Azərbaycan-Ermənistan sazişi hansı halda möhkəm olacaq - Moskvada, ya Qərbdə imzalansa...

11-05-2023, 11:04           
Azərbaycan-Ermənistan sazişi hansı halda möhkəm olacaq -
Qabil Hüseynli: “Rusiyanın meydandan çəkilməsini, ümumiyyətlə Cənubi Qafqazdan çıxmasını çox arzulayıram”

Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda irəliləyişin olduğu bildirilir. Görünən odur ki, güc mərkəzləri sülh müqaviləsinin məhz onların vasitəçiliyi ilə imzalanmasına can atır.

Təsadüfi deyil ki, Moskva ABŞ-da baş tutan görüşdən sonra dərhal dövriyəyə girdi. Ortada sülh danışıqlarının “Moskva” və “Brüssel” versiyalarının olduğu bildirilir. Qeyd olunur ki, “Brüssel variantı”nda Ermənistanın Qarabağa iddiadan tam və qeyd-şərtsiz imtinası nəzərdə tutulur. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədlərinin təcili demarkasiyası-delimitasiyası, Avropa və Amerika strukturlarının nəzarəti altında regional kommunikasiyaların açılması və fəaliyyəti və Ermənistanla Türkiyə arasında sərhədin açılmasına şəraitin yaradılması öz əksini tapır.

“Moskva variantı”na gəldikdə, iddia edilir ki, Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyinin bərpası üçün Rusiyanın istəkləri var. Buna görə Rusiya sülhməramlılarının Qarabağda davamlı qalması üçün şərait yaradılmasını, Rusiya hərbi xəritələrinə əsasən sərhədlərin demarkasiyası aparılmasını və Rusiya FSB-nin sərhəd qoşunlarının nəzarəti altında kommunikasiyaların açılmasını istəyir. Türkiyə-Ermənistan münasibətlərinin qurulması da bura daxildir. Təbii ki, Rusiya bunun da öz nəzarətində baş verməsinə çalışır.

Bütün bunların fonunda ortaya maraqlı sual çıxır: Azərbaycan-Ermənistan sazişi hansı halda möhkəm olacaq - Moskvada, ya Qərbdə imzalansa?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq Qərbin mövqeyi əksər nüansları ilə ortadadır: “Bunu qaneedici saymaq olar. Rusiya isə sülhyaratma prosesində dəfələrlə müxtəlif oyunlara gedib, ortaya sülh sazişini poza biləcək zərərli ideyalar atıb. Məsələn, Qarabağ probleminin sonrakı nəsillərə saxlanılması və s. bu kimi strateji maraqlarına uyğun olmayan addımları göstərmək olar. Rusiyanın iştirakı ilə saziş imzalanarsa, bu, möhkəm və dayanıqlı olmayacaq. İnanmıram ki, tərəflərin də bir-birinə yaxınlaşmaq meyli olsun. Amma Amerikanın, Avropa Birliyinin dəstəklədiyi “Brüssel danışıqları” məncə uğurla başa çata, saziş hər iki tərəfi qane edə bilər. Mən Rusiyanın meydandan çəkilməsini, ümumiyyətlə Cənubi Qafqazdan çıxmasını çox arzulayıram. Hətta Rusiyanın indi də mane olmaq cəhdləri var. Qarabağda olan erməniləri qızışdırırlar, əlaltdan onları silahlandırıb, Azərbaycanla qarşıdurmaya çağırırlar. Sülhməramlılar da orta məktəb şagirdlərinə belə silahla davranmaqla bağlı təlimlər keçir. Gözümüzün önündə, bizim ərazimizdə Azərbaycana qarşı müxtəlif fitnəkar hərəkətlər edir. Bu nöqteyi-nəzərdən də mən Rusiyanın fitnələrinin davam edəcəyini təxmin edirəm. Amma sülh bağlanarsa, hər iki ölkə öz yollarına davam edərsə, rusların burda nə edə biləcəkləri barədə təsəvvürlər formalaşa bilər. Bu da rus sülhməramlılarının bölgədən çıxarılmasına gətirib çıxarar”.

Politoloqun sözlərinə görə, Brüssel danışıqlarında biz daha çox irəliyə getmişik. Ölkəmiz üçün ən vacib olan məsələ sülh sazişidir. Rusiya istiqamətində aparılan danışıqlarda isə daha çox dəhlizlərin açılması, delimitasiya və demarkasiya ilə bağlı məsələlər müzakirə edilmişdi. Ümumilikdə isə Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Hər halda, Rusiya tərəfi son zamanlar sülh haqqında danışmağa başlayıb. Təbii ki, burada müəyyən qısqanc yanaşmalar var. Eyni zamanda strateji baxımdan Rusiya Qarabağ məsələsinin həll olunmasını istəmir. Rusiya daha çox bu məsələni nəzarət altında saxlamaq niyyətindədir. Amma Brüssel görüşlərində Azərbaycan öz istəkləri ilə bağlı daha çox irəliləyişə nail ola bilir. Burada ABŞ-ın vasitəçiliyi də prosesə mümkün qədər kömək edir”.

Politoloq hesab edir ki, “Brüssel danışıqları”nda biz daha çox irəliyə getmişik: “Ölkəmiz üçün ən vacib olan məsələ sülh sazişidir. Rusiya istiqamətində aparılan danışıqlarda isə daha çox dəhlizlərin açılması, delimitasiya və demarkasiya ilə bağlı məsələlər müzakirə edilmişdi. Ümumilikdə isə, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Hər halda, Rusiya tərəfi son zamanlar sülh haqqında danışmağa başlayıb. Təbii ki, burada müəyyən qısqanc yanaşmalar var. Eyni zamanda strateji baxımdan Rusiya Qarabağ məsələsinin həll olunmasını istəmir. Rusiya daha çox bu məsələni nəzarət altında saxlamaq niyyətindədir. Amma Brüssel görüşlərində Azərbaycan öz istəkləri ilə bağlı daha çox irəliləyişə nail ola bilir. Burada ABŞ-ın vasitəçiliyi də prosesə mümkün qədər kömək edir”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.