““Təhminə”-yə Türkan Şorayla Aydan Şenər də dəvət olunmuşdu, açıq-saçıq olduğuna görə...”
Bu gün, 09:16

“Rasim Ocaqov “Təhminə” filmini çəkəndə ilk olaraq Türkan Şoraya müraciət edib. O filmə çəkiləcəyi təqdirdə yüksək qonorar istəyib. Bizimkilərin də bu pulu ona ödəməyə gücləri çatmayıb. Buna görə də aktrisa imtina edib. Sonra gediblər Aydan Şenərin yanına. O da deyib ki, mən böyük məmnuniyyətlə çəkilərəm, amma yataq səhnəsi olmasın. Rasim Ocaqov da deyib ki, bu yataq səhnəsinin bir mənası var. O dahi rejissor idi. Bu səhnəni filmə elə-belədən salmamışdı. Buna görə Aydan Şenər də çəkilməyib. Daha sonra bu rol Meral Konrata həvalə olundu. Rasim Ocaqov bu səhnə ilə sevginin ali dərəcəsini göstərmək istəyirdi ki, bu sevginin axırı hara gedir? İki gəncin arasında böyük məhəbbət var idi, amma sona qədər bu baş tutmadı”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib.
O daha sonra bu faktı ilk dəfədir mətbuata açıqladığını bildirib:
“Bu dediyim fakt dəqiqdir. Bunu bəlkə də indiyə qədər heç kim bilmir. Rasim Ocaqovla Kənan Məmmədov buna görə Türkiyəyə də getmişdilər. Bu məlumatı da filmin operatoru Kənan Məmmədov mənə deyib. Kənan Məmmədov haqqında mən kitab yazmışam. Bu faktları orada da qeyd etmişəm” deyə kinoşünas bildirib.
Aydın Kazımzadə bildirib ki, çəkilən bəzi filmlər tamaşaçıların əxlaqını pozur:
“Azərbaycanda bu dəqiqə təkcə kino yox, bir çox sahələr əxlaqı pozur. Ələxsus da televiziyalar. Başdan-ayağa hamısı biyabırçılıqdır. Heç olmasa belə mövzular göstəriləndə ekranda 18+ sözünü yazsınlar. Bizdə bu kimi nüanslar gözlənilmir. “Basməmmədi” edirlər! Bu gün filmlərə lazımsız səhnələr salırlar. Məqsəd də odur ki, tamaşaçı baxsın. Erotika da məqsədli olmalıdır. Məqsədli olmayanda bu olur əxlaqsızlıq. Biri də var ki, bu səhnə vacibdir! “Ayıq sürücü” filmində Balaxanı kəndinin adına ləkə olan bir səhnə var idi. Orada bir fahişəni kənd sakini kimi göstərmişdilər. Hətta küçənin ünvanını da qeyd etmişdilər. Təsəvvvür edirsiniz bu nə deməkdir? Bu səhnə bizlərin və kənd sakinlərinin etirazına səbəb oldu və həmin görüntü filmdən çıxarıldı. Bu filmi də ona görə çəkmişdilər ki, camaat baxsın. Bu film deyildi, zibil idi” deyə o bildirib.