“Rusiya kimin tərəfində olduğunu göstərdi” - Tofiq Zülfüqarov
19-09-2023, 00:08
“Məlum olduğu kimi, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 TIR ərzaq yükü Ağdam-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərildi. 30 ildə Rusiya Azərbaycana bir dəfə də olsun, heç bir humanitar yardım göndərməyib. Faktiki olaraq, Azərbaycanda bir milyon sakin qaçqın və məcburi köçkünə çevrilmişdi. İndi də Rusiya Azərbaycan ərazisindən istifadə etməklə humanitar yardımı ermənilərə apardı. Bununla da Rusiya bir daha kimin tərəfində olduğunu göstərdi”. Bunu Bakupost.az -a politoloq Tofiq Zülfüqarov deyib. O bildirib ki, Qarabağda ermənilər yaşayan ərazidə Ermənistan tərəfindən yalan təbliğat aparılır: "Rusiyanın həmin əraziyə yardım göndərməsi əslində Ermənistanın apardığı təbliğata aydınlıq gətirdi. Rusiya tərəfindən ora yardımın aparılması ilə onların “aclıq və humanitar” böhranla bağlı təbliğatları ifşa olundu”.