Vəfa Rüstəm: Azərbaycanda qohum nikahını qadağan edən qanunun təsiri qiymətləndirilməyib

6-07-2024, 17:08           
Vəfa Rüstəm: Azərbaycanda qohum nikahını qadağan edən qanunun təsiri qiymətləndirilməyib
Qadın hüquqları fəalı, hüquqşünas Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində “Ailə Məcəlləsi”nə qohum nikahlarını qadağan edən dəyişikliklərin cəmiyyətə təsirlərindən danışıb.

Amerikanın Səsi: Milli Məclis əmi, dayı və xala uşaqlarının nikahının qadağan edilməsi barədə “Ailə Məcəlləsi”nə dəyişikliklər edib. Sizcə belə nikahların qadağan edilməsinin qanunvericilikdə əks olunması nə qədər düzgündür?

Vəfa Rüstəm: Azərbaycanda qohum nikahını qadağan edən qanunun təsiri qiymətləndirilməyib


Vəfa Rüstəm: Ümumiyyətlə biz qanunvericilik aktlarına dəyişikliklərlə bağlı beynəlxalq təcrübəyə baxsaq yaxşı təcrübələr dünyada onu göstərir ki, qanunvericilik aktlarının hər hansı bir təklif edilməzdən öncə onun təsirinin qiymətləndirilməsi aparılır. Yəni bir araşdırma aparılsın ki, qarşıya qoyulmuş məqsədlə, qanunvericiliyin dəyişdirilməsi nəticəsində əldə olunacaq nəticə arasında bir əlaqə varmı? Təəssüf ki, birbaşa bu suala cavab vermək bir qədər çətindir. Mənim şəxsi fikrimə görə, bu az təsirli olacaq. Məsələn, biz baxsaq ki, 50-60 min nikah bağlanır. Bir də nikah bağlanmayan qeyri-rəsmi evliliklərin nəticəsində doğulan uşaqların sayına baxa bilərik. Təqribən 15-mindən çox uşaq dünyaya gəlib. Bunlar da əslinə qalsa qeyri-rəsmi nikahların nəticəsidir. Bu rəqəmləri çox kobud şəkildə götürsək belə, təqribən 20 faiz nikahlar qeyri-rəsmi bağlanır. O qadağa qeyri-rəsmi nikahların bağlanmasına nə qədər çəkindirici olacaq bunu araşdırmaq lazım idi. Bu çox vacib məsələlərdəndir. Digər ölkələrə baxdıqda isə belə qadağalar nəzərdə tutulmayıb.

Amerikanın Səsi: Məsələn, Azərbaycanın hətta şifahi xalq ədəbiyyatında, xalq deyimlərində, xalq mahnılarında bu nikahlar təbliğ olunur. Bəzi bölgələrdə, belə nikahlar indi də geniş yayılıb. Belə olan halda qanunvericiliklə qadağan edilən belə nikahların qarşısının alınacağı nə qədər real görünür?

Vəfa Rüstəm: Söylədiyim kimi bunun bir araşdırılması aparılmalı idi. Yəni həqiqətən də bizim əhali üçün bu nə qədər vacibdir. Bu hüquqi nəticələr əhali üçün çoxmu maraqlıdır? Yoxsa onların sosial normaları, onların inancları daha çox qərar verməyə təsir göstərir? Bunun bir araşdırılmasına ehtiyac var. Əslində insanların düşüncələri və yanaşmaları belədir ki, bu normaldır. Bu davam edə bilər.

Amerikanın Səsi: Ölkədə tibbi baxımdan qohumlar arasında nikahın dünyaya gələn uşaqlar üçün hansı xəstəlik riskləri yaratması barədə maarifləndirmə işləri aparılırmı?

Vəfa Rüstəm: Maarifləndirmə işlərini bir qədər biz görürük. Məsələn Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, icra hakimiyyətləri və s. Amma əsasən maarifləndirmə sistematik deyil. İkincisi də bildiyim qədəri ilə bu maarifləndirməyə ayrıca xüsusi büdcə ayrılmır. Yəni sırf ictimai əsaslarla həyata keçirilir. Ona görə də keyfiyyət baxımından aşağıdır. Məsələn, mediada bu barədə güclü məlumatlar getmir. Hətta bu məlumatlar paylaşılarkən əhalinin başa düşəcəyi bir dildə, onlara çatımlı olacaq bir dildə başa salınmalıdır. Mənə görə maarifləndirmə işləri qənaətedici səviyyədə deyil.

Amerikanın Səsi: Sizcə bu məcəlləyə edilən dəyişklik, ölkədə ailədaxili zorakılığın, xüsusən də qadınlara qarşı edilən zorakılığın, hətta erkən nikahın qarşısını ala bilərmi?

Vəfa Rüstəm: Bu cür rəsmi nikahın qadağan edilməsi, - istər qohum evlilikləri, istərsə də digər evliliklərlə bağlı olsun, - biz qanunvericiliyə edilən dəyişiklikləri nəzərə alsaq, nikah daha çox əmlak münasibətlərini tənzimləyir. Qohum evliliyində şəxs, məsələn, evlənmək istəyirsə və o nikahını rəsmləşdirə bilmirsə deməli qeyri-rəsmi nikahda davam edəcək. Bu nikah zamanı ailədaxili münaqişələr yaranarsa qadının iqtisadi azadlığı daha az olacaq. O başa düşəcək ki, birgə nikah dövründə əldə olunmuş əmlak -hansı ki, çox zaman ərin adına rəsmləşdirilir - bu bölünə bilməyəcək. İki qərar qalır. Ya bununla razılaşıb uşaqlarına görə və s. onunla davam edəcək. Biz bilirik ki, zorakılıq bir xətt üzrə davam eləmir. Bu arta bilir. Daha fatal nəticələr verə bilir. İkinci halda isə əgər ayrılma qərarı olarsa, çox zaman uşaqlar da qadınla qalır. Bu da həm qadının, uşağın iqtisadi vəziyyətinə təsir eləyir. Ümumilikdə qadınların iqtisadi vəziyyətinin aşağı düşməsi ölkənin iqtisadiyyatına da pis təsir edir. Ona görə də rəsmi nikahların olmaması qohum evliliklərinin qarşısını almırsa, bu digər iqtisadi aslılıq və iqtisadi məsələlərdə də zorakılığın artmasına gətirib çıxara bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.