“HƏR ÖLKƏ İSTƏYƏR Kİ, ÇİNLƏ BELƏ SAZİŞİ OLSUN...” – “İran separatçılara canlı qüvvə yardımı etmişdi...”
7-07-2024, 12:35
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində Azərbaycanla Çin arasında imzalanan strateji tərəfdaşlıq Bəyannaməsi, onun region üçün geosiyasətdəki əhəmiyyəti, eləcə də bu gün Şuşada baş tutan Türk zirvəsi ilə bağlı sulları cavablandırıb.
TEREF müsahibəni təqdim edirik:
- Vahid müəllim, iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşü çərçivəsində Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq Bəyannaməsi imzalandı. Bundan əvvəl bizim iki böyük ölkə ilə - Türkiyə ilə Şuşa bəyannaməsi, Rusiya ilə Müttəfiqlik və qarşılıqlı yardım haqqında birgə Bəyannaməmiz var. Çinlə tərəfdaşlıq müttəfiqimiz və strateji tərəfdaşlarımızla münasibətlərdə hansı anlama gəlir?
- Öncə qeyd edim ki, Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tədbirinə Prezident İlham Əliyevin dəvət edilməsinin özü böyük bir hadisədir. Çünki 9 daimi ölkənin üzv, 3 ölkənin də müşahidəçi olduğu ŞƏT kifayət qədər güclü və dünyada mühüm rolu olan bir təşkilatdır. İlham Əliyev də ikinci dəfə fəxri qonaq kimi bu tədbirdə iştirak etdi. Bu tədbirdə iştirak həm də ona görə önəmlidir ki, burada təmsil olunan ölkələr dünya siyasətində sözü keçən dövlətlərdir. İlham Əliyev Astanada Türkiyə, Çin və Rusiyanın dövlət başçıları ilə məhsuldar görüşlər keçirdi. Mən beynəlxalq mətbuatı da izləyirəm, orada da bildirilir ki, çox yüksək səviyyəli görüşlər baş tutub. Hesab edirəm ki, Azərbaycanın ŞƏT-ə üzvlük məsələsi çox uzun çəkməyəcək. Çünki bu təşkilatdakı ölkələrlə çox ciddi iqtisadi əlaqələrimiz var. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan ŞƏT-ə üzv olacaq.
Çin kimi dövlət ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi siyasi bir sənəddir. Bu sənədin bəndlərinə baxdım, orada hətta təhlükəsizlik, bir-birinin daxili işlərinə qarışmamaq, o cümlədən iqtisadi cəhətdən əlaqələri genişləndirmək kimi məsələlər qeyd olunub. Bu sənədin imzalanması artıq Azərbaycan - Çin münasibətlərinə yeni bir təkandır. Doğrudur, bizim Çinlə ticarət əlaqələrimiz o qədər də yüksək səviyyədə deyil. Ən çox Türkiyə ilə - təxminən 7-8 milyard dollar, sonra Rusiya ilə 3-4 milyard dollar gəcmində ticarət dövriyyəmiz var.
- Çin üçüncü sıradadır...
- Bəli, Çinlə ticarətimiz 3 milyard dollara yaxındır və getdikcə artır. Bu il gedən proseslərə baxaq: bu yaxınlarda Azərbaycanda avtomobil zavodunun fəaliyyətə başlaması ilə bağlı Çinlə müqavilə imzaladıq. İqtisadi İnkişaf Nazirliyi uzun müddət idi ki, bu məsələ üzərində işləyirdi. Buna mane olmaq istəyən müəyyən qüvvələr də var idi, amma nəticə etibarilə müqavilə imzalandı. Müəyyən müddət sonra Azərbaycanda elektrik mühərrikli avtomobillərin istehsalına başlanacaq. Çinin altı şəhərində Azərbaycanın ticarət nümayəndəliyi yaradılıb. Azərbaycanla Çin şəhərləri arasında qardaşlıq əlaqələri genişlənib. Azərbacyan bu bölgədə logistik layihələr çərçivəsində öndə gedən dövlətdir. Bu gün dünyada gedən bütün bu müharibələrin hamısı məhz logistik layihələrinə, beynəlxalq nəqliyyat dəhlizlərinə nəzarətlə bağlıdır. Çin Azərbaycan vasitəsilə həmişə orta, şimal, cənub, şərq dəhlizindən istifadə edib. Xatırlayırsınızsa, Zəngəzur dəhlizi ətrafında problem yaranan zaman Çinin səfiri bəyanat verdi. Pekin bəyan etdi ki, Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır və bu sahədə istənilən yardımı edəcək. Çin kimi dövlətlə belə bir strateji müttəfiqlik sənədinin imzalanması, əlbəttə, Azərbaycana iqtisadi və siyasi cəhətdən müəyyən dividendlər gətirəcək.
Digər tərəfdən, Azərbaycanın dövlət başçısının beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlib. İlham Əliyevə böyük siyasətçi, ciddi bir dövlət başçısı kimi çox böyük hörmət var. Orada keçirilən görüşlər Azərbaycanın iqtisadi inkişafı, müstəqilliyinin qorunub-saxlanması üçün əhəmiyyətli idi. Bəyannamədə də qeyd olunub ki, Azərbaycan BRİCS-ə üzv olmaq niyyəti Çin tərəfindən dəstəklənəcək. Bəzi dövlətlər bu məsələlərə qısqanc yanaşırlar ki, niyə Azərbaycan Avropa dövlətləri ilə bu qədər yaxın deyil? Əslində isə yaxın əlaqələr var, sadəcə müəyyən məsələlərdə. Məsələn, Avropadakı qaz probleminin həllində Azərbaycan yardımçı oldu. Mən Azərbaycanın xarici siyasətini çox yüksək qiymətləndirirəm. Necə ki, Qarabağ müharibəsini öyrənməyə ehtiyac var, bu siyasəti də öyrənmək vacibdir. Bütün dövlətlərlə xarici siyasətdə balansı qoruyub saxlamaq mümkündür. Amma hər bir dövlət istəyir ki, Azərbaycan onun yanında olsun. Azərbaycan isə çalışır ki, xalqının, dövlətinin xeyrinə bütün dövlətlərlə bərabər siyasət aparsın.
- Bəyannamədə qeyd olunur ki, Azərbaycan 1 il müddətinə, özü də birtərəfli qaydada Çin vətəndaşlarına viza rejimini ləğv edəcək. Bunu necə qiymətləndirirsiniz? Əmək bazarımız buna hazırdırmı?
- Bəli, birtərəfli qaydadır. Ümumiyyətlə, bu, bir qədər öyrəniləsi məsələdir. Biz son dövrlər Çinlə çox ciddi iqtisadi əlaqələr qurmuşuq. Çindən kifayət qədər mal idxal ediriksə, ixrac ediriksə, vizasız rejim tətbiq etmək olar. Çinin də dövlət başçısı qeyd etdi ki, “biz də vizasız rejimin tətbiqi ilə bağlı fikirləşirik”. Yəqin ki, onlar da tətbiq edəcəklər.
- Bəs indiki geosiyasi qarşıdurma dövründə Azərbaycanın Şərq vektoruna üstünlük verməsi, belə bir bəyannamənin imzalanması Bakının konkret seçim etdiyi anlamına gəlirmi?
- Xeyr. Mən belə düşünmürəm. Azərbaycan bütün dövlətlərlə normal münasibət qurmaq istəyir. Hətta Azərbaycana qarşı müəyyən təxribatlar törədən ölkələrlə belə heç vaxt əlaqəni kəsməmişik. Məsələn, Azərbaycan-Ermənistan münasibətlərində, xüsusən də 44 günlük müharibə dövründə İran Ermənistanın yanında oldu. Hətta məlumatlara görə, İran ötən il 19-20 sentyabr tarixində Qarabağda keçirilmiş antiterror əməliyyatı zamanı onlara canlı qüvvə yardımı da etmişdi. Amma bütün bunlara baxmayaraq, mən bir dəfə də olsun şəxsən dövlət başçısından İrana qarşı kəskin bir fikir eşitmədim.
Ətraflı
Bax, indi fikir versəniz, bir çox ölkə Azərbaycan ilə Ermənistan arasında yeni sülh müqaviləsinin imzalanması üçün çox çalışır. Brüsseldə, Moskvada, Praqada görüşlər keçirildi. Amma sonda Prezident qərar verdi ki, tərəflər arasında ikitərəfli müzakirələr olsun və heç kim müdaxilə etməsin. Çünki vasitəçinin həmişə marağı var. Ölkə başçısı çalışır ki, apardığı siyasət nəticəsində bütün dövlətlərlə normal münasibət, iqtisadi, siyasi əlaqələr qurulsun, Azərbaycanın müstəqilliyinə xələl gəlməsin, iqtisadi cəhətdən ölkə inkişaf etsin.
- Çin ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə 2022-ci ildə Rusiya ilə imzalanmış Qarşılıqlı Fəaliyyət və Müttəfiqlik haqqında Bəyannamə arasında ziddiyyətli məqamlar varmı? Belə şərhlər var ki, Azərbaycan Rusiyanın geosiyasi qarşıdurmada zəifləməyə doğru getdiyi ərəfədə daha güclü, yeni tərəfdaşla münasibətlər qurmağa çalışır...
- Mən də baxmışam bu bəyannamələrə, faktiki olaraq Rusiya ilə Azərbaycan arasında imzalanmış sənədlə ortaq məqamlar var. Birincisi, həmişə dövlət başçımızın diqqət mərkəzində duran əsas məsələ dövlətin təhlükəsizliyidir. Biz müstəqil dövlət kimi fəaliyyət göstərmək istəyirik. Rusiya ilə də, Çinlə də olan bəyənnamələrdə bütün bunlar öz əksini tapıb. Təbii ki, Rusiyanın öz siyasəti var. Rusiya istəyir ki, ona daha çox dövlət qulaq assın. Amma dövlət başçımızda bu siyasət yoxdur. Onu da deyim ki, imzalanan bu bəyannamə heç bir dövlətə qarşı deyil. Bu, iki dövlət arasında olan bir sazişdir və dediyim kimi, iqtisadi əlaqələrin genişlənməsi ilə bağlıdır. Hər bir ölkə istəyər ki, Çinlə belə bir sazişi olsun. Bəziləri deyirlər ki, bu yaxınlaşma Rusiyanın zəifləməsi ilə əlaqədardır. Mən isə belə düşünmürəm. Azərbaycanın xeyrinə olan bir sənəd olduğu üçün burada heç bir üçüncü tərəf axtarmağa ehtiyac yoxdur.
- Qeyd etdiniz ki, nəqliyyat dəhlizlərinə nəzarət uğrunda geosiyasi ziddiyət var. Keçən il iyunun 28-də Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq sazişi imzalanıb və limanlardan biri onun icarəsinə verilib. Gürcüstan hakimiyyəti ilə Qərb arasında problemlərin bir hissəsinin buna bağlı olduğu aydın görünür. Yəni, Qərb hansısa məsələlərdə güzəştə gedir, amma strateji maraqlarında güzəştə getmir. Azərbaycan da həmin bəyannamədə Çinin “Bir kəmər, bir yol” strategiyasına birmənalı dəstək ifadə edir. Ümumiyyətlə, bu bəyannamənin dili konkret ifadələrlə zəngindir. Yəni, hər şey konkret, aydın yazılıb, qətiyyətli üslub var. Sizcə, bu baxımdan Qərbin Çin - Azərbaycan strateji tərəfdaşlığına yanaşması necə olacaq?
- Müəyyən qısqanclıqlar var. Bu, siyasətdə olan məsələdir. Əlbəttə, Qərb də, ABŞ də istəyir ki, Azərbaycan yalnız onunla işləsin. Amma bu siyasətdə mümkün olan şey deyil. Bütün dövlətlərlə əlaqə qurmaq lazımdır. Fərqi yoxdur, böyük, ya kiçik dövlət, nüvə silahı var, ya yoxdur. Əsas odur ki, hamı ilə işləməyi bacarasan. Ermənistanın münasibətlərinə baxaq, Qərbə görə digər bütün əlaqələrini kəsməyə çalışır. Amma bu da dövlət üçün çox zərərli addımdır. Çünki dövlət çoxqütblüdür. Nə qədər təşkilatlar, maraqlar var, onlarla işləmək lazımdır. Bizim Avropa ölkələrindən yalnız Fransa ilə aramızda gərginlik olub, günah da onlardadır. Fransa birmənalı şəkildə Ermənistanı dəstəkləyib və bu gün də dəstəkləyir. Silah-sursat verib, Ermənistanı növbəti müharibəyə hazırlaşdırmaq istəyir. Əlbəttə, bunlar hamısı xülyadır, baş tutmayacaq. Azərbaycan Avropanın ən pis zamanında ona yardımçı olub. Halbuki, olmaya da bilərdi. Bu yaxınlarda cənab Prezident qeyd etdi ki, Avropaya qaz ixracını 15 milyarddan 25 milyard kubmetrə çatdırmaq istəyirik. Avropaya Rusiya da qaz ixrac edir və maraqlı deyil ki, Azərbaycan da Avropaya qaz satsın. Sadəcə dövlət başçısının iradəsi var və satırıq. Müəyyən məsələlərdə fikir ayrılıqları ola billər, amma bu o demək deyil ki, biz kimləsə düzgün siyasət aparmırıq. Biz Çinlə, Rusiya ilə münasibətlərimizi niyə pozmalıyıq? Mən həmişə demişəm, Rusiyanı işğalçı dövlət kimi qəbul edirəm. Bu dövlətin amalında işğalçılıq var. Amma 44 günlük müharibədə Rusiyanın təsirini müəyyən qədər neytrallaşdırmaq mümkün oldu və ya sülhməramlılar vaxtından əvvəl bölgəni tərk etdilər. Bu, siyasətdir. Mən inanmıram ki, hansısa bir tərəflə münasibətlərdə problemlər olsun. Ona görə də hesab edirəm ki, Azərbaycanın ŞƏT-də iştirakı, BRİCS-ə üzvlük məsələsi dövlətimiz üçün əhəmiyyətli məsələrdir. Digər tərəfdən, Avropa ilə ticarət əlaqələri, iqtisadi əlaqələr yüksək səviyyədə gedir.
- Astanada ilk dəfə Türkiyə Prezidentinin dəvəti ilə Pakistan və Azərbaycan Prezidentləri arasında üçtərəfli görüş oldu və qapalı şəkildə keçdi. Yüksək səviyyəli siyasi münasibətlərə baxmayaraq ilk dəfə idi, üç lider masa arxasında bir araya gəldi. Siz bu görüşü necə xarakterizə edərdiniz?
- Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kifayət qədər böyük bir siyasət aparır və beynəlxalq aləmdə çox ciddi siyasi fiqur kimi qəbul edilir. Onun İlham Əliyevlə qardaşlıq, dostluq münasibətlərinin olması böyük əhəmiyyət kəsb edir. 44 günlük müharibədə də, antiterror əməliyyatındakı çətin anlarda da Türkiyənin yardımları oldu. Son vaxtlar isə Ərdoğan və Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı kifayət qədər böyük önəm kəsb edən bir təşkilata çevrilib. Pakistana gəlincə, nüvə dövlətidir, böyük iqtisadi potensiyalı, siyasi imkanları var. Müstəqilliyin ilk dövründən münasibətlərimiz yaxşı olub, bizə yardımlar ediblər. Bu gün Azərbaycan - Türkiyə - Pakistan münasibətləri yüksək səviyyədə qurulub. Üçü də müsəlman dövlətdir və belə deyək, bir-birilərinə yardım etməyə məcburdurlar.
- Sabah (bu gün – red.) Şuşada Türk Dövlətlərinin qeyri-rəsmi sammiti baş tutacaq. Türkiyə lideri Ərdoğan gələ bilmədi…
- Bəli, futbolla əlaqədar. Bu, qeyri-rəsmi görüşdür. Müəyyən məsləhətləşmələr olacaqdı. Hətta Şimali Kipr dövlətinin də Prezidenti gəldi. Ərdoğanın əvəzinə Hakan Fidan gəlir. Sadəcə bəzi insanlar prosesləri izləmilər. Bu gün futbol bütün dünyada siyasi bir amilə çevrilib. Türkiyə millisinin üzvü Merih Demiral “Boz qurd” işarəsi göstərdiyi üçün müəyyən problemlər yarandı. Əlbəttə, Ərdoğanın stadionda olması oyunçular üçün ruh yüksəkliyi olacaq. Çalışacaqlar ki, qələbə qazansınlar. Rəcəb Tayyib Ərdoğan sıradan bir siyasətçi deyil axı… Onsuz da Ərdoğan istədiyi vaxt Azərbaycana gəlir, Əliyev də Türkiyəyə gedir. İki gün əvvəl Astanada da görüşüblər…