Elman Nəsirov: “Bir şeyin qiymətində 20 qəpik artım olanda milçəkdən fil yaradırsınız…”
1-07-2024, 18:21
Qədim filosoflardan birinin dediyi kimi, dünyada hər şey axır, hər şey dəyişir. O filosof bu gün yaşasaydı, yəqin, deyərdi ki, bircə dəyişməyən Azərbaycanın radikal müxalifəti və onun təfəkkürüdür. Dəyişməyən onun qafasıdır, yanaşma tərzidir. İndi də müxalifət Tarif Şurasının bəzi yanacaq növləri və digər sahələrdə qiymət tənzimlənməsi ilə bağlı atdığı addımlardan siyasi niyyətləri üçün istifadə etmək, bu prosesdə də siyasi divident qazanmaq, xalqı çaşdırmaq istəyir. Əvvəla, xalqın gözü tərəzidir, ağı qaradan seçməyi bacarır. Çox gözəl bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir. Biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Üzümü həmin müxalifət nümayəndələrinə tutub deyirəm ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və təminat xərclərində nə az, nə çox, düz 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38% yox, 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı isə 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir.
Dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunur. Ümumilikdə, ötən 20 il ərzində minimum pensiya 14 dəfə artaraq 280 manata qalxıb. Orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə 19 dəfə artaraq 408 manata çatıb. Müxalifət nümayəndələrinə xatırladım ki, pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb. Biz faktlarla danışırıq, siz isə özünüz üçün nağıllar uydurursunuz.
Qeyd edim ki, cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsdiq edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi və sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Belə ki, 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin ali təqaüdü təyin edilib. Bu, dövlət başçısısının şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının təzahürüdür.
Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün altı dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizminin funksiyalarını 81-100% pozulmasına görə birinci dərəcə əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 mandatdan 500 manata, orqanizminin funksiyalarını 61-80% pozulmasına görə 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizminin funksiyalarını 31-60% pozulmasına görə üçüncü dərəcə əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb. Şəhid ailələrinə, müharibə əlillərinə indiyədək 14800 mənzil və ev verilib. Yaxın perspektivdə, yəqin ki, həmin evlərin və mənzillərin özəlləşdirilməsi həyata keçiriləcək. Bütün bunlar və sadalamadığım çoxsaylı faktlar bir daha təsdiqləyir ki, Azərbaycan dövləti vətəndaşların sosial rifahını hər şeydən üstün tutur. Atılan istənilən addım məhz bu istiqamətdədir. Təsadüfi deyil ki, bizim büdcəmizdə ən böyük faizə məhz sosial hissə malikdir – 39%-dən yüksəkdir. Üzümü müxalifət nümayəndələrinə tutub deyirəm ki, doğurdan da, həqiqət carçısısınızsa, həqiqətən də, obyektiv tərəfsinizsə, bu faktların niyə heç birini sadalamırsınız?
Bir şeyin qiymətində 10-20 qəpik artım olanda milçəkdən fil yaradırsınız. Sizə dəfələrlə sosial təminatların artımından danışdım, üstündən sükutla keçirsiniz. Bu isə hansı niyyətlərin daşıyıcısı olduğunuzu bir daha ortaya qoyur”, – deputat bildirib.