"Əcəb edib nəşə çəkirəm, sənə nə?!"- Azərbaycanlı müğənni
12-04-2017, 13:43
Müğənni Niyam Salaminin metbuat.az-a müsahibəsini təqdim edirik:
- Bu günə qədər müxtəlif klub konsertləri vermisiniz, nə zaman daha böyük kütlə üçün konsert verməyi planlaşdırırsınız?
- Özüm özümdən konsert gözləyirəm. O qədər güclü potensialım var ki, özümü hər şeyə hazır hiss edirəm. Sadəcə böyük konsertin böyük də məsuliyyəti var. Qaldı ki, yeni işlər görürəm. Yay ayları üçün çox möhtəşəm mahnılar hazırlayıram. Hind mahnısı da oxuyacam. Daima fəaliyyətdəyəm.
- Digər həmkarlarınız kimi şəxsi biznes açmaq fikriniz yoxdur?
- Ən böyük arzum şəxsi biznesimin olmasıdır. Bu günə qədər bir neçə yerlərə getdim, danışdım, amma alınmadı. Çünki hamı sözünün əri deyil. Sözü deyir, amma əməl eləmir. İşləyəndə də gərək kişi balası ilə işləyəsən. Hansı kişi sözünə əməl etmirsə, o kişi deyil. Odur ki, yeni məkan açacam və onları sizlərin xidmətinə verəcəm.
- Həm müğənni olub, həm də şəxsi biznes işlətmək bir o qədər də asan deyil...
- Təbii ki, çox çətindir. Bunun üçün külli miqdarda pul lazımdır. Pulla yanaşı həm də məsuliyyət tələb edir. Ona görə bu məsələyə xüsusi diqqət edirəm.
- İl başlayandan adınız qalmaqallardan əskik olmur...
- Görürsünüz ki, mən heç kimə cavab vermirəm. Anlamıram, məndən nə istəyirlər?! Heç kim haqda pis nəsə danışmıram. Atalar deyib ki, pis adam pisliyindən əl çəkmirsə, sən niyə yaxşılığından əl çəkirsən? Kim nə edir özü bilər. Bura mən öz zəhmətimlə, əziyyətimlə gəlmişəm. Ona görə heç kimin dediyi vecimə deyil.
- İllər keçdikcə dostlarınızın sayı azalır. Aygün Kazımova, Röya Ayxan, Rəhim Rəhimli ilə bir zamanlar sıx dostluğunuz var idi.
- Aygün, Röya və Rəhim mənim ən yaxın dostlarımdır və mənə düşmənçilik etməzlər. Onların evində olmuşam, ürəklərini bilirəm. Onlar da bilirlər ki, mən onlar haqda nəsə danışmaram. Digər müğənnilərlə danışmıram. Çünki danışan kimi problem yaşayıram.
- Bu gün düşmənlərinizdən danışmayacaqsınız yəni?
- Bəli, heç bir müğənni haqda danışmayacam. Məndən Aygünü, Röyanı Rəhimi soruşurlar. Bu günə qədər əlli dəfə Aygünün evində olmuşam, bir dəfə görməmişəm ki, başqası haqda danışsın. Yeni mahnı təqdim edəcəm deyə, heç vaxt başqa müğənnilərin qalmaqalına münasibət bildirmərəm.
- Zaman-zaman haqqınızda şayiələr yayılır ki, siz narkotik maddələrdən istifadə edirsiniz. Deyəsən bu şayiələri yayanlar da elə sizin şou-biznesdəki rəqiblərinizdir.
- Siqaret çəkmirəm, araq içmirəm. Mənim siqaretin iyindən zəhləm gedir. Lap deyək ki, mən əcəb edib nəşə çəkirəm, sən kimsən?! Narkomaniyaya qurşanmışam, sənə nə?! Boş-boş şayiələr yayırlar haqqımda. Amma sizə deyim ki, onlar mənə dediklərindən artığını edir. Mən onlar haqda danışmayacam. Pis nəsə deməyəcəm.
- Yaş ötür, evlənmək niyyətiniz yoxdur?
- Mən kiməsə görə pərdə taxıb, yenə ailə qura bilmərəm. Ailə qurmuşam və yenidən qurmayacam. Yaşım az deyil. Mənim sənətim qurban tələb edir. Pis işə getmirəm, yaradıcılığımla məşğulam. Həyatımı buna həsr etmişəm
- Yəni hazırda heç kim yoxdur həyatınızda?
- İndi bir xanım var, danışırıq. Onunla nəsə olar. O da toy kimi yox, sadə bir şey. Mən elə insanam ki, çayı da, suyu da üfləyə-üfləyə içirəm. Çətin adamam.