İsa Qəmbər xəstə adamdır, ürəyi dözümsüzdür, bir şey olsa, Allah qarşısında cavab verə biləcəklər?" - Novella Cəfəroğlu
1-05-2023, 17:28
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı paylaşımına görə tənqid edilməsini “oğlu üzərindən İsa Qəmbərə hücumlar iyrəncdir” kimi şərh edib. Pənah Hüseyn bu cümləsini sosial şəbəkədə yaralı şir və ona hücum edən çaqqal sürüsü fotosu ilə paylaşıb. Onun bu paylaşımı müzakirə yaradıb. Bildirilib ki, İsa Qəmbəri tənqid edənləri “çaqqal sürüsü” adlandırmaq doğru deyil.
teref.AZ-ın məlumatına görə, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə deyib ki, Pənah Hüseynin yanaşması doğrudur.
O bildirib ki, Sovet dövründə Mikayıl Müşfiq, Hüseyn Cavid kimi doğru sözü deyənləri də düşmən adlandırır, onların ailələrini yox edirdilər: “Əlbəttə, İlkin Qəmbər əclaflıq edib. Bu, onun öz ailəsinə, İsa Qəmbərə, eyni zamanda Azərbaycana, millətinə qarşı çox iyrənc hərəkətdir. Amma İsa Qəmbərin bunda nə günahı var? Hamı onun üstünə şığıyıb. İlkin Qəmbərin 40 yaşı var və 9 ildir ki, Azərbaycandan gedib. 9 ildir, bu insan kimin yanındadır, ətrafında kimdir, fikirlərini kim formalaşdırır? Burdan gedəndə normal uşaq idi. Bu gün atasını suçlamaq ki, sən ona tərbiyə verməmisən... O qədər dahi ailələrin uşaqları “bandit” çıxıb, narkoman olub ki. İndi də belə hallar var. Onda o uşaqların ataları günahkardır? Yəqin ki, İlkin Qəmbərə də düşdüyü mühitin təsiri olub. İyrənc fikirlər səsləndirib və onu bağışlamaq olmaz. Amma İsanın bura nə dəxli var? İsaya niyə bu qədər söz deyirlər? İsanın üstünə elə sürü kimi gəldilər ki. Bu, doğrudan da, xoşagəlməzdir. Xəstə adamdır, ürəyi dözümsüzdür. Sabah, Allah eləməsin, İsa Qəmbərə bir şey olsa, Allah qarşısında cavab verə biləcəklər? Xəstə insanın üstünə bu qədər getmək olar? Onsuz da İsanın dərdi özünə bəsdir. İsa Qəmbərdən çox ürəkləri ağrımır ki. İsa Qəmbər ona söz deyənlərdən də artıq fikirləşir, onlardan ağır dərdi var. Onun üstünə getməyi düzgün hesab edirsiniz? Pənahın dediklərinə də bu prizmadan baxmaq lazımdır. Olmaz, düzgün deyil”
N.Cəfəroğlu bildirib ki, bu gün üç-dörd nəfər ədalətli insan qalıb: “1984-cü ildə heç kimin - akademikdən tutmuş, heç bir alimimizin qeyrəti çatıb Zori Balayana cavab verməyəndə cavan alim İsa Qəmbər Zori Balayana cavab verdi. Bütün dünyada da bu, səsləndi. Bu cavabın İsa Qəmbərə aid olmadığını kim deyirsə, qələt edir. İsa Qəmbərin əlindən çıxan əl yazısını köçürüb bütün millətə paylayırdıq. İndi min söz deyəcəklər, bunlara nə var...”
N.Cəfəroğlu “İsa Qəmbərin oğlu ilə bağlı mətbuata verdiyi açıqlama çox yumşaq oldu, o, oğlundan imtina etməli idi” deyənlərə isə belə cavab verib: “Övladından necə imtina etsin? İlkin Qəmbər 9 il əvvəl Azərbaycanda olanda ona iş tapılmadı. İsa Qəmbərin oğlu olduğu üçün işi yox idi. Azərbaycandan çox incik gedib. Doğrudur, Rauf Arifoğlu onu işə götürdü. Amma İlkin Qəmbərin əvvəldən fərqli fikirləri var idi. Ailədə hamı eyni olmur ki. O vaxt milli mücadilə verirdik. Uşağa nənəsi baxıb, Allah rəhmət eləsin. İlkin Qəmbəri nənəsi ərkəsöyün saxlayıb. Ola bilər, kiminsə təsirinə tez düşüb. Yenə deyirəm, buna görə İsa Qəmbəri günahlandırmaq düzgün deyil. Oğlu İsaya elə böyük dərd verdi ki. Kənardan ona təskinlik vermək, “əşi, fikir vermə, hamının ailəsində olur” demək əvəzinə, xəstə adamı tərbiyəsizlikdə günahlandırırlar. Belə məsələ bu gün hər bir ailənin qapısını döyə bilər”.