Murdar ətdən hazırlanan dönər, şadlıq evlərinin fırıldağı və “leşdaşıyan” şəbəkənin himayəçisi…
16-05-2016, 22:46
Murdar və ya xəstə heyvan ətlərinin rayonlardan ucuz qiymətə alaraq Bakıya satmağa gətirən “leşyığanlar” şəbəkəsindən neçə illərdir yazılır. Istifadəyə yararsız ətlərin şadlıq evləri, kolbasa sexləri və dönərxanalara satıldığına dair məlumatlar da verilir. Təkcə son 1 ayda hüquq-mühafizə orqanları tərəfindən 100 tona yaxın istifadəyə yararsız ət aşkarlanıb. Doğrudur, əti satmaq istəyənlər saxlanılıb, ət yandırılaraq zərərsizləşdirilib. Lakin bu kimi tədbirlərlə leşyığanlar şəbəkəsinin kökünü tam kəsmək, hələ ki, mümkün deyil. Bəs nə etməli? Kolbasa, sosiska və ya dönərdən imtina etməklə sağlamlığımızı qoruya bilərikmi? Ətin qida üçün yararlı olub-olmadığını necə müəyynləşdirmək olar?
Virtualaz.org saytının bu və digər suallarını Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev cavablandırıb:
“İnəyi ağaca bağlayıb, maşını sürdülər…”
- Hazırda ətin tədrükü, istehsalı və istehlakçılara çatdırılması prosesinin icrasında çox böyük problemlər var. Çünki ölkədə yalnız 6-7 yerdə ət kəsim məntəqələri var. Doğrudur, “Əhalinin ərzaqla ehtiyatlı təminatı” Dövlət Proqramında özəl əsaslarla ət kəsim məntəqələrinin təşkili nəzərdə tutulmuşdu. Səhiyyə Nazirliyinə ət sallaqxanalarının layihələndirilməsinə, tikinti zamanı sanitar qaydalara riayət olunmasına nəzarət etmək tapşırılmışdı. Bu proqramın icrası ötən il başa çatdı. Proqrama əsasən, bir neçə yerdə özəl əsaslarla ət kəsim məntəqələri istifadəyə verildi. Hazırda bir neçə məntəqənin tikintisi davam edir. Lakin problem ondadır ki, bu məntəqələrin işlək mexanizmi yoxdur. Məsələn, sallaqxana açılıb, amma kəsim prosesi orada aparılmır. Heyvan kəsimi üçün şərait yaradılmayıb. Bakıya əsasən diri heyvanlar gətirilir. Deyək ki, diri heyvanların əti sağlamdır. Amma bu heyvanlar əhalinin gözü qarşısında, məktəblərin yanında, yəni elə küçədəcə kəsilir. Halbuki, diri heyvanların kəsim yeri insanların gediş-gəliş ərazilərindən kənarda olmalıdır.
Sizə şahidi olduğumuz bir hadisədən danışım. Ət sallaqxanasına gətirilən heyvanı avtonəqliyyatdan düşürmək istəyirdilər. Bunun üçün heyvanı ağaca bağlayıb, maşını sürdülər. Heyvan maşından yerə çırpılıb, ağaca dəydi. Doğrudur, bu heyvan kəsim üçün gətirilib, amma ona belə əzab verilməməlidir. Ət kəsiminin sanitar-gigiyenik tərəflərindən başqa mənəvi-psixologi tərəfləri də var.
O ki qaldı murdar və ya xəstə heyvan ətini satanlara, əti toplayanlar, daşıyanlar və bu əti alanlar bir şəbəkədə birləşiblər. Burada artıq inzibati xətadan deyil, cinayət əməlindən söhbət gedir. Yəqin xatırlayırsınız, Xaçmazda çoxlu sayda at baş-ayağı tapılmışdı. Bu kəsilən atların əksəriyyəti oğurluqdur. Yəni at oğruları da bu şəbəkəyə daxildirlər. Yoxsa heç kim kəsim üçün bu qədər at saxlamaz. Bu şəbəkənin əməllərinə bölgələrdə hüquq-mühafizə orqanları laqeyd yanaşıblar. Yararsız ətlərin iaşə mərkəzlərinə, dönər sahələrinə, kolbasa müəssisələrinə gətirildiyi ehtimal olunur. Buna görə də, istintaq aparılmalı, bu ətlərin hara satıldığı aşkarlanmalıdır. Alıcı olmadan əti Bakıya gətirmək istəməzlər. Bu yaxınlarda kolbasa sexlərinin birində yararsız ətdən istifadə edildiyi aşkarlanmışdı.
“Ölmüş heyvanın əti yeyilə bilərmi?”
- Ölmüş heyvanın ətindən istifadə zəhərlənməyə səbəb ola bilərmi?
- Heyvan öləndən 2 saat sonra onun ətindən istifadə etmək olmaz. Çünki heyvanın orqanizmində olan toksiki maddələrin hamısı ətə keçir. Bu isə ciddi fəsadlara səbəb ola bilər. Eləcə də, xəstə heyvan ətindən istifadə etmək olmaz. Bundan əlavə, ət kəsimi zamanı kənardan mikroorqnizmlər düşə bilər. Kolbasa müəssisələri və ya dönərxanalar ölmüş və ya xəstə heyvanın ətindən istifadə edərsə, təhlükəli vəziyyət yaranar. Xüsusilə, dönər hazırlanarkən ət tam bişmir. Belə ətin tərkbində toksin olarsa, bişirilsə belə, zəhərlənmə baş verə bilər.
- Sonuncu dəfə hansı müəssisədə yoxlama aparmısınız? Yararsız ətdən istifadə faktı aşkarlanıbmı?
- Sahibkarların yoxlanılması 2 il müddətinə dayandırılıb. Yalnız qanunla nəzərdə tutulan hallarda, məsələn, sahibkardan konkret sübutlara əsaslanan şikayət edilərsə və ya kütləvi informasiya vasitələrindən müraciət daxil olarsa, yoxlama aparıla bilər. Lakin əvvəlcə İqtisadiyyat Nazirliyindən razılıq alınmalı, vahid məlumat reyestrində qeydiyyat aparılmalıdır. Buna görə də, son vaxtlar yoxlamaların sayı azalıb. Demək olar ki, artıq heç bir müəssisə yoxlanılmır. Amma şikayətlər olduğu halda mütləq araşdırılır və cavab verilir.
Azərbaycanlılar at əti yemək istəmir, amma yeyir
- Qeyd etdiyiniz kimi, yararsız ətlərin içərisində at ətinə də tez-tez rast gəlinir. At ətindən istifadə qanunla qadağan edilməyib. At əti istehsal sahəsində istifadə olunurmu?
- Azərbaycanda at ətindən istifadəyə qadağa qoyulmayıb. Yəni istehsal müəssisələri, məsələn, kolbasa sexləri at ətindən istifadə edə bilərlər. Hətta at ətindən hazırlanan kolbasaların stardartları da müəyyən edilib. Amma at ətindən istifadə olunduğu halda, bu barədə istehlakçıya məlumat verilməlidir. Bu məlumatı verməməklə istehlakçıları aldadırlar. Azərbaycan əhalisi at ətini yemir. Buna görə də, istehsalçı istehlakçını aldadır. Əhalinin böyük əksəriyyəti at əti yemədiyi üçün bu ətdən istifadəyə qadağa qoyula bilər. Doğrudur, at əti təhlükəli deyil. Amma söhbət ondan gedir ki, əhali hansı heyvanın ətindən istifadə etdiyini bilməlidir.
- Ölü, və ya xəstə heyvan ətinin ucuz qiymətə dönərxanalara satıldığı iddia edilir. Amma mal ətindən deyil, toyuq ətindən dönər hazırlanması qadağan edilib. Onsuz da bu qadağaya riayət edilmir. Qərarın ləğvi nəzərdə tutulubmu?
- Doğrudur, yoxlamalar dayandırıldıqdan sonra bu sahəyə nəzarət zəifləyib. İndi əksər ərazilərdə toyuq ətindən dönər hazırlandığının şahidi oluruq. Hətta sahibkarlar Nazirlər Kabinetinə müraciət edərək toyuq ətindən dönər hazırlanmasına qoyulan qadağanın ləğv edilməsini istəyiblər. Amma müəssisələrdə müəyyən şəraitlər yaradılmalı, toyuğu kəsmək üçün yerlər olmalıdır. Toyuğu digər ərazidə kəsdirmək, sonra müəssisəyə daşımaq məhsulun çirklənməsinə səbəb olur. Bu növ ətdən zəhərlənmə daha tez baş verir. Biz başa düşürük ki, sahibkarlar mənfəət əldə etmək istəyirlər. Amma qanunlar öndədir, sahibkar da qanunları rəhbər tutaraq işləməlidir. Biz yalnız ət satışı, dönərxanaların fəaliyyətindən danışırıq. Amma digər ərzaq məhsullarının istehsalında, daşınmasında da problemlər var. Məsələn, çörəyin daşınmasında problemlər yaşanır. Sahibkar əlavə vəsait xərcləyib çörək daşımaq üçün avtonəqliyyat almaq istəmir. Səhər adam daşınır, axşamlar da o oturacaqlara açıq şəkildə çörək yığılaraq daşınır.
Şadlıq evlərinin şad olmayan tərəfləri
- Bəs, şadlıq evlərində vəziyyət necədir? Yoxlamaların dayandırılmasından sonra şikayət daxil olubmu?
- Dövlət sahibkarlara yaşıl işıq yandırdı. Sahibkarların yerli-yersiz yoxlanılmasının qarşısını almaq üçün reyestr xidməti, risk qiymətləndirmə sistemi yaradıldı. Ancaq sahibkar da gərək yaradılan şəraitdən öz mənafeyinə görə istifadə etməsin. Bu baxımdan şadlıq evləri də bizim ağrılı yerimizdir. Digər iaşə müəssisələrindən fəqli olaraq, şadlıq evlərində qida qəbulu bir vaxta düşür. Toy başlayandan sonra heç kim gedib orada yoxlama apara bilmir. Dəfələrlə ucuz ət alaraq digər ətə qarışdırılmasının şahidi olmuşuq. Spirtli və ya sərinləşdirici içkilər də qarışdırılır. Yəni məqsəd ucuz qiymətə alınan məhsulları toy sahibinə satmaqla pul qazanmaqdır. Ucuz məhsul isə təbii ki, qeyri-qanuni hazırlanır, ya da tərkibinə lazım olan bütün qatqılar qarışdırılmır.
Şadlıq evlərində çalışan ofisiantların əksəriyyəti günəmuzd küçədən tutub gətirilənlərdir. Halbuki, onlar işə götürülərkən sağlamlığı yoxlaılmalı, sonra onlara müştəri ilə rəftar qaydaları öyrədilməlidir. Digər tərəfdən, şadlıq evlərində qeydə alınan zəhərlənmələr şirniyyatdan, tortlardan ola bilər. Bir misal çəkim, “Zəngəzur” şadlıq evində qeydə alınan zəhərlənmələrdən sonra mərkəzimizə bir xanım müraciət etmişdi. Xanım indiyə qədər şadlıq evi üçün tort bişirib, zəhərlənmədən sonra isə müəssisə rəhbəri ondan sertifikat gətirməsini tələb edib. Təbii ki, evdə hazırlanan qidalar üçün sertifikat verilmir. Təsəvvür edin ki, belə problemlərlə yüz dəfə qarşılaşırıq.
Salatlara, soyuq qəlyanaltılara gəldikdə isə, qədərindən artıq hazırlnmış məhsul səhərə, birigünə saxlanılır. Şadlıq evlərinin soyuducu sexi olmalıdır. Bu sexlərdə havanın temperaturu 17 dərəcədən yüksək olmamalıdır. Amma heç bir şadlıq evində belə sexlər yoxdur. Bir-iki şadlıq evində soyuducu sex varsa da, olanlar da pul sərf etməmək üçün soyuducuları işlətmir. Şadlıq evlərinin rəhbərləri vəziyyətdən çıxmaq üçün toyun keçiriləcəyi zalı soyudur, yeməkləri saat 1-dən masanın üstünə düzürlər. Zalda nə qədər kondinsoner işləsə də, otaq 24-25 dərəcədən artıq soyumur. Halbuki, bu salatlar 4-5 dərəcədə saxlanılmalıdır. Son nəticədə də zəhərlənmələr baş verir.
- Zəhərlənmələrdən söz düşmüşkən, bu il nə qədər zəhərlənmə hadisəsi qeydə alınıb?
- Bu ilin ilk 5 ayında 182 zəhərlənmə hadisəsi baş verib. Bu zaman 222 nəfər zərər çəkib. 22 botulizm hadisəsi qeydə alınıb ki, bundan da 1 nəfər ölüb, 27 nəfər zərər çəkib. Əsasən, evdə hazırlanmış qidalardan, məsələn, konservləşdirilmiş məhsullardan zəhərlənmə baş verir. Buna görə də, məhsulun saxlanması qaydalarına ciddi riayyət edilməlidir.