Zabit Səmədov: “O videodakı “müəllimin” də, onu ora yerləşdirənin də cəzası ağır olmalıdır”

3-05-2023, 12:44           
Zabit Səmədov:
“Zabit Səmədov” döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, “Mauqli” ləqəbli Zabit Səmədov yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikirlərini bölüşüb.

“Operativ Media”ya açıqlama verən Zabit Səmədov, sözügedən hadisənin baş verdiyi anın videosunu məyusluqla izlədiyini qeyd edib.

Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin videodakı hərəkətlər nəinki müəllimə, heç insanlığa da sığmır. Biz müəllim olaraq uşaqlara öz övladımız kimi yanaşmalıyıq. Mənim özümün döyüş məktəbim var, burada məşqçilərin hər biri müəyyən titullu və təcrübəyə malik şəxslərdir. Hazırda bizimlə çalışan müəllimlər arasında öz ölkəmizlə yanaşı, ukraynalı, rusiyalı, belarusiyalı və digər ölkələrin peşəkarları da yer alır. Bütün prosesə özüm nəzarət edirəm. Bəzən uşaqlarla məşq də edirəm. Bunları ona görə deyirəm ki, burada məsuliyyət həm də idman klubunun üzərindədir. Çünki rəhbərlik düzgün adamları seçməli, obyekti düzgün adamlara həvalə etməlidir. Məşqçilik edən adamın keçmişini, psixologiyasını, dünya görüşünü araşdırmaq həm də obyekti ona verən adamın borcudur. Valideyn də ona güvənib uşağını oraya göndərir.

Mən düşünürəm ki, bu bədbəxt hadisəyə görə müəllimdən başqa, bilmirəm indi hansı federasiyanın nəzarətində olmalı idi, amma görüntülərdən cüdo fəndlərinin yerinə yetirildiyi görünür - onlar da, obyekti icarəyə verənlər də və ümumiyyətlə günahkar kimlər varsa hamısı aşkarlanmalı, layiqli cəzalarını almalıdırlar.

Keçirilən məşqin videosundan da görünür ki, burada heç nə qaydasında deyil. Birincisi müəllim bilməlidir ki, azyaşlı uşaqlara hansı fəndləri keçmək olar, hansıları yox. Həmin fəndlər də müəyyən müddətdən sonra (məsələn, 6 ay, 1 il) tətbiq edilə bilər.

Bizim zala 5 yaşında da uşaqlar gəlir. Amma 5 yaşında uşağa döyüş məşqi keçmirik. Hər yaşa uyğun müəyyən proqramlar var. Bunlar peşəkarlar tərəfindən müəyyən edilib. Yəni, kimsə öz ağlına uyğun, körpə uşaqlara istədiyi fəndi tətbiq etməli deyil. Döyüş özü elmdir. Onu əvvəlcə nəzəri cəhətdən bilmək lazımdır ki, praktikada uğurlu tətbiq edəsən.

Müəllimləri işə götürərkən xüsusən tapşırıq veririk ki, uşaqları yükləmək olmaz. Onlar bunu bilsə də, biz kamera vasitəsilə bütün prosesə nəzarət edirik. Eyni zamanda, valideynlər həm evdən, həm də zalın gözləmə otağından uşaqların məşq prosesini canlı izləyə təklif və iradlarını bildirə bilərlər.

Həmin videodakı şəxs nə müəllimə oxşayır, nə də hərəkətləri insan hərəkətinə. Sizə onu da deyim ki, onun oraya hansı vəziyyətdə gəldiyi də məlum deyil. İnsan necə belə davrana bilər?

Bu şəxsə o zalı verən adam, ya qurum, təşkilat ona birbaşa nəzarət etməli idi. Mən oxudum ki, Cüdo Federasiyası deyib bizlik deyil. Amma bu adam videoda boks dərsi keçmir, “brasok” atır.

Bu cür hərəkətin cəzası ağır olmalıdır. Tək onun yox, onu ora yerləşdirənin də”, - deyə Z.Səmədov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.