"Hakimiyyət bunu bayram kimi qeyd etsə..." - MÜSAHİBƏ

16-05-2016, 17:42           
"Hakimiyyət bunu bayram kimi qeyd etsə..." - MÜSAHİBƏ
lin dörd ayı artıq arxada qalsa da, ölkə müxalifətinin hərəkətliliyi nəzərə çarpmır. Hər mövsüm açıqlanan “hücum planları” barədə də heç nə deyilmir. Üstəlik, aprel hadisələrindən, cəbhədə baş verən hərbi əməliyyatlardan sonra da müxalifətin hər hansı fəallığı hiss olunmadı. Ölkə müxalifətinin fəaliyyəti bəyanat verməkdən o yana keçmədi.

KXCP sədri Mirmahmud Mirəlioğlu musavat.com-un bu mövzuda suallarını cavablandırıb:

- Mirmahmud bəy, artıq yay yaxınlaşır. Ancaq müxalifətin “yaz planı” belə, açıqlanmayıb, hərəkətlilik yoxdur. Müxalifət niyə hər hansı plan qurmayıb?

- Mən bilmirəm, kimin nə planı var. Bizim fəaliyyət istiqamətlərimiz, fəaliyyət planımız var. Hər ilin sonunda növbəti il üçün nəzərdə tutulur və qəbul eidlir. O plana uyğun da hərəkət edirik. Azərbaycanda problem o qədər böyükdür ki, birinci problem həll olunmayana qədər, bütün digər problemlər, təşkilati işlər və sair hamısı kölgədə qalacaq. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, bu məsələlər, görülən işlərin hamısı arxa planda olacaq. Aprel döyüşləri də bütün bu məsələləri, görülən işləri, təşkilati məsələləri, hətta qəzetlərin planlamalarını da arxada qoydu. Millət, torpaq, vətən, şəhid kimi məsələləri, Azərbaycanın bütövləşməsi, ərazilərinin işğaldan azad olunmasını diqtə etdi. Ona görə də bütün digər məsələlər, iqtidar partiyasından tutmuş, Azərbaycanın sıravi vətəndaşlarına qədər, hər kəsin gördüyü işlər bütövlükdə bu istiqamətdə köklənməlidir. Bizim siyasi fəaliyyətimiz, hətta milyarder iqtidarımızla, hakim partiya ilə bir yerdə bütün görüşlərimizin hamısı son nəticədə faydalı iş əmsalı olaraq gəlib oraya düyünlənir. İndi o faydalı iş əmsalı sıfırdır, sıfırdan yuxarıdır, ya aşağı, onu zaman qiymətləndirəcək. Hətta nə iş görsək belə, bu məsələdə problem həll olunmayana qədər məsələlər bir az çətin olacaq. Nəyi uğur kimi qiymətləndirsək, nəyi planlaşdırsaq, yaz planı, payız planı və sair plandan asılı olmayaraq, gəlib oraya düyünlənməlidir. O problem həll olunmayana, hamımızı sevindirəcək hal baş verməyənə qədər, gördüyümüz işlər bu cür qiymətləndirilir.

- Ötən ilin sonunda KXCP fəaliyyət planını təqdim edərkən aprel hadisələri baş verməmişdi. Bu hərbi əməliyyatlardan sonra müxalifət partiyası olaraq KXCP hansı addımları atdı? Hakimiyyətə dəstək, yaxud təzyiq yönündə hansı adıdmlar atıldı?

- Aprel hadisələri hər hansı aksiya tələb etmirdi. Münasibət, mövqe tələb edirdi. Bu mövqe də hər zaman ortadadır. 1993-cü ildə qiyam yolu ilə Əbülfəz Elçibəy hakimiyyətdən devriləndən, milli hakimiyyət istefaya göndəriləndən sonra bizim qərarımız olub. Elçibəyin diqtəsi ilə qərar qəbul olunub ki, Qarabağ problemi ilə bağlı iqtidar-müxalifət münasibətləri ola bilməz. Vətənlə bağlı hansı qərar qəbul olunacaqsa, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, təqdir olunacaq. Buna da biz illərdir ki, riayət edirik. Artıq 23 ildir ki, bu qərarımız qüvvədədir və hər zaman da bunu demişik. Addım atmağa gəlincə isə, küçəyə çıxıb, harasa gedib xüsusi dəstək verməyə də ehtiyac yox idi. Biz bunu yenə açıqladıq. Dediklərimizin də bir qismi hakimiyyət tərəfindən zəif də olsa, icra olunmağa başladı. Hər şey cəbhə, qələbə üçün nəzərdə tutulduğuna görə bunu etdik. Təbii ki, həm də təkliflərimizi dedik. Heç nədən çəkinməyərək, onu da dedik ki, bu işlərdə hansı hərəkətləri mütləq etməliyik. Bunu toplantılarda da, yazılı və şifahi şəkildə də, müsahibələrdə də dedik. Mövqeyimiz vətən, millət, dövlət mövqeyidir və bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Baxmayaraq ki, ayrı-ayrı təşkilatlarda fəaliyyət bir az başqa cürdür, biz hər il həm də işğalın yaratdığı problemlə bağlı ayrıca bir bölmə də qəbul edirik. O istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Hökumətə təkliflərimizi veririk. Yenə də ölkə mediası təkrarlayır ki, sən demə, rus bizim dostumuz imiş, Rusiya bu məsələlərdə balanslaşdırılmış siyasət aparır, rus bizim doğmamızdır, bizə daha çox himayərdarlıq edir və s. Bunu səhv edirlər, mütləq düzəltməlidirlər. Bunlar yolverilməzdir. Bu, yol doğru yol deyil. Hər kəs bilir ki, Rusiyanın Azərbaycana, Qarabağ probleminin həllinə münasibəti necə ola bilər. Bu problemi Rusiya özü yaradıb və arxasında da durur. Lazım gələndə, sovet hakimiyyətini tənqid etməkdən belə çəkinmir, bizimkilər də buna uyurlar. Amma Rusiya Ermənistana silah da satır, himayədarlıq da edir, strateji, hərbi müttəfiq olur, baza yerləşdirir. Bunların hamısını görə-görə Azərbaycan hakimiyyəti yenə də yanlış yolda olur. Yaxın günlərdə biz rus qoşunlarının Azərbaycandan tamamilə çıxarılmasının ildönümünü qeyd edəcəyik. Bunu dövlət səviyyəsində və bayram kimi qeyd etmək lazımdır. Azərbaycan hakimiyyəti bunu bayram kimi qeyd etsə, Qarabağda qələbə qazanılmasının ilk addımı olar.

- KXCP də daxil olmaqla, müxalifət partiyaları aprel hadisələri ilə bağlı beynəlxalq təşkilatlara, beynəlxalq birliyə də hər hansı müraciət ünvanlamadı. Beynəlxalq birliyə, azından BMT-yə müraciət edilə bilərdiniz ki, torpaqlarımız, dinc əhalimiz erməni təhdidi altındadır. Nə səbəbdən bu addım atılmadı? Minsk Qrupundakı həmsədr dövlətlərə müraciət qəbul oluna bilərdi. Ancaq hakimiyyətə ünvanlanan bəyanatla kifayətləndiz.

- Biz əvvəlcə öz hökumətimizdən istəməliyik. Dəstəyimizi verməliyik. Şüarımız bu müddət ərzində “orduya dəstək, hakimiyyətdən tələb” oldu. Bunu da doğru saydıq. Hakimiyyət bunu qulaqardına vurur, qəbul edir, ya etmir, bunlar ayrı məsələlərdir. İndi öz aləmində guya arxivləri açıb, “1994-cü ildə bu məsələ oldu, keçmiş müdafiə naziri belə etdi, indiki məsələlər belədir” kimi fikirlər səsləndirilir. İndiki halda bizə təqdimatlı tarix lazım deyil. Sabaha yönəlik addımlar lazımdır və bu addımları biz atırıq. Azərbaycan Avropa Şurasına daxil olandan sonra Parlament Assambleyasında olan insanlarımızla bu məsələlər müzakirə olunanda, “siz haçan torpaqlarınızı aldınız ki, biz sizə dəstək vermədik? Gedin torpağınızı alın” kimi fikirlər deyilib. Bunu aprel döyüşləri də göstərdi. Bunu Mübariz İbrahimovun hərəkətləri də, onun qisasını almaq üçün Fərid Əhmədovun fərdi hərəkətləri də göstərdi. Biz haçan bu addımları atdıq ki, BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmadı? Biz mütləq hərbi yolla bu məsələləri həll etməliyik. Ondan sonra danışıqlar aparmaq olar. Azərbaycan dövlətinin ayrı-ayrı strukturlarının, hakimiyyətinin müraciətləri nə verirdi ki, müxalifətin müraciətlərindən də nəsə hasil olsun? Ona görə də bu, Azərbaycana hörmət gətirən və çıxış yolu olan bir məsələ deyil. Mən bir neçə dəfə seçkilərdə iştirak etmişəm, deputat olmuşam, bütün bunların hamısını da kifayət qədər bilirəm. Ona görə də bütün bu məsələlərdə müxalifətin dəstəyi hansı halda lazımdırsa, edilir. Bizim iştirakımız aprel göyüşlərində bundan o tərəfə ola bilməzdi.

- Ən azından hakimiyyət Rusiyaya hər hansı təpki göstərə bilmirdisə, müxalifət olaraq bunu etmək mümkün idi. Niyə ölkə müxalifəti heç olmasa, aprel hadisələrində Rusiyanın mövqeyinə sakit qaldı?

- Hər kəs hər şeyi çox gözəl bilir. Azərbaycan hakimiyyətinin başı o qədər qarışmışdı və qarışdırılmışdı ki, Kələntəryan Lavrov, Medvedyev və Azərbaycana gəlib-gedən diplomatlar, yaxud Azərbaycan hakimiyyətindəki yüksək çinli məmurlar Rusiya ilə necə əlaqə saxlayırdılarsa, yaxud Putinun zəngi nə idi kimi məsələlərə diqqət çəkirdi. Bunlar öz yerində, bunların hamısında axırda biz qınanılacağıqsa, bütün günahları boymumuza götürə bilərik. Amma məsələ elə deyil. Bir az paralellik aparanda belə çıxır ki, İrəvan daha çox antirusdur, nəinki Azərbaycan... İrəvan iqtidarlı-müxalifətli bütövlükdə Rusiyanın əleyhinədir. Azərbaycan hakimiyyətinin ruspərəstliyi öz yerində, hələ bir müxalifəti də rusa heç nə demir. Bu fikirləri bir batman balla yemək olmaz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.