“Biz ”Əsrin müqaviləsi"ni imzalayanda neftin 1 bareli 13 dollar idi"

20-09-2016, 09:08           
“Biz ”Əsrin müqaviləsi"ni imzalayanda neftin 1 bareli 13 dollar idi"
Xoşbəxt Yusifzadə: “Azərbaycan neftsiz necə keçinə bilərdi axı?”
Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümü tamam olur. 1994-cü ilin həmin günü Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi ilə bağlı dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı.

Dəyəri 7,4 mlrd. dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilədə Böyük Britaniyanın “Britiş Petroleym” (qoyulacaq investisiyanın 17,12 faizi) və “Remko” (2,08 faizi), ABŞ-ın “Amako” (17,01 faiz), “Yunikal” (11,2 faiz), “Penzoyl” (9,81 faiz), “MakDermott” (2,45 faiz), Rusiyanın “Lukoyl” (10,0 faiz), Norveçin “Statoyl” (8,56 faiz), Türkiyənin “Türk petrolları şirkəti”nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Həmin tarixi hadisə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fikirlərini öyrəndik.

- Xoşbəxt müəllim, Azərbaycanın ən stajlı neft mütəxəssislərindən biri olaraq, 63 ildir neft sənayesində çalışan peşəkar kimi “Əsrin müqaviləsi”ni necə dəyərləndirirsiniz?

- Bizim həyatımızda neft sənayesinin çox mərhələləri olub. Ancaq o zaman biz başqa dövlətin tərkibində olmuşuq. “Əsrin müqaviləsi” isə yeni, bizim müstəqil dövlətimizdəki mərhələ oldu. Azərbaycan tarixdə ilk dəfə müstəqil dövlət olaraq neftini çıxardı. Bu da Heydər Əliyevin uzaqgörənliyidir ki, 20 sentyabrı Neftçilər günü elan etdi. Ona görə də Neftçilər günü bizim üçün çox əzizdir. Bu gün də (19 sentyabr-E.P.) bizim xeyli adamlarımıza dövlət tərəfindən mükafatlar verilib ki, bu da bizi sevindirir. Mən köhnə neftçi kimi deyə bilərəm ki, qabaqlar biz bu günü sovetlərin tərkibində, SSRİ üzrə qeyd edərdik. İndi isə 20 sentyabr Neftçilər günü müstəqil Azərbaycanın öz bayramıdır.

- Neftimiz, həmçinin “Əsrin müqaviləsi” olmasaydı, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməklə böyük inkişaf yolu keçə, böyük valyuta ehtiyatlarına sahib ola bilərdimi?

- Azərbaycan neftsiz necə keçinə bilərdi axı? Biz ömür boyu neftlə tanınmışıq. Müstəqil olandan sonra da respublikamızın iqtisadi vəziyyətini yaxşılaşdıran, bizə kömək edən neft oldu. Əlbəttə, prezidentimizin də, hökumətin də əsas sözü budur ki, qeyri-neft sektoru inkişaf eləsin. İnkişaf da edir. Yəqin özünüz də görürsünüz, kənd təsərrüfatı, digər sahələr tədricən inkişaf edir. Bizim əlimizdə olan neft idi və araşdırırdıq ki, bu məhsulu hara sata, dolana bilərik.

- Necə bilirsiniz, Azərbaycan neftdən kifayət qədər bəhrələnə bildimi, yoxsa neftin qiymətdən düşməsi ölkəmiz üçün arzuolunmaz situasiya yaratdı?

- Qiymətlər dalğavari olaraq zaman-zaman düşüb də, qalxıb da. Biz “Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 bareli 13 dollar idi. Təsəvvür edirisinizmi? Sonra qiymət 100 dollara qalxdı, camaat özünü itirdi. İndi də qiymət 40 dollara düşüb, yenə də özünü itirənlər var. Bunlar hamısı düzələn şeylərdir və bizə problem yarada bilməz.

- Neftin yenidən 100 dollara qədər bahalaşacağı barədə proqnozlar var. Təcrübəli neftçi olaraq sizin gözləntiniz nədir?

- Dediyim kimi, bu, dalğavaridir. Düşübsə qalxacaq, qalxıbsa düşəcək.

- Keçən ilin dekabrında qəza baş verən “Günəşli” yatağında vəziyyət necədir, bərpa prosesi gedirmi?

- İş gedir, bərpa edirik. Zəruri məsələlər nəzərə alınır. Elə edirik ki, hər şey normal olsun.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.