kənar işlərdə işləməsinlər və xaricdə qalmağa daüstünlük verməsinlər. Əksinə, təhsil aldıqları sahələrdə ali məktəblərin işlərinə töhfə versinlər, öz bilik, təcrübə və bacarıqlarını daha çox gəncə ötürə bilsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.