Akademik Vaqif Şadlinski: “Sübut etdim ki, Səlahəddin Əyyubi bizim nəsildəndir”

8-04-2017, 00:39           
Akademik Vaqif Şadlinski: “Sübut etdim ki, Səlahəddin Əyyubi bizim nəsildəndir”
“Məndən xoşu gəlməyən tələbələr öldüyümlə bağlı yalan xəbərlər yaymışdı”

- Son vaxtlar mətbuatda çox az-az görünürsünüz?

- Doğrudur, əvvəllər daha çox mətbuatda çıxış edirdim. Amma indi özümün saytım var, çıxışlarımı, yazılarımı orada yerləşdirirəm.

Digər tərəfdən isə bu yaxınlarda bir nəfər jurnalist yanıma gəlmişdi. Dedi ki, anatomiya muzeyi ilə bağlı çəkiliş aparmaq istəyir. Məndən soruşdu ki, bu sümüklər necə hazırlanır və sairə. Mən də onu loru dildə başa saldım ki, heç xaş yeməmisən? Xaşı necə hazırlayırlar? Qaynadırlar, yumşaq toxumlar əriyir, sümükləri isə götürüb yapışdırıb skelet hazırlayırlar. Sonra gördüm ki, “suda bişən meyitlər” başlığı ilə reportaj yayımlandı. Axı belə jurnalistika olmaz! Milyonlarla insanı niyə iyrəndirirsən? Niyə camaatın heysiyyatına toxunub deyirsən ki, meyitləri aparıb suda bişirirlər? Sonra o jurnalisti zəng edib tapa bilmədim. Deyəcəkdim ki, bu nə reportaj idi hazırlamasan?!
Bir dəfə Vaqif Mustafayev Heydər Əliyev haqqında film çəkirdi. Operatoru da rus idi. Gəlib bizim kafedrada da çəkilişlər aparırdı. Operator mənə sual verdi ki, bu skeletləri necə hazırlayırsız? Mən də ona kobud şəkildə dedim ki, yəqin Azərbaycanda xaş yemisən də! Bu skeletlər də o cür hazırlanır. Həmin operator bir ay sonra mənə dedi ki, sənin o sözündən sonra xaş yeməyi tərgitmişəm. Yəni, yazını oxutmaq yaxşı haldır, ancaq bunu nəyinsə hesabına etmək olmaz. Hərdən saytları açanda görürəm ki, “filankəsi işdən qovdular”, “filankəs öldü” və sairə başlıqlı xəbərlər yazırlar. “Qovmaq” sözü yaxşı söz deyil. Prezident birini vəzifəyə təyin edirsə, birini də çıxarır. Onların barəsində “qovuldu” yazmaqla həmin insanları təhqir edirlər. İnsan ömrü boyu işləyə bilməz ki! İşdən çıxmalıdır da, getməlidir də.

Bu yaxınlarda məndən xoşu gəlməyən bəzi tələbələr internetə məlumat buraxmışdı ki, Vaqif Şadlinski ölüb. Bu məlumatı tələbələr yaymışdı. Müəllim bütün tələbələrin xoşuna gələ bilməz ki... Bəzi tələbələr var ki, oxumayıb qiymət ala bilmir, sonra da haqqımda bu cür yazılar yayırlar. Bu məlumatı bəzi saytlar da yazıb sonra da üzr istədi. Bu informasiyanı öyrənmədən niyə yayırsan ki, sonra da üzr istəyəsən?

“Oxuyan tələbəyə yaxşı qiymət verməyən müəllimin qolu kəsilməlidir”

- Müəllimlərlə bağlı tez-tez iradlar səsləndirilir, xoşagəlməz məlumatlar yayılır. Siz də müəllimsiniz, bu cür xəbərləri görəndə reaksiyanız necə olur?

- Bəli, indi də düşüblər müəllimlərin üzərinə. Məgər müəllimin övladı yoxdur? Müəllim də istəyir ki, tələbəsi yaxşı oxusun də. Oxuyan tələbəyə yaxşı qiymət verməyən müəllimin qolu kəsilməlidir. Mən bunu hər dəfə deyirəm.

“Teleaparıcı gah həkim olur, sabah artistlik edib kinoya çəkilir, gah da müğənnilik edir”

- Oxuyan tələbəyə yaxşı qiymət yazmayan müəllimlər varmı?

- Əlbəttə ki, var. Ataların gözəl misalı var. Bir dana bütöv naxırı korlayır. İndi müəllimlərin və həkimlərin içərisində də naqisləri, pisi var. Bu ən çox da müəllim və həkimlərin içərisində olmalıdır. Çünki bu gün millətə qulluq edən iki böyük ordu var. Bunlardan biri müəllimlər, digəri isə həkimlərdir. İndi təsəvvür edin ki, Azərbaycanda 200 mindən çox müəllim var. Bu müəllimlərin hamısı yaxşı olsaydı, bizim nə dərdimiz ola bilərdi? Niyə biz təhsil almaq üçün gəncləri xaricə göndərməli idik? Deməli, müəllimlərin içərisində də naqisləri, saxta diplom alıb işləyənləri var. Yaxud da özünü “yaxşı həkim” kimi qələmə verənlər mövcuddur. Bütün bunlar günümüzün reallığıdır. Bu gün Azərbaycanın bütün televiziya kanallarında ən azı 2 nəfər həkim adı ilə veriliş aparır. İndi televiziya aparıcıları həkim, dərman mütəxəssisi olub. Televiziya kanalları gətirib aparıcıları həkim kimi oturdublar, bu adamlar guya həkimdən daha çox bilirlər, insanlara tibbi məsləhətlər verirlər. Hətta, həmin teleaparıcı gah həkim olur, sabah artistlik edib kinoya çəkilir, gah da müğənnilik edir, incəsənətlə məşğul olur, o biri gün isə başqa işlə məşğul olur. Bu cür adamlar televiziya efirlərini zəbt ediblər. Belə bir şəbəkə var. Təsəvvür edin ki, bu cür adamlar insanlara nə gəldi dərman reklam edirlər. Bu gün Azərbaycanda, Bakı şəhərində olan apteklərin sayı dünyanın heç bir yerində yoxdur. Nə üçün? Həmin reklamların hesabına. Kiminsə getdiyi yerdə harası ağrayırsa, aptekə qaçır. Reklam olunan dərmanları istəyir. Axı istənilən dərmanı reklam etmək olmaz. Bu cəmiyyətimizin təhlükəsizliyi məsələsində böyük bəladır. Buna nəzarət mexanizmi yaradılmalıdır. Televiziya kanalları bu cür hallara qarşı təbliğat aparmaq əvəzinə, əksinə həmin dərmanları reklam edir.

“Zəif həkimi reklamın hesabına “güclü” edirlər”


- Amma onların verilişlərinə bizim tanınmış həkimlərimiz də tez-tez gedirlər...

- Bunun da səbəbi var. Bilirsiz ki, dünyada reklam böyük gücə malikdir. Misal üçün mən elə də güclü həkim deyiləm, otağımda oyurmuşam və heç kəs məni tanımır. Reklama ehtiyacım var. Efirlərə çıxıb özümü reklam etməliyəm. Başlayıram olanımı-qalanımı verib özümü reklam etdirməyə.

Rəhmətlik Qədir Rüstəmov bir dəfə maraqlı fikir söyləmişdi. Ona sual verilmişdi ki, niyə televiziya kanallarına çox az çıxırsan? Rəhmətlik də gülərək dedi ki, niyə çıxım ki? Əvvəllər televiziyaya çıxıb oxuyanda bizə pul verilirdi. İndi pul alıb efirə buraxırlar. Bütün bunlar faktdır. Həmin reklam məsələsidir də! Kim özünü yaxşı reklam etdirirsə, insanlar da daha çox ona üz tuturlar. Bizim millətin belə bir xüsusiyyəti var. Cavan vaxtı mən kəndə gedəndə deyirdilər ki, sən necə institutda müəllimsən ki, heç televiziyaya çıxmırsan? Mən də deyirdim ki, gərək əsas olsun ki, efirə çıxım.
Bu gün toylarımız da eyni gündədir. Toylara yaxşı oxuyanları deyil, yaxşı reklam olunan müğənniləri dəvət edirik. Reklamı da məhz buna görə yaradıblar. Reklam yaxşı həkim olmayanı “yaxşı həkim”, yaxşı müəllim olmayanı “yaxşı müəllim”, yaxşı müğənni olmayanı isə “yaxşı müğənni” adı ilə cəmiyyətə tanıdır.

Kəşfiyyatçı generalın atası, akademik Vaqif Şadlinski: “Biz türk deyilik” – MÜSAHİBƏ – FOTOLAR

“İstanbulda xəstələrdən alınan pullar bizdəkindən 5 dəfə çoxdur”

- Azərbaycandan müalicə üçün İrana, Türkiyəyə və digər ölkələrə üz tutan insanların sayı kifayət qədərdir. Həmin insanlar bunu Azərbaycanda səhiyyənin və həkimlərin səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Bu cür səbəblərlə nə qədər razısınız?

- Bunun özü də bir reklamdır. Hazırda Azərbaycan Tibb Universitetində İrandan 300-dən çox tələbə təhsil alır. Səhiyyə zəif inkişaf etsəydi, bu sahədə elm-təhsil zəif olsaydı, bu qədər iranlı tələbə nə üçün Azərbaycana gəlirdi? Azərbaycan İrandan ucuz ölkə də deyil ki, xərclərə görə gəlsinlər. İranlı tələbələr Azərbaycana gəlir, pul xərcləyir, dövlətə nə qədər pul köçürürlər. İranda təhsil alsaydılar, daha az xərcləri çıxardı. Tutalım ki, burada təhsil almaq asan olduğu üçün gəlirlər. Bəs geri qayıdıb harada çalışırlar? Ötən 45 il ərzində Azərbaycan Tibb Universitetində 2 mindən çox iranlı tələbə təhsil alıb ölkəsinə qayıdıb. Həmin məzun olan həkimlər indi Azərbaycandan ora gedən xəstələrə xidmət edirlər. Yaxud da onlardan bəziləri Azərbaycana qayıdıb özünü reklam edir, telekanallara çıxır. Bütün bunlar faktdır və gedib araşdıra bilərsiniz.

Bunu Türkiyə üçün də demək olar. Hazırda Azərbaycan Tibb Universitetində Türkiyədən də 300-ə yaxın tələbə təhsil alır. Yaxşı, tutaq ki, Azərbaycan həkimləri zəifdir, bəs onlar bura niyə gəlirlər? Azərbaycanda oxuyan həmin türklər də Türkiyəyə qayıdıb, orada çalışırlar. Nəticədə də bizim hazırladığımız həkimlər türkü, iranlını müalicə edirlər. Üstəlik də onlar ölkələrinə qayıdan kimi bizi pisləyib deyirlər ki, Azərbaycanda yaxşı dərs keçilmir və sairə. Bu dövlət siyasətidir.

Digər tərəfdən isə bizim yerli telekanallar gecə-gündüz iranlını, türkü təbliğ edib deyir ki, filan yerdən uzman həkim gəlib və sairə. Bu gün “uzman” sözü yaman dəbə minib. Bəs nədir uzman? Əslində, uzman kadr hazırlığı deməkdir. İstəyirsən, uzman, professor, dosent ol, bir adın var, o da həkimdir. İndi çıxıb telekanallarda kiməsə “uzman həkim” deməyin nə mənası var? Bu da bir reklamdır. Bununla özlərini reklam edib demək istəyirlər ki, filan həkim İrandan, Türkiyədən gəlib. Yaxud da haradansa üç günlük sertifikat alıb və sairə. O sertifikatdan məndə 200 ədəd var. Üçgünlük kursa gedəndə də, haradasa bir saatlıq çıxış edəndə də sənə bir sertifikat verilir. Sertifikatın həkimin güclü olub-olmamasına, müalicəyə heç bir aidiyyəti yoxdur. Söhbət bundan gedir. Biz də düşmüşük süni və ucuz reklamın dalına. Bu cür reklamlar təkcə tibb sahəsində deyil. Başqa reklamlar da var. Bir vaxtlar xəbər yayıldı ki, Çində süni yumurta hazırlanır. Ona görə də xaricdən yumurta alınmasın. Bunu edən kimi, Azərbaycanda yumurta bahalaşdı. Yəni, bütün bunlar ticarətin qaydasıdır. Bahalığı da yaradanlar qədimdən ticarətçilər olub. Rəhmətlik Qasım bəy Zakirin bir şerində deyilir ki, baqqal qoyur tərəziyə imanın, əsəl qiymətinə satar ayranın. Yəni, ticarətçi imanını tərəziyə qoyur, ayranı bal qiymətinə satır. Bu cür hallar indi də mövcuddur. Bir də görürsən ki, “halal ət” deyə reklam lövhəsi asıblar. Necə yani halal ət? Bəs haram əti də satırlar? Haram ət odur ki, küçədə ölmüş heyvanın ətini qanunsuz şəkildə satırlar. Yəni, biz buyuq! Söhbət təkcə bizim ölkədən də getmir. Bəzi adamlar deyir ki, bu cür hallar yalnız Azərbaycanda var. Xeyr, bu belə deyil. Mən dünyanın 30 ölkəsini gəzib, maraqlanmışam. Mənim bir adətim var. Hansı ölkəyə getsəm, oranın bazarına mütləq getməliyəm. Bazara da ticarətçilər gəlib pul qazanır. Bazarlarda olan ticarətçilərin bir peşəsi var, o da kəndçini aldatmaq. Bu, Azərbaycanda da, Rusiyada da, ABŞ-da da belədir. Mən ABŞ-da olanda bizi otelə gətirmək üçün uzun yollarla aparırdılar ki, çox pul alsınlar. Hətta, mən dava da etdim ki, vicdanınız olsun, bizi 4-5 saat niyə boş yerə gəzdirirsiniz? Yəni, bu cür fırıldaqçılıq dünyanın hər yerində var. Ancaq bunu təkcə Azərbaycanın üzərinə yıxmaq bizim xasiyyətimizdir.
İstanbulda xəstəxanalarda da olmuşam. İstanbulda xəstələrdən alınan pullar bizdəkindən 5 dəfə çoxdur. İstanbulda hörmət etməyəndə, xəstəyə yaxşı baxılmır. Misal üçün, mən orada olanda üzüm tüklü idi, bildilər ki, pul verirəm, mənə 3 adam qulluq edirdi. Bizdə də son vaxtlar yeni qurumlar yaradıldığı üçün, problemlər tədricən öz həllini tapır. Necə ki, qar yağanda hər yer gözəl görünür, ancaq əriyəndə görürsən ki, altında böyük zibilxana var. Camaatın tökdüyü zibillərdir, qar üstünü örtübmüş. Reklamların da nəticəsi belə olur, reklam pul qazanmaq naminə hər şeyi yaxşı göstərir.
Mən elə insanlar tanıyıram ki, vaxtilə ölkəmizdə yüksək vəzifələrdə çalışıblar, vəzifədən çıxarılandan sonra isə xarici ölkələrə gedib, internetdə Azərbaycan haqqında ağızlarına gələni danışırlar, ölkəmizi biabır edirlər. Axı biz dədə-babadan da öyrənmişik ki, kənarda öz elini biabır etmək olmaz! Aşıq Ələsgərin də şeri var ki, evin sirrini bayıra çıxartma, eldən ayıbdır.

“Son 10 ildir ki, kişiləşmişik”


- Son vaxtlar Azərbaycandan xaricə miqrasiya edən vətəndaşların sayı artıb. Siz bunun səbəblərini nədə görürsünüz?

- Mən xaricə miqrasiya edən vətəndaşlarımıza pis baxmıram. Nə statusu il gedirlərsə getsinlər, fərq etməz, onlar sonradan düzələcəklər. İnanıram ki, bu insanlar sonda hansı millətin nümayəndəsi olduğunu anlayacaq və diasporada təşkilatlanacaq. Ermənilər də bütün dünyaya səpələniblər. Son 5-6 ildə 1 milyondan çox erməni xarici ölkələrə qaçıb. Bunlar da miqrantdır. Məgər ermənilər xoşluqdan gediblər? Ermənilərin də dövlətdən narazı olanları var. Amma millətdən narazılıq etmirlər. Ermənilər çıxış edib deyirlər ki, sən bil ki, ermənisən, hara getsən də sonda Ermənistanda olmalısan. Amma biz nə deyirik? Əşi nə var bu ölkədə, Azərbaycandan çıxıb getmək lazımdır və sairə.

Azərbaycanda yaşayan insanlarda xainlik və paxıllıq məsələləri güclüdür. Bu bizim tarixi kökümüzlə bağlı deyil. Uzun illər əsarət altında qalmağımızla bağlıdır. Çünki biz 300 ilə yaxın xarici dövlətlərin əsarəti altında olmuşuq. Bu zaman da vəzifəyə-filana görə yaltaqlananlarımız olub. Bütün bunlar bizim keçmişmizdə qalıb. Son 10 ildir ki, kişiləşmişik, indi də bir-birimizlə vuruşmağa başlamışıq. Kimsə yaxşı maşın sürüsə, onun paxıllığını çəkmək lazım deyil. Ola bilər ki, həmin adam maşını çox əyri yollarla alıb, amma alıb. İndi o adamı əyri yoldan uzaqlaşdırmağa çalışmaq, övladına tərbiyə vermək lazımdır.

Kəşfiyyatçı generalın atası, akademik Vaqif Şadlinski: “Biz türk deyilik” – MÜSAHİBƏ – FOTOLAR

“Azərbaycandan xaricə gedən “beyin axını”nın bizə xeyri var”

- Xaricə gedən insanları “beyin axını” kimi qələmə verirlər. Bu, ölkəmizin gələcəyi üçün nə dərəcədə təhlükəlidir?

- Mən heç də buna “beyin axını” deməzdim. Ümumiyyətlə, son 30 ildə Azərbaycanın Rusiya və digər ölkələrlə elmi əlaqələri artıb. Mənim də öz müşahidələrim var. Misal üçün, Sovet İttifaqı dövründə rusların aldığı mükafatların ümumi sayı bizim mükafatların sayına çatmırdı. O cümlədən də kimya və digər sahələrdə elmi mükafatların sayına görə biz öndə getmişik. Hazırda bizim Rusiyada, Almaniyada, ABŞ-da və digər ölkələrdə elmi fəaliyyətlə məşğul olan məzunlarımız var. Onların hamısı Azərbaycanda təhsil alıblar və hazırda çox güclü mütəxəssislərdir. Bütün bunlar o demək deyil ki, Azərbaycandan xaricə “beyin axını” var. Əksinə, “beyin axını”nın bizə xeyri var. Əgər onlar gedib xarici ölkələrdə kök salıb yaşayırsa, işləyirsə, mütləq 2-3 nəfər azərbaycanlını da yanına aparacaq və onlar da mütəxəssisləşəcək. İndiyədək biz buna pis baxmışıq. SSRİ dövründə bir azərbaycanlı hərbi ixtisas seçəndə, onu barmaqla göstərirdilər, lağa qoyurdular. Buna görə də rusun dövründə azərbaycanlı generalların sayı çox az idi. Rus Çar hökuməti müsəlman olduğumuz üçün bizi hərbi xidmətə aparmırdı, əvəzində isə pul alırdı. Məqsəd də müsəlmanların hərbiçi kimi yetişməsinin qarşısını almaq idi. Mən Belarusda 3 il hərbi xidmətdə olmuşam. O vaxt görürdüm ki, Qafqazdan olan hərbi qulluqçuları tikinti işlərinə cəlb edirdilər, heç biri silah üzü görmürdü. O boyda Rusiyada dəmir yollarını qafqazlılar tikiblər. Bunun nəticəsində də ötən sərin 90-cu illərinin əvvəllərində Azərbaycan müstəqillik qazanan zaman insanlarımız hərbi xidmətə zorla göndərilirdi. Amma bu gün azərbaycanlılar hərbi xidmətə könüllü olaraq yazılır, özləri gedib məcbur edirlər ki, hərbi xidmətə getsinlər.

Türkiyədə çox gözəl ənənə var, hərbi xidmətdə olmayan oğlana qız vermirlər. Bizdə də bunun olması yaxşı olardı. Bunun üçün valideynlər öz övladlarına başa salmalıdır. Daha telekanallara çıxarıb maşınlarını göstərmək, “ərimdən boşanmasaydım, yaxşı artist ola bilməzim” dedizdirmək lazım deyil. Bu təbliğatla o təbliğat bir-birinə uyğun gəlmir. Bununla bağlı filmlər çəkmək lazımdır, göstərmək lazımdır ki, əsgərlikdə olmayana qız verilmir. Daha şounu reklam etmək lazım deyil. Gedin bununla bağlı şounu tənqid edin, görün necə üzərinizə düşəcəklər.

“Çox güclü mafiyadır, biri maşınını, biri geyimini, bir siqaretini göstərir”

- Kim düşəcək?

- Orada bir dəstə var, onlar. Çox güclü mafiyadır. Bu dəstə insanların başına çox oyunlar açıb. Siz onların toylarına baxın, görün necə güclü mafiyadır. Görün onların toyunda bir nəfər professor, elm və mədəniyyət işçisi var? Hamısı manıslardır, özləridir. Biri maşınını, biri geyimini, bir siqaretini göstərir. Yəni, bu bizik. Bunun yaxşısı da, pisi də bizimdir.

“Sübut etdim ki, Səlahəddin Əyyubi bizim nəsildəndir”

- Sizin nəslin öndə gedən nümayəndəsi olan daha kimlər var?

- Nəslimizin öndə gedən nümayəndələri çoxdur. Qardaşım dosent və cərrahdır, bacımın isə 86 yaşı var, orta məktəb müəllimidir. Əmimin yoldaşı Bərdədə yaşayır, “əməkdar müəllim”dir, uzun müddət məktəb direktoru olub, onun gəlini da hazırda işləyir. Qardaşım oğlu hərbiçidir, polkovnik rütbəsindədir. Nəslimizdə general və polkovnik rütbəsində olan insanlar var. Biz dövlətə bağlı adamlarıq, hansı dövlətdə yaşamışıqsa, o dövlətçiliyi qorumuşuq.

Şadlinskilər böyük tayfadır. Bəziləri sual verir ki, sən filankəsin nəyisən? Deyəndə ki, qardaşısan, nəvəsisən, əmisi oğlusan, deməli qohumsan. Yox, əmisi nəvəsisənsə, qohum deyilsən.
Ötən il Abbasqulu bəy Şadlinskinin 130 yaşı tamam oldu. Bu adam 130 il öncə yaşayıbsa, mənim oğlum ona nəvə düşə bilməz ki! Ancaq biz eyni nəsil gedirik. Mən öz DNK analizimi ABŞ-a göndərdim. Sonra cavab aldım ki, mən Şəddadi nəslinin nümayəndəsiyəm. Təkcə mənim məktubumla əlaqədar 5 nəfər bizim nəslin nümayəndəsi üzə çıxıb. İndi görün dünyada bu nəsildən olan nə qədər adam yaşayır. Bununla mən sübut etdim ki, Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi bizim nəsildəndir. Bununla bağlı tarixi faktlar da var. Mən istəyirəm ki, öz kökümü, keçmişimi dərindən öyrənim. Mənim övladlarım, nəvələrim də öz köklərini bilsin. Burada heç bir millətçilik və ya qohumbazlıq yoxdur. Hər kəs öz əcdadını, kökünü bilməlidir. Mən bəzən tələbələrdən babasının adını soruşanda bilmirlər. Atasının babasının adını isə heç bilmirlər. Belə olan təqdirdə hansı düşmənlə mübarizədən söhbət gedə bilər?

Qeyd: Müsahibənin davamı sabah yayımlanacaq. İkinci hissədə akademik Vaqif Şadlinski ölkədəki daxili siyasətdən, milli kimliyimizlə bağlı son vaxtlar müzakirə olunan mövzulardan, Qərbi Azərbaycanlılarla bağlı zaman-zaman gündəmə gətirilən məsələlərdən danışıb.

Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.