“Qarabağdan nə qədər erməninin köçməsi Azərbaycan üçün o qədər də önəmli deyil…”
6-12-2023, 17:44
“Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixli lokal əməliyyatından sonra Qarabağdan könüllü(!) şəkildə çıxan ermənilərin sayını Ermənistan da, xarici mənbələr də 100 mindən çox göstərdi. Ancaq Azərbaycanın müvafiq qurumları bu haqda rəsmi rəqəm açıqlamadı və buna reaksiya da vermədi. Yəni belə çıxdı ki, doğrudan da, cəmi bir həftəyə yaxın müddətdə Azərbaycan ərazisindən 100 mindən çox erməni çıxa bilib. Halbuki, o əraziyə siz də bələdsiniz, sərt döngəli, dolama və o qədər də geniş olmayan Şuşa-Laçın-Gorus yoluyla qısa müddətdə avtomobillərlə o sayda adamın çıxması mümkün deyildi. Sizin nə məlumatınız var, bu rəqəm barədə?”
Moderator.az əməkdaşının bu sualla müraciət etdiyi hərbi ekspert Ədalət Verdiyev cavabında bunları söyləyib:
“Azərbaycan ərazilərini tərk edən ermənilərin sayını təsdiq və ya təkzib etmək üçün əlimdə xüsusi mexanizm, yaxud həmin sayı hesablayacak resurslar mövcud deyil. Lakin qeyri-rəsmi məlumatlara əsasən deyə bilərəm ki, Qarabağdan köçmüş ermənilərin sayı göstəriləndən bir qədər az ola bilər. Amma bu yenə də heç nəyi dəyişmir. Çünki həmin əhalinin böyük bir hissəsi Ermənistan vətəndaşları, digər hissəsi isə xarici ölkələrdən gələrək Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılmış erməniəsilli adamlar idi. Qarabağdan Ermənistana gedən yolun dolanbac, narahat olması isə o demək deyil ki, 100 min insan bir həftədə o yolla ərazini tərk edə bilməzdi. Əgər hətta hesab etsək ki, Azərbaycan ərazisindən doğrudan da, 100 mindən çox erməni köçüb… Çünki onların əksəriyyəti Azərbaycanla sərhədə çox yaxın olan Gorunzur kəndinə gedir, daha sonra onları digər rayonlara paylaşdırırdılar…
Hər bir halda Qarabağın dağlıq hissəsindən nə qədər erməninin köçməsi Azərbaycan üçün o qədər də önəmli deyil. Bizim üçün önəmli olan odur ki, ermənilərin könüllü olaraq tərk etdiyi ərazidə qalan şəxsi əmlaklarına toxunmuruq. Onlara aid evlər Azərbaycan dövləti tərəfindən qorunur. Qarabağda doğulub boya-başa çatan və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilər istədikləri halda geri qayıdıb ərazimizdə yaşaya bilərlər. Lakin Qarabağa qayıdacaq ermənilərin sayının çox olacağını düşünmürəm. Çünki onların əksəriyyəti bu və ya digər şəkildə silahlı birləşmələrin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib. Ona görə də belələrinin Qarabağ geri dönüb yaşayışını davam etdirməsi məqsədəuyğun olmaya bilər...”