Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma... - Terrorun izi ilə
24-03-2024, 10:24
Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir. Mənbələr ölü sayının 143-ə çatdığını bildirir. Terror aktında həlak olanların sayının daha da artacağı ehtimal edilir.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da deyib. “Dərhal deməliyəm ki, qurbanların sayı xeyli artacaq, bu gün səhər saat 06:30-da xilasedicilər ən dəhşətli hadisələrin baş verdiyi zala daxil olublar. Biz orada vəziyyətin son dərəcə çətin olduğunu gördük”, deyə qubernator terror aktı zamanı həlak olanların və yaralananların yaxınlarına yardım mərkəzində çıxışında bildirib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin açıqladığı son məlumata görə, terror aktında həlak olanların sayı 93-ə çatıb.
“Shot” “Telegram” kanalı terroru törətməkdə şübhəli bilinərək saxlanılanların görüntülərini yayıb. Bu şəxslər Bryansk vilayətinin Karaçinski rayonunun Xatsun kəndi ərazisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Terrorçuların “Renault” avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün güllələrə tuş gəlib, təkəri qopub və ön hissəsi fırlanıb.
“Renault Simbol” avtomobilində dörd kişi olub. Maşına texniki baxış keçirilib. İçində tapança və pulemyot olub.
Təqiblər nəticəsində saxlanılanlardan biri – 19 yaşlı Məhəmmədsobir Fayzov tutulub. O, yaralanıb. Fotoda o, qandallı vəziyyətdədir. Onun sol gözü zədələndiyi üçün bağlana bilmir. Hazırda xəstəxanada əməliyyat olunur.
19 yaşlı Məhəmmədsobir Fayzov təhlükəsizlik qüvvələrini saxlamaq üçün atəş açmağa çalışsa da, yaralanıb.
Saxlanılanlar Bryansk vilayətində Rusiya – Ukrayna sərhədini keçməyi planlaşdırıblar. Rusiya xüsusi xidmət orqanları avtomobilə atəş açaraq, onların gediş nöqtəsinə çatmasına imkan verməyib.
Qaçmağa cəhd edən terrorçulardan biri dron vasitəsi ilə aşkarlanıb. Onun axtarışı üçün üçün iki helikopter və səkkiz PUA qaldırılıb.
“Crocus City Hall”dakı terraktla bağlı bir çox versiyalar səsləndirilir. Rusiya İstintaq Komitəsi araşdırmalarını davam etdirir və hadisə barədə terror maddəsi ilə cinayət işi açıldığını vurğulayır. Kremlə yaxın rus analitiklər isə hesab edirlər ki, bu terrorda Ukraynanın əli var. Rəsmi Kiyevdən bu təkzib olunsa da, Rusiya ictimai dairələri bu versiyanı əsas sayırlar.
Hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya deyib ki, hadisə barədə bir çox versiyalar səsləndirilə bilər ki, hər biri ayrı-ayrılıqda istintaq tərəfindən araşdırılacaq:
- Terrorun seçilmə yeri təsadüfi deyil. Bir neçə dəqiqə ərzində terrorçuların hadisəni törətməsi və rahat şəkildə həmin ərazidən uzaqlaşmaları da müəmmalıdır. Düzdür, bir nəfəri yerindəcə saxlayıblar, amma yerdə qalanlar Bryanskda həbs ediliblər. “Renault” markalı avtomob ilə atəş açıldığı deyilir, amma yaralanan, ölən yoxdur. Maşının çevrildiyi bildirilir, amma kadrlardan görünür ki, maşın çevrilməyib. Yəni demək istəyirəm ki, qaranlıq məqamlar və suallar çoxdur. Baxmaq lazımdır ki, bu dəhşətli terrordan sonra hansı addımlar atılacaq və kim qazanclı görünəcək. İstintaqın gedişindən, Kremldən veriləcək açıqlamalardan anlamaq mümkün olacaq ki, bu terror hadisəsində məqsəd nə idi. İndi tələsik nəsə demək doğru olmazdı.
- Versiyalardan biri də budur ki, terrorun arxasında Ukrayna dayanır...
- Terroru törətməkdə şübhəli bilinən şəxslərin Bryanskda yaxalanması ilə də Rusiya buna işarə vurur. Nəzərə almaq lazımdır ki, Bryansk Ukrayna ilə sərhədə yaxındır və açıqlanan versiyaya görə, terrorçu deyilən şəxslər Ukraynaya qaçırmışlar. Amma unutmaq olmaz ki, belə terror hadisəsi Rusiyada nə birincidir, nə də ki, sonuncu. 1999-cu ildə, 2002-ci ildə də Rusiyada buna bənzər terror aktları törədilib. Martın əvvəlində ABŞ məlumat yaymışdı ki, Rusiyanın böyük şəhərlərində terror aktı təhlükəsi mövcuddur. Rusiya xüsusi xidmət orqanları bunu bir növ, gülüşlə qarşıladılar. Rusiya orqanları, səlahiyyətliləri özlərinə sual verməlidirlər ki, 3-4 nəfər necə olur ki, silahlarla əlini-qolunu sallayıb elə bir konsert salonuna daxil ola bilirlər, təhlükəsizlik xidməti hara baxırmışlar?! Demək istədiyim odur ki, bundan nəticələr çıxarmalıdırlar.
- Belə ehtimallar var ki, Rusiya bundan sonra Ukraynaya qarşı daha amansız davranacaq, səfərbərliyi artıracaq. Hətta terroru bəhanə edərək Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə əmri verəcəyi də iddia olunur...
- Birincisi, taktiki nüvə silahına qısaca olaraq toxunum. Rusiyanın nüvə silahından istifadə edəcəyi gözlənilən deyil. Bunun bir çox səbəbləri var ki, dəfələrlə demişik, yazmışıq, təkrar etmək istəmirəm. Yəni nüvə silahından istifadə edilməsi inandırıcı deyil. Amma Ukraynaya qarşı raket hücumlarının sayını artıra bilər, hücumlar intensivləşə bilər. Ola bilsin ki, Rusiya “xüsusi hərbi əməliyyat” leksikonunu dəyişsin, müharibəni elə müharibə adlandırsın. Yəni bu ehtimallar çoxdur. Həm də Kremldəkilər əsəbidirlər, hər gün neft zavodları vurulur. Benzin qıtlığı təhlükəsi var. Bu mənada ola bilsin ki, Ukraynanı terrorda günahlandırsın və hücumlarının sayını artırsın. Amma addımlarına Ukrayna tərəfindən cavab veriləcək. Rusiya unutmamalıdır ki, 2000-ci illər deyil ki, törədilən terroru bəhanə edə, Çeçenistan kimi Ukraynanı da tam məhv edə. Nə də Ukrayna Çeçenistan deyil.
- Maraqlı məqamlardan biri də odur ki, müharibə şəraitində olan Rusiyada, özü də paytaxtında təhlükəsizlik tədbirlərinin belə zəif olması nə ilə bağlıdır?
- Bu, Rusiya rəhbərliyinin, dövlət orqanlarının, xüsusi xidmət orqanlarının məsuliyyətsizliyi deməkdir. Rusiya rəhbərliyi elə bilir ki, heç kəs Moskvada hansısa terroru törətməyə cəhd edə, risk edə bilməz. Amma belə hadisələr göstərir ki, heç də Kremldəkilər düşündüyü kimi deyil.
İkincisi, Rusiya Ukraynada, Afrikada, Yaxın Şərqdə o qədər belə terror aktları həyata keçirib ki, ola bilsin ki, bu, Moskvanın etdiklərinə cavabdır. Necə deyərlər, “döymə taxta qapımı, döyməyim dəmir qapını”.
Üçüncüsü isə odur ki, ola bilər bu terror elə Rusiyanın özünə lazım idi. Bəlkə ona görə təhlükəsizlik tədbirləri qəsdlə zəif təşkil edilib?! Mən demirəm ki, bu, həqiqətdir. Sadəcə versiyalardan biridir. Bu səbəbdən də yenə deyirəm, proseslərin bundan sonrakı gedişini izləməkdə fayda var. Baxaq görək ki, bu terror hadisəsindən kimlər hansı istəklərinə çatmış görünəcəklər.