Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ

2-01-2025, 11:49           
Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi ATƏT-in Minsk qrupundan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra imtina edəcəklərini açıqlayıb. Rəsmi Bakı isə ilkin şərti kimi tələb etdiyi məsələlərdən biri Minsk qrupunun buraxılmasıdır...

- ATƏT-in Minsk qrupunda yer alan üç ölkədən (ABŞ, Rusiya və Fransa) biri olan Rusiya artıq qurumun mövcudluğuna ehtiyacın qalmadığını bəyan edir. Kreml təşkilatda iştirakını dayandırdığını və bundan sonra həmin missiyada iştirak etməyəcəyini bildirib. Nikol Paşinyan isə Minsk qrupundan imtinanı sülh müqaviləsindən sonraya saxlamağa çalışır. Sözsüz ki, bu prosesi əngəlləyən bir yanaşmadır. Eyni zamanda Rusiya mümkün qədər sülh müqaviləsinin imzalanmasına qarşı çıxır. Hər vasitə ilə prosesi uzadır. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Kreml mümkün qədər Azərbaycanla yaranmış gərginliyi yumşaltmağa can atır. Vladimir Putinin Azərbaycan Prezidentindən üzr istəməsi və digər addımlar buna misaldır.

- İki məsələdə, yəni Minsk qrupunun ləğvi və qarşılıqlı iddialardan imtina ilə bağlı Azərbaycanın şərtləri hansı halda təmin edilə bilər?

- Ermənistan tərəfi sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də prosesə maneə olan ilkin addımları atmır. Əngəllər qaldığı halda bu mümkün deyil. Minsk Qrupu ləğv edilməlidir. Eyni zamanda erməni tərəfi əsasız olaraq Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırmış olduğu iddialardan imtina etməlidir.

- 2024-cü ildə sülh və digər həlli mümkün olan məsələlərdə Bakı və İrəvan arasında xeyli irəliləyiş əldə edildi. Belə olan halda bu il üçün yekun sülh razılaşmasının imzalanması nə dərəcədə realdır?

- Əslində bu il sülh razılaşmasının imzalanması daha realdır. Çünki bunun alternativi yoxdur. Sözsüz ki, sülh ritorikası fonunda Ermənistan silahlanır, revanşistlər mövcudluğunu göstərməyə çalışır. Bu təhlükəli amillərdir. Azərbaycan tərəfi bütün bu məsələləri diqqətdə saxlayır. Amma bölgədə daimi sabitlik üçün fundamental sülh razılaşmasına imza atmaq lazımdır. Çünki prosesin uzanması region üçün heç nə vəd etmir.

- Sülh yoxdursa, müharibə riski var. Yeni hərbi qarşıdurma ehtimalını necə dəyərləndirirsiniz?

- Bu gün erməni lobbisi Azərbaycana qarşı təbliğat kampaniyası aparır. Eyni zamanda Fransa, Hindistan, Yunanıstan vasitəsi ilə Ermənistana öldürücü hücum silahları göndərilir. Sözsüz ki, bunlar riskli gedişlərdir. Azərbaycan da öz növbəsində hərbi qüdrətini durmadan artırır. Bu il Azərbaycan hərbi büdcəsi rekord həddə çatdırılıb. Bu da o deməkdir ki, rəsmi Bakı özünü bütün mümkün risklərə hazırlayır. Ona görə də sülh razılaşması ilə proseslərin normal məcraya yönəlməsinə nail olmaq lazımdır. Bölgədə kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi əslində region üçün daha böyük perspektivlər vəd edir. Həmçinin erməni tərəfi sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycandan qaz almaq iddiasında olduğunu bildirir. Təbii ki, enerji daşıyıcılarının İrəvana verilməsi onun Bakıdan asılı olması deməkdir. Bununla Ermənistan Azərbaycandan tam asılı vəziyyətə düşə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.