“Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?

4-01-2025, 15:21           
“Söz versələr də etmədilər, küsdü..” -
“Hər şey atamla gözəl idi. Ondan sonra nə ad günü keçirirəm, nə də ürəkdən sevinə bilirəm. Atamın doğum günləri həmişə gözəl keçirdi. Hər il yanvarın dördünü səbirsizliklə gözləyirdik. O diqqəti sevən bir insan idi. Kimisə məcbur etməzdi ki, ad günümə gəl, mənə hədiyyə gətir. Bilən bilirdi, zəng edib təbrik edirdilər. Atamın doğum günləri həmişə möhtəşəm keçib. Teatrda kollektivlə də yığışardı, qeyd edərdilər. Biz onun yanında olanda xoşbəxt idik. İnsanın günü, güzəranı yaxşı olanda, çevrəsində hər kəs xoşbəxt olduqda bu onun üçün doğum günü sayılır. Mən o anla xoşbəxtəmsə, huzurum varsa elə ad günümdür də. Atam da belə bir insan idi. Kiçik şeylərlə xoşbəxt olurdu”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib. O daha sonra əlavə edib:

“Mən vaxtında atamdan hər şeyə görə halallıq aldım. Hətta övladım dünyaya gəlməmişdi. Dedim ki, ay papa, bir şeyin halallığını səndən almaq istəyirəm. Dedi ki, hər şeyim, bütün dünyam sənə halal olsun. Dedim ki, istəyirəm övladım sənin adını daşısın. Dedi ki, mənim üçün fəxrdir, alnımdan öpdü. Nəslimizdə atamdan sonra Rafael Dadaşov həm ad, həm də soyadını heç kim daşımır. Balaca Rafael Dadaşov böyüyür. Yaxşı ki, belə də oldu! Çalışıram ki, atamın adını daşıyan övladımı onun, öz adıma layiq böyüdüm” deyə Səidə Dadaşova bildirib.

Səidə Dadaşova bildirib ki, atası son illər laqeyd münasibətdən incimişdi:

“Son vaxtlar özü də incimişdi, yubileyini qeyd etməli idilər, söz versələr də etmədilər. Sənət adamı çox həssas olur. Sevir ki, onu yad etsinlər. Müəyyən yaşdan sonra yad etmək sözdə idi, əməldə yox. Sənətkara vaxtında qiymət vermək lazım idi. Xalq, tamaşaçılar onu onsuz da çox sevirdilər. Naxçıvanda yubileyini qeyd etdilər, amma Bakıda yox. Mən çox istərdim ki, atama yaradıcılıq gecəsi keçirim. Bir çox insanlar söz verir, əməl etmirlər. Ona görə də susub kənarda oturmuşam. Söz verib etməməkləri həqiqətən də insana təsir edir. Tapşırıq olur amma əməl olunmur. Kimə deyirəm “inşallah”, “mütləq” deyir amma ortalıqda heç nə yoxdur” deyə sənətkarın qızı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.