“Son təxribatlar Rusiyanın dəsti-xəttidir” - HƏQİQƏTƏN DƏ...
13-05-2023, 00:02
“Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Əgər Qarabağda da mövqelərimiz atəşə tutulursa, deməli, durum dramatikdir. Əlbəttə, son təxribatlar Rusiyanın dəsti-xəttidir, onların planlarının tərkib hissəsidir”.
TEREF.AZ bildirir ki, bu sözləri Reyting.az-a professor Qabil Hüseynli istər Azərbaycan-Ermənistan şərti sərhəddində, istərsə də separatçı ermənilərin məskunlaşdığı və Rusiya hərbi kontingentinin müvəqqəti nəzarət zonasında olan Azərbaycan ərazilərindəki təxribatlardan danışarkən deyib.
Professor diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın təsiri altındadır.
Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi prosesini pozmağa, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının qarşısını almağa və bu bölgədə “ipləri” öz əlində saxlamağa çalışır.
Q. Hüseynlinin iddiasına görə, Rusiya son bir neçə ildə artıq üçüncü dəfədir ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesini pozmağa cəhd edir:
“Əslində Qərbdə də bilirlər ki, prosesi kim və nəyə görə pozmağa çalışır. Ümid edək ki, rusların bu istək və məqsədləri nəticəsiz olacaq və regionun gələcəyi naminə sülh danışıqları uğurla davam etdiriləcək”.
Professor bildirib ki, hazırda diqqət Bressel görüşünə cəmləşib: “Ermənistan baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, Brüsselə gedəcək, amma sülh sazişinin imzalanması üçün zaman lazımdır, çünki birgə sazişin üzərində işlənməlidir və s. Düşünürəm ki, Paşinyanın bu sözləri Rusiyanın maraqlarının həyata keçirilməsidir. Rusiya Paşinyanın əli ilə Brüssel prosesini pozur, onu nəticəsiz etməyə çalışır. Azərbaycanın mövqeyi isə son dərəcə qəti və açıqdır, təkliflərini irəli sürüb, sülhün əldə edilməsinin vacibliyini bəyan edib”.
Q. Hüseynli deyib ki, Kişinyovda Avropa Siyasi İcmasının növbəti görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüş təklifi edilib. “Həmin görüşdə Makron və Almaniya kansleri Şoltsun da iştirak ehtimalı var. Daha doğrusu, Paşinyan çalışır ki, Makron da görüşdə olsun. Azərbaycan tərəfinin bu görüşdə iştirak edib-etməyəcəyi isə hələlik bəlli deyil. Amma aydındır ki, Bakı Makronun iştirakı ilə danışıqların aparılmasını dəstəkləmir, bunu istəmir. Odur ki, əgər prosesdə Makronun iştirakı ortaya çıxacaqsa, zənnimcə, Bakı bu görüşə qatılmayacaq”,- deyə Q. Hüseynli fikrini yekunlaşdırıb.