Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

25-03-2024, 13:08           
Hərbi xidmət yaşı artırılmalıdır? –
Azərbaycan Ordusunda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Son günlər sosial şəbəkələrdə həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı müzakirələr aparılır. Bəzi şəxslər hesab edir ki, 18 yaşlı bir gənc hərbi xidmətə hazır olmur. Buna görə də yaş həddi artırılmalıdır.

Bəs görəsən, ekspertlər bu mövzuda nə düşünürlər?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu barədə Bizim.Media-ya danışarkən bildirib ki, 18 yaş hərbi xidmət üçün çox tezdir:

“Təcrübə də bunu deyir. Kişilik, iradə, müstəqil qərar qəbul etmək 18 yaşda yeni formalaşmağa başlayır. Bundan əlavə, hərbi texnikalar sovet dönəmindən fərqlənir. Artıq yanaşmalar, tələblər başqadır. 18 yaşında gənclər psixoloji olaraq hərbiyə hazır olmurlar. Müasir dövrdə bu, daha tez özünü büruzə verir.

Bundan əlavə, ali məktəbə qəbul imtahanından kəsilən şəxsləri əsgərliyə aparmaqla onları növbəti il hazırlaşıb qəbul olmaq imkanından məhrum edirik.

Məsələn, qardaş Türkiyə dövlətində hərbiyə çağırış 21 yaşdır. Bu, çox düzgün yanaşmadır. 21 yaşda fərd həm kişi kimi formalaşmış olur, həm də təhsil mövzusunu yekunlaşdırır. 18 və 21 yaşlı gəncin arasında həm həyata, həm hərbi xidmətə, həm də hansısa işi yerinə yetirməsində böyük fərq var. Məktəb masasından çıxan kimi gəncləri hərbiyə aparmaq doğru deyil”.

Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırış 20-21 yaş olsa, bu həm əsgərə, həm də ordumuza çox xeyirdir:

“21 və 18 yaşlı gənclərin döyüşə girməsində və döyüşü aparmasında ciddi fərq var. Azərbaycan Ordusu professionaldır, fikrimcə, əsgər tələbatını 18 yox, 20-21 yaş aralığında etsək, daha çox effektiv və düzgün olar”.

“18 yaşda hərbi xidmətə getməyin heç bir problemi yoxdur”

Psixoloq Ülviyyə Murtuzova bildirib ki, yeniyetmələrdə keçid dönəmində şəxsiyyət tipinin formalaşması 13-18 yaşlarında olur:

“Hər bir şəxsdə fərdi və kimlik konsepsiyası bu yaşda özünü göstərir. Vətənpərvərlik hissi 13 yaşından etibarən inkişaf edir. 18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur.

Min vasitə ilə hərbi xidmətdən yayınmaq istəyənlər var. Bunların problemi övladda deyil, birbaşa valideyndədir.

13-18 yaş arasında valideyn övladında problem görürsə, bunu müalicə etdirməlidir. Bəzi uşaqlar o şıltaqlığı və ərköyünlüyü əsgərlik dönəmində düzəldirlər. Fərd bu dönəmdə başa düşür ki, həyat mübarizədən ibarətdir. Bioloji və psixoloji immunitetində problem olmayan şəxslərin 18 yaşında hərbi xidmətə getməsində problem yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.