"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?
24-10-2024, 16:18
Bu gün dahi Azərbaycan şairi Hüseyn Cavidin doğum günüdür.
Kulis.az bu münasibətlə teatrşünas İlham Rəhimlinin “Cavabsız suallar” kitabından Hüseyn Cavidə verdiyi sualları təqdim edir.
Görkəmli şair, dramaturq Hüseyn Cavidə
Birinci sual
– Cavid Əfəndi!
Sizin dramaturji yaradıcılığınızla Azərbaycanda milli poetik teatrın bünövrəsi qoyulub.
Əla!!!
Bu teatrın estetik prinsipləri monumental romantik Azərbaycan teatrının möhtəşəm təkamülünə böyük töhfələr verib Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə Davudova, Yeva Olenskaya, Rza Təhmasib, Kazım Ziya, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Ağasadıq Gəraybəyli, Rza Drablı, Rza Əfqanlı, Mustafa Mərdanov, İsmayıl Hidayətzadə və onlarca bu kimi sənətkarlar məhz Sizin "İblis", "Afət", "Uçurum", "Şeyda", "Topal Teymur", "Şeyx Sənan", "Knyaz", "Səyavuş" əsərlərinizin tamaşalarında daha da formalaşıblar.
Yenə əla!
Şərifzadənin İblis, Ərtoğrul, Cəlal, Şeyda, Şeyx Sənan, Knyaz, Səyavuş, Sidqinin Dərviş, Topal Teymur, Platon, Rüstəm Zal, Kazım Ziyanın Arif, Qaratay, Şeyda, Təhmasibin Arif, Knyaz, Keykavus, Mərziyə xanımın Xavər, Almaz, Xumar, Südabə, Ülvinin Şeyx Sənan, İldırım Bəyazid, Səyavuş, Gəraybəylinin Əfrasiyab, Alp Arslan, Əfqanlının Şeyx Sənan, Möhsün Sənaninin Serqo, Hökümə Qurbanovanın Xumar, Südabə, Məmmədrza Şeyxzamanovun Müfti, İxtiyar, Həsən Turabovun Xəyyam, İblis, Şəfiqə Məmmədovanın Sevda, Hamlet Xanızadənin İblis, Səməndər Rzayevin Xacə Nizam, İbn Yəmin rolları milli səhnəmizin əbədiyaşar parlaq səhifələridir.
Əladan əla!
Bakıdan, Gəncədən, Naxçıvandan əlavə, Tiflis, İrəvan, Aşqabad, Təbriz teatrları da Sizin faciə əsərlərinizlə ciddi yaradıcılıq uğurları qazanıblar.
Bu da əla!!!
Məni çaş-baş salan bir mətləb var. Pyeslərinizin heç birinin mövzusu Azərbaycanla bağlı deyil. Sovet mövzusu demirəm ha, Azərbaycanla bağlılığı nəzərdə tuturam. Məncə, "Xəyyam" faciəsi əvəzinə "Nizami", ya "Nəsimi" (eləcə də "Məhsəti", "Füzuli", "Nəbati"...) dramlarını yaza bilərdiniz. Yaxud da Firdovsinin əsərinin motivləri əsasında qələmə aldığınız "Səyavuş"un əvəzinə Nizaminin poemalarına istinadən kamil pyes hasilə gətirmək qüdrətində idiniz.
Bunları niyə etmədiniz?
***
İkinci sual.
– Cavid əfəndi!
1913-cü il noyabr ayının 15-də Tiflisdə Əziz Şəriflə görüşmüsünüz. Alim öz gündəliyində yazır:
"Evdə oturub Veresayevi oxuduğum zaman birdən Hüseyn Cavid gəldi və "Ata qatili" adlı təzə yazdığı dramını gətirdi ki, oxuyub öz rəyimi deyim. Axşam Hüseynin dramını oxumağa başladım. Başdan beşcə səhifə oxumuşdum ki, onun özü gəldi... Teatra, "O olmasın, bu olsun" tamaşasına getdik".
Noyabrın 16-da Əziz Şərif öz gündəliyində yazır:
"Səhərdən Hüseynin dramını oxuyurdum. Birinci məclisi oxuyub qurtardım. Hələ ki, mənim xoşuma gəlir. Dili gözəl, monoloqları olduqca mənalı və təsirlidir. Saat altıya qədər oxuyub qurtardım. Öz təəssüratımı Cavidin dəftərinin sonunda yazdım".
Alim 64 il sonra mətbuatda yazır:
"Təəssüf ki, Cavidin "Ana qatili" əsərinə dair gündəliyimdə artıq heç bir qeyd, işarə, rəy yazılmamışdır. Hətta gündəliyimdəki bu qısaca sətirlər olmasaydı, mən Hüseyn Cavidin belə bir əsər yazdığını yada sala bilməzdim".
"Ata qatili" pyesi, adından göründüyü kimi, faciə olub və mürəkkəb kompozisiyaya malik imiş. Ancaq mətbuatda, Sizin əl yazılarınızda həmin pyes barədə heç bir məlumat yoxdur.
Səbəbi nədir?
"Ata qatili" pyesinin əl yazması harada ola bilər?
***
Üçüncü sual.
– Əfəndim!
Milli Dram Teatrına 1922-ci ildə dörd yeni pyes təqdim etmişdiniz. "Afət" həmin il 14 apreldə (quruluşçu rejissor Abbasmirzə Şərifzadə), "Uçurum" 2 iyunda (quruluşçu rejissor Aleksandr İvanov), "Şeyda" 15 dekabrda (rejissor Aleksandr İvanov) oynanıldı. "İblis" təkrar quruluşda göstərildi.
Teatrın kollektivi "Pyeğəmbər" dramınızı tamaşaya hazırladı. Əsər üzərində yaradıcılıq işi tamamlandı. Ancaq tamaşa səhnədə göstərilmədi. Səbəbi də mətbuatda açıqlanmadı.
1924-cü il fevral ayının 2-də görkəmli ədəbiyyatşünas-alim, dostunuz Əziz Şərifə göndərdiyiniz məktubda yazırsınız:
"Pək möhtərəm Əziz Şərif!
Əlan poçtla yeni tərtib edilmiş "Peyğəmbər"i zakaznoy olaraq sənə göndərirəm. Təbii, mütaliə edib, bir vaxt nöqteyi nəzərini yazarsan. Lakin bir rica edəcəyəm. Burada oynanılmadığı kimi, oradakılara da rast gəlsəniz, oynanılmamasını tənbih və tövsiyə edəsiniz. Şimdilik mən razı olmayıram. Sonra gələcək illərdə baxarsız...
Qardaşın Cavid".
Ustad!
"Yeni tərtib edilmiş" ifadənizdən belə çıxır ki, pyes üzərində sonradan işləmisiniz. Əlavələriniz və ixtisarlarınız nədən ibarət olub?
"Peyğəmbər"in Bakıda oynanılmasına Siz icazə verməmişdinizsə, bəs pyesin məşqləri nə üçün bir neçə ay çəkib?
Yox, əgər Siz əsərin oynanılmasını istəyirdinizsə, bəs onda tamaşanın hasilə gəlməsinə kim mane oldu?
Bəlkə, o dövrdə teatrın baş rejissoru Aleksandr İvanovun pyes üzərindəki yaradıcılıq işi, tamaşa üçün müəyyənləşdirdiyi ideya, rejissor məqsədi Sizi qane etməyib?
Həmin dövrdə Tiflisdə yaşayan, mətbuat və nəşriyyat sahəsində çalışan Əziz Şərifə nə üçün yazırsınız ki, pyesiniz hələlik tamaşaya qoyulmasın?
***
Üçüncü sual.
– Cavid əfəndi!
Sualımın əvvəlində mətləbə bir az aydınlıq gətirmək üçün 1930-cu illərin mətbuat səhifələrindən bəzi məlumatları xatırlatmaq istəyirəm.
Dövlət Dram Teatrının direktoru Hacıbaba Nəzərli "Teatr mövsümünün açılışı" məqaləsində yazır:
"Firdovsinin yubiley günlərinə təsadüf etdiyindən, bunu nəzərə alaraq, mövzusu Firdovsinin "Şahnamə"sindən alınmış Cavidin "Səyavuş" əsəri ilə açılacaqdır...
Cavidin yazmaqda olduğu "Şəhla" pyesi də oynanılacaqdır". ("Kommunist" qəzeti, 30 sentyabr 1934-cü il).
"Dramaturq Hüseyn Cavid bu il dram teatrı üçün "Şəhla" adlı pyes yazır. "Şəhla" sosializm quruluşu cəbhəsində aktiv quruluşçu türk qadınının mübarizəsini əks etdirəcəkdir". ("Ədəbiyyat qəzeti", 20 noyabr 1934-cü il).
Teatrın baş rejissoru Aleksandr Tuqanov müsahibəsində deyir:
"Teatrın repertuarına Hüseyn Cavidin "Şəhla" əsəri də daxildir" ("Kommunist" qəzeti, 6 sentyabr 1935-ci il).
"Dövlət teatrı bu il daha hazırlıqlı və daha yaxşı qüvvə ilə öz mövsümünü açır… Hüseyn Cavidin "Şəhla" adlı yeni pyesi göstəriləcəkdir". ("Ədəbiyyat qəzeti", 27 oktyabr 1935-ci il).
"Hüseyn Cavid qurultaydan sonra iki pyes yazmışdır. Biri sovet tələbələri həyatından "Şəhla", ikincisi "Ömər Xəyyam"". ("Na rubeje Vostoka" qəzeti, 7 noyabr 1935-ci il. Tiflis).
"Hüseyn Cavid "Şəhla"sını yazmışdır". ("Ədəbiyyat qəzeti", 12 dekabr 1935-ci il).
Məncə gətirdiyim sitatlar yetərlidir.
Elədə sualımın canı:
Cavid Əfəndi!
"Şəhla" pyesinin ya tamamlanmış, ya yarımçıq mətni hardadır?
***
Dördüncü sual.
– Möhtərəm Cavid bəy!
Azərbaycan yazıçılarının 1934-cü ilin iyun ayında keçirilən birinci qurultayında məşhur rus dramaturqu Vsevolod Vişnevski öz çıxışında Sizin yaradıcılığa yüksək qiymət vermişdir. Eyni zamanda qayğıya böyük ehtiyacınız olduğunu söyləmişdir. Hətta onu da söyləmişdir ki, Hüseyn Cavidin əsərləri müxtəlif xalqların dilinə tərcümə edilməlidir. Rus səhnəsində Cavid kimi dramaturqların toxunduqları mövzulara ehtiyac var.
Onun söylədiklərinin mətbuata çıxmasının qarşısını kimlər aldılar?
Elə həmin dövrdə Sizə qarşı mətbuatda və yığıncaqlarda ədalətsiz hücumların ilk təşkilatçıları kimlər idi?