"Nazir atları yarışlara niyə çıxarılmır?” – Baş katibdən rəsmi münasibət
12-04-2017, 14:05
Azərbaycandakı bahalı atlar və onların sahibləri ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Bəzi nazir və deputatların külli miqdarda pul xərcləyərək, özlərinə at aldıqları iddia edilir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevlə əlaqə saxladıq.
Yeniçağ.az-a müsahibə verən federasiya rəsmisi nazir atlarının yarışlara çıxarılmadığını dedi:
– Federasiyaya atlar hansı ölkələrdən gətirilir?
– İdman növlərindən asılı olmayaraq atlar müxtəlif fiziki şəxslər və klublar tərəfindən Avropanın bir sıra ölkələrindən – Rusiyadan, Argentinadan və digər yerlərdən gətirilir. Azərbaycan Respublikası Atçılıq Federasiyasının bir atı belə yoxdur. Federasiyanın fəaliyyəti yarışlar təşkil etmək və digər ölkələrdə keçirilən turnirlərdə Azərbaycanı təmsil edən klubların və ya şəxslərin atlarının iştirakını təmin etməkdən ibarətdir.
– Atlara quluq edən şəxslər haradasa xüsusi təlim görüb?
– Əlbəttə ki, təlimlər vaxtaşırı təşkil olunur. Yerli və xarici seminarlarda, məşqlərdə iştirak etmiş mütəxəssislərimiz gələcək peşəkarların hazırlanmasında böyük rol oynayırlar.
– Ən ucuz və ən baha atların qiyməti nə qədərdir?
– Bir az öncə də dediyim kimi, bizim tərəfimizdən heç bir at alınmayıb. Ölkəyə gətirilən atlar yalnız klublar və fərdi şəxslər tərəfindən alındığına görə, bu rəqəmlərlə bağlı bizdə heç vaxt məlumat olmur.
– O zaman kim istəsə atını sizin atçılıq mərkəzlərindən birində saxlatdıra, baxımını ora həvalə edə bilər? Yoxsa orada xüsusi şəxslərin atları qorunur?
– Əlbəttə ki, bu, mümkündür. Ölkəmizdə bu xidməti göstərən bir sıra mərkəzlər və klublar mövcuddur. Həmin mərkəzlər və klublar fərdi şəxslərin atlarına bu qulluğu ödənişlər qarşılığında həyata keçirirlər.
– Məlumatlara görə sizin federasiyanın nəzdində fəaliyyət göstərən atçılıq mərkəzlərində nazirlərin, deputatların və bəzi tanınmış şəxslərin atları var.
– Federasiyamızda yalnız yarışlarda iştirak edən atlar barəsində məlumatlar mövcuddur. Lakin ölkəmizin heç bir nazirinin adına olan at hələ ki, yarış atlarının sistemində qeydiyyatdan keçməyib. Əgər hər hansı bir fəaliyyət göstərən klubda bu cür atlar saxlanılırsa, bu barədə klub nümayəndəliyindən məlumat ala bilərsiniz.
Onu da qeyd etməliyəm ki, federasiya nəzdində heç bir klub yoxdur. Klublar və mərkəzlər sərbəst fəaliyyət göstərirlər. Bizimlə yeganə əlaqələri federasiyanın klub-üzvü olmalarıdır.
– Bu atları filmə ya da hansısa reklama çəkmək istəyənlər kimdən icazə almalıdırlar? Ümumiyyətlə, buna icazə var?
– Məndə olan məlumata görə, bu təcrübə artıq bir sıra atçılıq klublarında mövcuddur.
– Eşitdiyimizə görə, sizin mərkəzlərdə cins atlara yaxşı qulluq edirlər. Bu barədə də zəhmət olmasa danışın.
– Cins atlar xüsusilə cıdır yarışlarında iştirak edir. Əgər hər hansı bir atın qalib gəlməsini istəyisinizsə, onun qulluğunu da yüksək səviyyədə təmin etməlisiniz. Dəfələrlə yarışlarımızda iştirak edən atların hər birinə yaxşı qulluq edilməsinin şahidi olmuşuq.