"Bəzən görürsən ki, qadınlar açıq-saçıq geyimdə, gödək ətəkdə minbərin altından o tərəf-bu tərəfə keçirlər" - İlahiyyatçı
5-02-2024, 16:25
"Bəzən görürsən ki, qadınlar açıq-saçıq geyimdə, gödək ətəkdə minbərin altından o tərəf-bu tərəfə keçirlər"
Bəzi xanımların məscidlərə daxil olarkən baş örtüsündən istifadə etməmələri narazılıq yaradıb. Bildirilir ki, hətta xüsusilə yay aylarında açıq-saçıq geyimdə məscidlərə daxil olanlar da var. Etiraz edənlər deyirlər ki, xarici turistlər özləri məscidlərimizə girərkən hörmət əlaməti olaraq başlarına örpək örtürlər. Azərbaycanda isə bu ənənə yavaş-yavaş yoxa çıxır. Bəziləri isə özlərinə belə bəraət qazandırırlar: “Onsuz da hicab bağlamırıq, Allah çöldə də, məsciddə də bizi görür, nə fərqi var?”
İlahiyyatçı Tural İrfan isə Pravda.az-a açıqlamasında deyib ki, İslam dininə görə, qadınlar ictimai yerlərdə, ibadət yerlərində örtünməlidirlər: “Bu, təkcə bizim dinimizdə deyil, xristianlıqda, yəhudilikdə, hətta buddizmdə də var. Ümumiyyətlə, ibadət ocağında diqqət çəkən, fikri yayındıran, fəsada səbəb olan geyim düzgün deyil, istər kişi olsun, istərsə də qadın. İbadət edən və şəriətə riayət edən qadınlar onsuz da məsciddə də, çöldə də başlarını və naməhrəm yerlərini örtürlər. Lakin ibadət etməyən, şəriətə riayət etməyən müsəlman qadınlar isə, təbiidir ki, örtünmürlər. Fəqət bu, onların öz işidir və dində məcburiyyət yoxdur. Ancaq məscidə, kilsəyə, sinaqoqa gedərkən, heç olmasa, ədəb-ərkana, ənənəyə, ürfə, dinə hörmət qoymaq lazımdır. Allahın dediyinə əməl etmirsənsə, onda Allahın evinə niyə gedirsən? Bəzən görürsən ki, qadınlar açıq-saçıq geyimdə, gödək ətəkdə məscidə gəlir və minbərin altından o tərəf-bu tərəfə keçirlər. Bu, düzgün deyil. Şərt deyil ki, çarşaba bürünsün, yaxud hicab bağlasın. Heç olmasa, öz milli adətimizə uyğun kəlağayı örtsün, uzun geyinsin. İnsanın toyda, bayırda gəzdiyi geyim ilə Allah evində geyindiyi geyim fərqlənməlidir. Necə ki, insanlar toya bir geyim, yasa başqa geyim, çimərliyə bir başqa geyim, iclasa, tədbirlərə fərqli geyimlər geyirlər, məscidə, ibadət evinə gedərkən də bunu düşünmək lazımdır. Abırlı geyim, heç olmasa, məscidə gedərkən nəzərə alınmalıdır. Şərt Allahın bizi hər yerdə görməsi deyil, ictimai baxışdır. İnsanlar qüsl alarkən çılpaq olanda da Allah onları görür... Onda hamı çılpaq gəzsin ki, onsuz da Allah hamını görür? Bu, doğru məntiq deyil. Bütün kilsələrdə qadınlar abırlı, başları örtülü ibadət edirlər. Məscidlərdə də belə olmalıdır. Məscidə gözəllik müsabiqəsinə yox, ibadət etməyə gedərlər...”