"Burada min başdan çox vəhşiləmiş inək, at sürüləri var..." - Azərbaycanın cəmi 1 sakini olan adasından reportaj

10-04-2017, 22:10           

- Bax, bu evin azı 100 yaşı var, gözümü açıb onu görmüşəm. Mənim atam da, atamın atası da burada yaşayıb. Ulu babalarım deyilənə görə, Kuban tərəflərdən gəliblər buralara. Niyə? Heç soruşmamışdım, düzü...

Hisdən qapqara qaralmış çaydanını götürüb, gedir ocaq qalamağa. Çünki onun yaşadığı evdə nə qaz var, nə işıq. Onun yaşadığı evdə ondan başqa heç kim yaşamır. Ümumiyyətlə, onun yaşadığı bu adada ondan başqa kimsə yoxdu. Təkdi, hərdən balıqçılar bu adaya yön alır sınıq-salxaq qayıqları ilə. Vəssalam…

Vitali deyir ki, indi hər tərəfini kol-kos basmış bu ada vaxtıyla nəinki Neftçalanın, Azərbaycanın ən yaxşı kəndlərindən olub.

- Bu adada iki kənd vardı. Biri Jarovka, biri Kurkosa. Eh, bütün Neftçala bizə həsədlə baxardı. Varlı-hallı yaşayardıq. Min hektarlarla üzümlük, narlıq, balıq zavodu, mal-qaranın sayı-hesabı yox, hamının da işi var. Hamı da 8 saatını işləyib səhərəcən yeyib-içib, dincəlirdi. İndi adını diskoteka qoyublar e. Hər axşam bütün kənd kluba rəqsə yığışardı. Hər halda, mən gözümü açandan buraları belə görmüşəm.

1952-ci ildə anadan olub Vitali Pronin. Atası Vladimir fəhlə, anası Antonina klub müdiriymiş. Orta məktəbi də elə burada bitirib, əsgərliyə gedib, qayıdıb elə kolxozdaca traktorçu işləməyə başlayıb. Sonra evlənib. Amma oğul-uşaq atası olmayıb Vitalik. İki qardaşı, iki bacısı varmış. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Biz Vitalinin qardaş və bacılarını bir daha xatırlayacağıq. Amma hələ ki, 1981-ci ilin sentyabrına qayıdaq.

- Həmin il sentyabrın 14-dən etibarən Xəzər tədricən qalxmağa başladı. Amma yenə də bir müddət quruyla əlaqə qalırdı. Mən həmin vaxt kənddə olmamışam, Rusiyadaydım, Podolskda işləyirdim. Nə işləyəcəm, fəhlə. Deyəsən, noyabr ayı idi, kəndə qayıdırdım. Neftçalaya çatanda xəbər tutdum ki, yol bağlıdı. Amma müəyyən yerlərdən keçib getmək mümkün idi. Birtəhər qayıqla evimizə gəlib çıxdım. Həmin vaxt atam-anam, iki bacım bir qardaşım bir yerdə yaşayırdıq. Böyük qardaşım Valentin bizdən ayrılmışdı, köçüb getmişdi. Bir müddət kənddə qaldım, elə traktorçu işləməyə davam etdim. 4 il sonra yenidən Rusiyaya getdim. Daha iki il keçdi, birdəfəlik qayıtdım. Çünki bacIlarım ərə getmişdi, qardaşım İvan da evlənib əvvəl Bakıya, sonra isə Moskvaya köçmüşdü. Valideynlərim də xahiş etdilər ki, qayıdım, tək-tənha qalmışdılar. 2002-də həyat yoldaşmı itirdim. Bir il sonra atamı, daha sonra anamı, Antonina İvanovnanı. Beləcə… Sən çayını iç, baxma ki çaynik qapqaradı, ocaq çayıdır, samovar çayından da dadlı olur.

Bayaqdan termosda dəmlədiyi çayı fincanlara süzür. Bir siqaret də yandırıb, damağına qoyur. Gözləri yol çəkir…

- Darıxmırsan burada təkcə?

- Öyrənmişəm tək qalmağa, çoxdan öyrənmişəm. Bir dəfə hələ işığım olanda "Pole Çudes”ə baxırdım. Çoxdan e, lap çoxdan. Həmin verilişin qonaqları məşhur aktyorlar idi, Abdulov, Nikulin, deyəsən bir də Tixonov idi. Onda aparıcı Yakuboviç aktyorlara ən qısa lətifə danışmağı xahiş etdi. Nikulin bircə kəlmə dedi: "Bunu içək, "Pole çudes”in sağlığına”. Hamı ayaq üstə alqışladı. Bunu içək, elə bizim bu "pole çudes”imizin, Kurkosamızın sağlığına. Çayını iç. Sonrasına baxarıq”.

Gülür. Bir siqaret də yandırır.

- Anam öləndən sonra tamamilə tək qaldım. Bizim kəndin qəbiristanlığını da dəniz yuyub aparıb. Mən sonradan burdan bir az aralıda təzə qəbiristanlıq saldım. Cəmi 4 qəbir var orada. Və beşdən artıq qəbir olmayacaq. Sonuncu mənim qəbrim… Mən anamın qəbrini atıb gedə bilmərəm, başa düşürsənmi? Bu qəbir mənim dərdləşdiyim yerdir. Hər gecə yuxuma girir anam və anamın qəbri. Başqa yerə gedə bilmərəm, dəli olaram.

Vitali deyir, dəniz qalxandan sonra sovet hökuməti əhalini Neftçalanı Müşfiq deyilən yerinə köçürdü. Evlər tikdi, iş yerləri açdı. Amma getməyənlər də oldu. Dəniz yavaş yavaş adanı yedikcə artıq burada qalmağın heç mənasını olmadığını görüb, hamı adanı tərk etdi. Bircə ana-bala Proninlərdən başqa.

- Hər səhər anamla dəniz qırağına gedib, uzaqlara baxardıq. Hər qayıq gələndə anam elə bilirdi ki, indicə qardaşlarım da qayıqdan düşəcək, onun boynuna sarılacaq. Amma yazıq arvad nə biləydi ki, oğlanları heç onun dəfninə belə gəlməyəcək.

- Niyə gəlmədilər ki?

- Bilmirəm, amma bacılarım xəbər etmişdi onlara. Qardaşlarımla əlaqəni 25 ildən çoxdur ki, kəsmişəm. Bircə dəfə də nə məni, nə anamı axtardılar. Heç bilmirəm harada yaşayırlar, ölüblər, qalıblar. Heç mənə lazım da deyillər. Amma bacılarım...

Hə, bacıları Qalya və Nadya analarının yasına gəliblər. Özü də minbir əziyyətlə. Əvvəl Neftçalaya, sonra Sahil adlanan yerə, oradan da qayıqla 17 km məsafə qət edib, Kurkosaya. Və geri Tolyattiyə qayıdanda Vitaliyə az qala yalvarıb hər iki bacı: "nə görmüsən bu adada təkcə? Daha heç kim qalmayıb, bir vəhşi atlardı, bir də bu vəhşi inəklər. Gəl aparaq səni”. Vitali isə bütün yalvarışlara rəğmən heç yerə getməyəcəyini deyib.

- Bayaq dedim, həm anamın qəbrini qoyub gedə bilməzdim, həm də yaşaya bilmərəm şəhərdə, rayonda, ümumiyyətlə, başqa yerdə. Başım götürməzdi. Yazıq qızlar ağlaya-ağlaya getdilər. Mən də onların boyunların qucaqlayıb ağladım, məndən narahat olmayın dedim. Yazıq, balacamız Nadenka qayıq gözdən itənədək əl elədi (Kövrəlir).

Vitali deyir ki, adada quşların, xüsusən də flaminqoların səsindən rahatlıq tapır. Nə maşın səsi var, nə televizor, nə də insan səs-küyü. "Əsəblərim də yerindədir, nə başım ağrıyır, nə ürəyim”.

- Hər səhər tezdən dururam. Bax, bu qara çaynikin altını odlayıb, əl-üzümü yuyuram. Səhər yeməyimi yeyib, başlayıram eşələnməyə. Nə eşələnmək? O qədər iş var ki? Toyuq-cücəni yemləyirəm. İtin, pişiyin yemini verirəm. Bax, bu yanda kartof əkmişəm - evin arxasını göstərir - orayla məşğul oluram. Sonra başlayıram tor toxumağa. Bir də görürsən, əlavə işlər də çıxır. Məsələn, evin ora-burasında problem olur. Oranı təmir edirəm, beləcə axşam düşür. Lampamı yandırıb, otururam özüm üçün. Ya da axşam gedib dayanıram sahildə. Dənizlə baş-başa. Sən gecə dalğaların səsinə qulaq asmısan? Bakıda yox e, oranın dalğalarını səsi başqa cürdür. Burada, adamsız bu adada. İnsanın ruhu dincəlir. Bir saat bəs edir, gəlib girirsən yerinə, elə rahat yatırsan ki...

Deyir yemək və eləcə də içmək tərəfdən problemi yoxdur. Balıq şorbası, əşi nə şorba e, "balıqdan 50 cür yemək hazırlayaram . Buğlama da, dolma da, ya da çöl quşlarından neçə cür təam”.

- Burada qaban da var. Amma qabandan qorxuram. Elə atlardan da. Vəhşiləşiblər. Atlar o qədər vəhşiləşib ki, artıq dəniz suyu içirlər. Onları tutub ram eləmək çox çətindir. Amma inəkləri mümkündür. Onların südü can dərmanıdır, biləsən. Kəsəndə kəsirik, amma nəyimə lazımdı, onsuz da yemək sarıdan burada problem yoxdur. Donuzlarla isə çox çətindir. Onlar adamlara cuma bilər. Yox, mənim evimdən çox uzaqdadırlar. Bu tərəflərə hərlənmirlər. Amma nə biləsən, bir də gördün rastına çıxdı. Hər halda, ehtiyatlı olmalısan. Bir də çaqqallar. Hər gecə gəlib evimin qabağında mahnı oxuyurlar. Bir saat, iki saat ulayıb gedirlər (Gülür).

- Bəs qorxmursan?

- Deyim ki, yox, yalan olar. Sürüylə gəlirlər, adama cumsalar, parçalayarlar. Amma çölə çıxmıram. Lampanı yandıran kimi həyətdən yox olurlar. Bilirsən niyə gəlirlər bura? Həyətdəki buzovlara görə. İnək doğan kimi elə bil iy bilirlər. Elə olub ki, inək çöldə doğub, balası qalıb ortada. Özü gedib otlamağa. Çaqqallar cumub parçalayıblar. Sonradan o inəyin səsindən səhərə kimi yata bilməmişəm. Yazıq balasını axtarır axı. Bir dəfə təzə doğulan buzovu 4-5 çaqqalın əlindən alıb evə gətirmişəm. İnək balasının dalınca gəlib onu həyətdə tapdı. Necə yalayırdı balasını...

- Bəs atlar?

- Atlar çox çətin məsələdi. Burada hardasa min başa qədər at olar. Bəzən balıqçılar necəsə tutub aparılar, quruda əhliləşdirirlər. Amma nadir hallarda olur belə. Onları ram etmək çox çətindir. Həm də qorxuludur. Çünki vura bilər. Hərəsi 300-400 kilodur. Vursa, adamı öldürər.

Deyir, həftədə, on gündə bir dəfə sahilə balıqçılar çıxır. Ona lazım olan ərzağı da onlar alıb gətirilər.

- Çay, qənd, paltar yumaq üçün lazım olanları. Qalan hər şey var burada. Bir az yaşlaşmışam, əlacım olsa taxıl da əkərəm. Ucsuz-bucaqsız yerdi. Amma yoruluram, baxammaram. Sən bilirsənmi burada necə şirin su çıxır. Balıqçılar bidonlarla aparılar suyu buradan. Çox gözəl suyu var. Duraq iki metr qazaq, su fontan vuracaq. İnəklər də elə şirin suya gəlirlər. Onlar dəniz suyu içə bilmirlər. Bir də görürsən, yüzü birdən gəldi inəkli-buzovlu. Buranın hər yanı dənizdir, amma Allahın möcüzəsidir, haranı qazsan, şirin su çıxır.

- Bəs dünyadan, olan-qalandan necə xəbər tutursan?

- Gələnlər danışır. Həm də nəyimə gərəkdi dünya, o, bu. Lazımım olsaydı, gedib Neftçalada yaşayardım da. Başım dinc, qulağım dinc. Rayonda da evim var. Heç pensiyamın dalınca da getmirəm. Bilmirəm nə qədərdi. Zahid (balıqçı dostu) deyir ki, 180 manatdır. Kartım da ondadır. Lazım olanı alıb gətirir.

Evi üç otaqlıdır. Deyirəm, evdən balıq iyi gəlir. Gülür, "bəs nə iyi gəlsin?” Köhnə şifoner, şkaflar, çarpayı, eyvandakı yaşı bəlkə də əllini, altmışı ötmüş məişət əşyaları. Hətta üzərində "1924-cü il” yazılmış daş ütü də var. Pəncərənin önünə onlarla alışqan düzüb.

- Neynirsən bunları?

- İnan ki hamısı xarabdır. Amma bir də görürsən möcüzə baş verir axı. Qəfil alışqanım qurtarır, kibritim yoxdur. Gəlirəm bu pəncərənin önünə, bir-bir yoxlayıram. Və möcüzə baş verir, biri yanır.

- Bəs bu əmzik nədir?

- Onu dəniz vurub çıxarmışdı sahilə. Götürüb gəldim evə.

- Nəyinə lazımdır ki?

- Nə bilim, uşaqları, onlara aid əşyaları çox sevirəm. Mənim övladım olmayıb, bəlkə də ona görədir. Qalıb da burada, kimə nə maneçiliyi? Bəlkə nə vaxtsa bura bir uşaq da gələr. Əmziyi isə evdə qalmış olar... Nə isə. Götür, xoş gəlmisən. Vuraq e. Mənə fikir vermə, sən ye. Özü də çox ye. Çünki bir azdan acacaqsan, burada hava adamı tez acdırır…

Bayaqdan Vitaliylə Azərbaycan dilində danışırıq. Tər-təmiz bilir Azərbaycan dilini. Deyir ana dilimdi də, necə olmalıdır ki?

- Mən rus dilini unuduram yavaş-yavaş. Kiminlə danışacam ki? Heç azərbaycanca danışmağa adam tapa bilmirəm (Gülür).

***

Darvazada sağollaşırıq. Bayaqdan, Allah bilir, neçənci siqaretini yandırır.

- Sənə bir "Cümə” lazımdı, Vitya. Belə çətin olacaq sənə.

Gözlərini qıyıb, ürəkdolusu gülür.

- "Cümə” lazım olanda rayona gedirəm… O da ildə bir dəfə, iki dəfə… (Yenə bic-bic gülür)

Və qəfil:

- Vitya ayın neçəsidi?

Çiçək açmış alça ağacına baxır:

- Aprel ayıdır…

***

Şər düşür. Geri qayıtmalıyıq. Bu tənha adam yenə tənha ada ilə baş-başa qalacaq. Atlar, inəklər, qabanlar arasında. Öz evində, tək-tənha. Bir azdan hisli lampasını yandıracaq, bəlkə də dəniz qırağına gedəcək dalğaların səsinə qulaq asmağa. Və ən əsası, buranı heç vaxt tərk etmək istəməyəcək. Çünki bura onun vətənidir.

Səbuhi Məmmədli,

Lent.az






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.