“Məni iki dəfə ağır yaralanmağım yox, yanımda şəhid olanlar incidir” – Biləsuvarlı Qarabağ qazisi
9-04-2017, 11:24
Biləsuvar batalyonunun daha bir könüllüsü bu gün cəbhə, döyüş xatirələrini bizimlə bölüşüb. Onun adı Oqtaydır.
Qısa bioqrafiya
Oqtay Mirzağa oğlu Məmmədov 1965-ci ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Burada boya-başa çatıb, 1983-1985-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə vətənə qayıdandan bir müddət sonra ticarət məqsədi ilə yenidən Rusiyaya yollanıb. 1989-cu ildə kəndə qayıdıb. 1993-cü ilə kimi kolxozda traktorçu kimi işləyib. Ailəlidir, iki övladı var.
– Oqtay bəy, döyüş yolunuz haqda danışa bilərsinizmi?
– Mən 1983-1985-ci illərdə sovet ordusunda xidmət etmişəm, orda da ermənilərlə münasibətimiz olub. Ancaq həmin vaxtlar bunların murdarlığını hiss etməmişəm. Əsgərlikdən gələndən bir müddət sonra çörək pulu qazanmaq üçün Rusiyaya getdim. Orada da ermənilərlə bir ortama düşdük, artıq həmin vaxtlar onlar içindəkiləri büruzə verməyə başlamışdılar. 1989-cu ildə Vətənə qaydıb ailəmlə yaşamağa qərar verdim. Elə də oldu, gəlib bir müddət kolxozda işlədim. 1993-cü il ildə müharibə gedirdi, bir neçə rayon da işğal edilmişdi. Xocalı məsələsi bizi sarsıtdı. Artıq 1993-cü ildə kəndimizə və rayonumuza çoxlu şəhidlər gəlmişdi.
-İlk dəfə necə oldu savaşa yollandınız?
-Cəbhədən gələn xəbərlər məni sakit buraxmırdı. Bir gün ata-anamdan xeyir-dua alıb Biləsuvar batalyonuna qoşuldum. Həmin vaxtlar dəhşətli intizamsızlıq hökm sürürdü, ölkə bir neçə adam arasında girinc qalmışdı. Biz isə könüllülər idik. Məqsədimiz ölkəmizi müdaiə etmək idi.
Hər bir şəhid məni qocaldıb!
İlk getdiyim vaxtlarda uğurlu əməliyyatlarımız oldu. Doğrudan da orada cəngavər igidlər vardı. Biz biləsuvarlılar da nəsə etməyə can atırdıq. Bir şeyi qeyd edim: müharibədə tək düşüncən qələbə olmalıdı. Düşməni hansı formada məğlub edirsən-et, əsas odur insanda “qalib gəlmək” prinsipi olsun. Məncə, bu bizdə var idi. Döyüşə gedəndə evil idim, iki oğlum vardı. İlk döyüşümüz Ağdam rayonun Yarımcan kəndində olub. Çox vahiməli döyüş idi. Bizim 18 nəfərlik kəşfiyyat qrupumuz vardı. Bütün əsgərlər qələbəyə kökləndiyindən getdiyimiz hər əməliyyatdan uğrula qayıdırdıq. Erməni əsirlərini gətirib, özümüzünkülərlə dəyişirdik. Onu deyim ki, gətirdiyim bir erməninin belə tükünə toxunmamışam. Çünki bunu özümə sığışdırmamışam. Erməni bizimlə döyüşə biləcək qədər böyük və səviyyəli düşmən ola bilməzdi. Biz İran və Rusiyaya qarşı döyüşürdük. Ermənidən isə ortada istifadə olunurdu, ona görə də onlara təpik vurmaq belə artıq idi. Mən təbiətcə də kimsəyə ziyan verən adam deyiləm, amma məsələ Vətəndirsə, hər şey fərqli olur. Ağdamın Baş Qərvənd, Güllücə kəndlərində ağır döyüşlərimiz oldu. “Qasımın karyeri” deyilən əraziyə hər gün hücum edirdik, amma uğursuz əməliyyatlarda şəhid və yaralılarımız olurdu. Bir müddət bu uğursuzluq bizi ruhdan salmağa başladı. Yuxarıdan da gördülər ki, bir aydır əməliyyatlar uğursuzdur və hər hücumda 20 döyüşçü itiririk. Bundan sonra bizi ordan çıxardılar. Hər bir şəhid məni qocaldıb.
-Oqtay bəy, bu Qarabağ savaşı sizə nə verdi və ya nə aldı?
Bir əlimlə də Vətənə xidmət edə bilərəm, təki…
– Müharibə mənə çox şey verib. Məsələn: savaşda olmaq hər insana qismət olmur deyə hər kəs məni düzgün başa düşməyə bilər. Amma bu onların öz işidir. Mənə verilən ən dəyərli ərmağan- ordakı dostlarım oldu. Daha sonra müharibə mənə öz rayonumun igidlərini daha yaxşı tanımaq imkanı verdi. Bu gün müharibənin (məğlub vəziyyətdə olsaq da) mənə verdiyi bir qürur hissi var: Ailəm. uşaqlarım başı aşağa deyil! Məndən aldığı isə bir əlimdir, mən qürurla, ürəklə yaşadıqdan sonra bir əlim olmasa da eyib etməz. Bir alimlə də Vətənə xidmət edə bilərəm, təki bizləri yada salsınlar. Vallah, maddi heç nə istəmirəm. Ancaq rayonlarda saysız qazi, şəhid ailələri var onları yada salsınlar. Bu bizim döyüşçülərə və ailələrinə ümid olar, yenidən həyat eşqi yaranar.
Bu gün keçmiş döyüşçünün oğlu 18 yaşına çatanda kasıblıqla, böynu bükük formada hərbi xidmətə getməsin. Qoy o, atasının yarımçıq olmasının, unudulmasını düşünüb məhv olmasın. Əksinə milli ruhda, həvəslə qarnı-gözü tox böyüsün. Onda siz baxın, Vətən necə qorunur. Vətən bizim hamımızındır. Gərək sadəcə kasıb yox, hər kəs Vətənə eyni gözlə baxsın, sevsini. Azərbaycan sadəcə Bakıdan ibarət deyil. Rayonlarda, kəndlərdə fabriklər, peşə məktəbləri açılsın, hər bir gənc Vətənə böyük ruhla xidmət etsin. Mən Vətənimi sevirəm. Bir əlim, iki övladım var , onlar da Vətənə fəda olsun. Günü bu gün hücum əmri verilsə, hazıram. Ən azı orda əsgərlərə yolları göstərərəm, çaylarını hazırlayaram, bir formada xidmət edərəm. Onun üçün də keçmiş döyüşçüləri toplayıb, işə yaradıqlarını xatırlatmaq, ruh vermək lazımdır. Bu gün Qarabağda şəhidlərimiz düşmən tərəfdə qalır, onları dəyişmək üçün gizli təcrübəli döyüşçüləri təlimatlandırıb kəşfiyyata göndərmək lazımdır. Bilirsiniz, biz istəsək hər şeyi edərik…
-Oqtay bəy, əlinizi necə oldu itirdiniz?
“Ermənilər minamyot atdılar əlimi itirdim”
– Deməli, şiddətli atışma idi, güllələr yağış kimi yağırdı. Təbii hər birimizdə həyəcan vardı. Mən bir gün əvvəl itirdiyimiz şəhidləri düşünürdüm. Bax bu, çox ağrılı idi. Bizim olduğumuz yerə ermənilər minamyot mərmisi atdılar, əlimi itirdim, bütün sifətim və bədənimdən ağır yaralar aldım. Gerisini xatırlamıram, məni hospitala apardılar. Orda bir həftə yatıb çıxdım. Hospitalı tərk edəndə əlimdəki tikiş də qan verirdi. Dəhşətli günlər idi. Ancaq məni iki dəfə yaralanmağım yox, yanımda şəhid olanlar incidirdi. Elə bu gün də incidir.
-Bugünkü Azərbaycan gəncliyinə güvəniniz varmı?
“Torpaqlar azad olunmayana kimi özümü qəhrəman saymıram”
– Mənim 26 yaşında oğlum var, ona və onun kimi gənclərə güvənirəm. Sadəcə, ruh yüksəkliyi azdır. Bəlkə də bir az öncə sadaladığım əksiklikləri aradan qaldırsalar, gənclər də ruhlanar. Şükür Allaha, bu gün nizami ordumuz, silahımız, hər şeyimiz var. Qalır maarifləndirmə işini aparmaq. Onu da etsələr hər şey yaxşı olar. Məsələn, şəhid gələn gün bəzi kanallarda manısların hoppanıb-düşməsini göstərmək ayıbdır. Oğlum Tərtərdə xidmət edib. Bu gün də oğlumla döyüşə gedərəm. Bir evdən neçə nəfər varsa, bir kişi qalmalı, digərləri Vətən üçün döyüşməlidi. Ailəmi mən qayıdana qədər atam-anam dolandırıb. Bu gün əlil kimi pensiya alıram, kənd təsərrüfatı ilə məşğul oluram. Əlimlə bağlı bir yerə də pulsuz müayinə üçün müraciət etməmişəm, etməyəcəm də. Bu gün görəcəyimiz çox iş var, torpaqlar azad olunmayana kimi özümü qəhrəman saymıram. İnşallah, qələbəmiz olar, onda bizdə sevinərik…
Musavat.com