“Rusiyanın sənaye obyektlərinə dron hücumları başqa, Moskvadakı terror başqa...” - NƏ BAŞ VERİR?
23-03-2024, 17:24
Ukraynada yaşayan, beynəlxalq media orqanları ilə əməkdaşlıq edən, qanlı döyüş meydanlarından reportajlar hazırlayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya müsahibəsində Ukraynadakı son döyüş əməliyyatları və Ukrayna tərəfindən Rusiya ərazilərinə hücumlar barədə danışıb. Beləliklə:
- Son zamanlar Ukrayna ordusu tərəfindən Rusiyanın strateji obyektləri, xüsusilə, səneyi müəssisələri, neft emalı zavodları vurulur. Yayılan məlumatlara görə, bu hadisələr Ağ Evi belə, narahat etməyə başlayıb və Vaşinqton Kiyevə təzyiq göstərir ki, neft müəssisələrini vurmaqdan çəkinsin. Ukraynada bu təzyiqlər necə qarşılanır və Amerikanın tələblərinə boyun əyiləcəkmi?
- Amerikanın Ukraynadan Rusiyanın strateji sənaye obyektlərinə hücumların dayandırılmasını istəməsi rəsmi Kiyev tərəfindən təkzib olundu. Prezident Administrasiyasının rəsmisi Podalyak açıqlama yayaraq “Finansial Times” nəşrində gedən məlumatı yalanladı. Bununla belə, Ukraynanın siyasi və hərbi çevrələrində hesab edirlər ki, Ağ Ev başda olmaqla, Qərb ölkələri müharibənin Rusiya ərazisinə keçməsini istəmir. Səbəb kimi Rusiyanın daha da aqressivləşməsini göstərirlər.
Bildiyiniz kimi, Ukraynada atom stansiyaları başda olmaqla, 20-yə yaxın təhlükəli strateji obyekt mövcuddur. Bu obyektlərin təhlükəsizliyi bütün dünya üçün çox vacibdir. Çünki hər hansı bir səbəbdən bu obyektlərdən biri sıradan çıxsa, dünya miqyasında fəlakət yaşana bilər. Ona görə Rusiya Müdafiə Nazirliyi ilə Pentaqon arasında müharibənin ilk günlərindən xüsusi rabitə xətti təşkil olunub. Rusiya son raket zərbələri ilə dünyaya mesaj verdi ki, Ukraynanın təhlükəli obyektlərini sıradan çıxarmaq imkanındadır. Əsas bu səbəbə görə, Qərb ölkələri müharibənin miqyasının böyüməsini istəmir. Amma Ukraynanın müdafiəsinə dəstək verməkdə davam edirlər.
- Və 22 mart gecəsi Moskvada törədilən dəhşətli terror aktı... Bunu Kiyevmi törətdi? Yəni, işğalçıya qarşı mübarizədə yeni taktikamı seçilib?
- Moskvadakı terror aktı ilə Ukraynanın Rusiyanın neft sənayesi obyektlərinə endirdiyi dron zərbələrini eyniləşdirmək doğru olmazdı. Kiyev artıq bununla bağlı açıqlama yayaraq ittihamlara cavab verdi. Fikrimcə, terror hücumumun arxasında hər hansı bir qüvvənin dayanmasından asılı olmayaraq Kreml bundan daxili və xarici siyasətdə aktiv istifadə etməyə çalışacaq. Artıq rus politoloqlarının terrorda Ukraynanı ittiham etməsi bunu deməyə əsas verir.
Dünən Rusiya Prezidentinin köməkçisi Peskovun xüsusi əməliyyatın artıq müharibə mərhələsinə keçməsi barədə dedikləri hadisələrin son gedişi əsnasında təsadüfi sayılmamalıdır. Rusiyanın Ukraynaya daha böyük miqyaslı hücumlar edəcəyini gözləmək olar. Həmçinin, ağır itkilər verən ordunun yenidən mobilizasiyası üçün terror hücumundan maksimum istifadə ediləcək.
Ukraynaya gəldikdə, artıq öz hərbi sənayesini qura bilib və öz hərbi məhsulları ilə Rusiyanın uzaq şəhərlərinə belə, zərbələr endirə bilir. Bu baxımdan Rusiyanın stateji obyektlərinə zərbələr davam edəcək.
- Putin yenidən seçildi. Deməli, hələ çox qan axacaq. Ukrayna cəmiyyətində ümumi əhval-ruhiyyə nə yerdədir? Dirəniş davam edirmi?
- Putinin yenidən seçilməsi və ya seçilməməsi heç nəyi dəyişmir. Çünki Rusiya kimi ölkələrdə seçkilər sadəcş görüntü üçün lazımdır. Görünən budur ki, müharibə yaxın aylarda davam edəcək. Ukrayna ictimaiyyəti ilə bərabər dünyanın əksər hissəsi hadisələrə təsir etmək baxımından daha çox ABŞ-dakı prezident seçkilərinin nəticələrini gözləyir. Tramp və ya Baydenin seçilməsi halında proseslər fərqli ssenari üzrə gedə bilər. Çoxu fikirləşir ki, Tramp seçilsə, Ukraynaya heç bir dəstək verilməyəcək. Amma mən fərqli düşünürəm. Çünki 4 illik prezidentlik müddətində Tramp xarici siyasətdə daha qətiyyətli addımları ilə yadda qaldı. Eyni qətiyyəti yenidən göstərsə, Rusiya azından hərbi əməliyyatları dayandıra bilər. Bütün bunlara rəğmən, Ukrayna əhalisi Rusiya işğalına qarşı dirənməkdə israrlı görünür. Və günbəgün Ukrayna öz imkanları hesabına güclənməkdədir.
- Bu günlərədək Ukraynaya Qərbdən qoşun göndərilməsi məsələsi müzakirə olunurdu. Sanki, dayandı bu söhbət. Ukraynada buna bir ümid vardımı?
- Ukraynaya kömək üçün başqa ölkələrin hərbi qüvvələrinin daxil olması indiki vəziyyətdə real deyildi. Səbəb və nəticələri sadalamaq artıq olar. Amma müharibə dayanacağı halda Ukraynanın hərbi ittifaqlara qatılması reallaşa bilər. Hazırda Ukrayna ordusu minimum imkanlarla vəzifəsinin öhdəsindən gəlir. Əsas məsələ indi ordunu müasir silahlarla təmin etməkdir.
- İki ildən çoxdur ki, Zelenski və komandası eyni üsulla mübarizə aparır Rusiyaya qarşı. Bu mübarizə üsulu özünü doğruldurmu, yoxsa cəmiyyətdə yeni strategiya və taktika istəyir?
- Zelenski və komandasına inam hələ yüksək səviyyədədir. Ukrayna əhalisi başa düşür ki, Rusiyanın təsir imkanlarını azaltmaq üçün Zelenski və komandası lazım olan işləri görür. İndiki halda başqa bir ssenari Ukraynanı ancaq və ancaq fəlakətə sürükləyər. Siyasi çevrələr də bunun fərqindədir.