Eyyub Hüseynov: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında it əti satan mağaza açılsın”
17-04-2017, 09:12
“Bu adam erməninin əlinə bayraq verir ki, desinlər ki, azərbaycanlılar it əti yeyirlər”
“1963-cü ildə SSRİ-nin 15 respublikasında istifadə edilən ətlərin preskurantı hazırlanıb. Həmin sənədə yalnız Azərbaycan Respublikasında eşşək ətinin yeyilən ət kimi salınıb. Digər respublikalarda isə eşşək əti yeyilməyən ət statusunda saxlanıb. Həmin sənəd bu günə qədər etibarsız hesab edilməyib”
Son vaxtlar murdar ət mafiyasının əməlləri haqda mediada ardıcıl yazılar, xəbərlər gedir. “Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib. AİB sədri deyib ki, problemi aradan qaldırmaq mümkündür:
- Dəfələrlə demişəm, bazar təklif-tələb aksiomu ilə işləyir. Tələb varsa, təklif də olacaq. Dövlət orqanları tələbkarı tapmaqda aciz görünür. Məsələnin mahiyyəti budur.
- Hansı dövlət orqanından söhbət gedir?
- İqtisadiyyat Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Daxili İşlər Nazirliyi.
- Yəni bu qurumların “leş mafiyası”nı, murdar ət ticarətçilərini durdurmaq səlahiyyətləri var?
- Ən azı müəyyən edə bilərlər ki, tələbkar kimdir. 6-7 ton at-eşşək, murdar, ölmüş heyvanın ətini satandan soruşa bilərlər ki, ay bala, bu qədər at-eşşəyin ətini hara, kimə aparırsan? Bunu niyə soruşmurlar? Soruşurlarsa, niyə tələbkarların cəzalandırılması haqda 1 dənə olsun belə məlumat yoxdur? Olsaydı, yəqin ki, bur gün Azərbaycanda “leş mafiyası” fəaliyyətini bu qədər şəbəkələşdirib genişləndirə bilməzdi. Atın-eşşəyin cəmdəyi azı 100 kiloqram olur. Bazarda ətin kiloqramı 10-12 manatdır. “Leş mafiyası”ətin kiloqramını 5 manatdan satır. Hər 100 kiloqram ət üçün 500 manat qazanc var. Belə ətin satışına görə cərimə dəfələrlə azdır. 50-100 manat cərimə ödəyib, yenidən qayıdırlar öz işlərinə. Tələbkarlar böyük biznes sahibləridir.
- Kim ola bilər tələbkarlar?
- Uşaq baxçaları, şadlıq evləri.
- Bəs kolbasa istehsalçıları ola bilərlər?
- Əlbəttə ola bilərlər. Dövlət orqanlarının əlində tələbkarları - yəni bazarı stimullaşdıranları müəyyən etmək çətin iş deyil. Təsəvvür edin ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bu günlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm. Belə açıqlama verilən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır. Bu adam erməninin əlinə bayraq verir ki, desinlər ki, azərbaycanlılar it əti yeyirlər. Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır. Azərbaycan vətəndaşlarının bədəninə at-eşşək, it ətinin harmonları yaddır. Bu ətlər insan bədəninə düşəndən sonra azad radikallar yaradır, bağırsaqlarda yuva salıb vətəndaşların sağlamlıqlarına xətər yetirəcək.
- Dövlət orqanları rəsmiləri “leş ət mafiyası”na qarşı mübarizədə hərəkətsiz görünürlər. Bunun səbəbi nə ola bilər? Səlahiyyətləri çatmır, yoxsa başqa səbəb var?
- Qanunlarda boşluq var. İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçıya 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər.
- Dövlət orqanları bu məsələdə hərəkətlilikdə sanki həvəssizdirlər. Səbəb nədir?
- Şanlı İqtisadiyyat Nazirliyi guya məqsədyönlü siyasət aparır. Cənab prezident fərman imzalayıb ki, sahibkarlara toxunmaq olmaz. 2 il əvvəl həmin fərmanda nəzərdə tutulurdu ki, qiymətlər aşağı düşəcək, məmurlar rüşvət almayacaqlar. Qiymətlər göz qabağındadır, məmurlar da gizli yoxlamalar aparmaqda davam edirlər. Əksinə, məmurlar sahibkarları himayə etməli fərmandan öz şəxsi maraqlarını təmin etmək üçün həmin o sahibkara qarşı istifadə edirlər. Gizli yoxlamalar aparırlar. Digər tərəfdən də bazarda zir-zibil məhsulların, murdar ətlərin piştaxtalara çıxmasına şərait yaradırlar.
- Azad İstehlakçılar Birliyi “leş mafiyası”na qarşı neçə ildir ki, mübarizə aparır. Yalnız sizin fəaliyyətinizlə bu mafiyanı durdurmaq olarmı?
- 20 ilə yaxındır “leş mafiyası” ilə mübarizə aparırıq, amma nəticə yoxdur. Dövlət qurumlarının əməli dəstəyi olmasa, vəziyyət belə də davam edəcək. Tələb varsa, təklif də olacaq. Azərbaycanlılar özləri də bilmədən it, at, ulaq, eşşək, ölmüş heyvanların ətini yeməkdə davam edəcəklər. Bunu uşaq baxçalarında uşaqlara, restoranlarda qonaqlara, kafelərdə müştərilərə yedizdirəcəklər. Bazar-dükanlardan vətəndaş belə ətləri ən müxtəlif şəkildə - farş, kolbasa, sosiska şəkilində alacaq. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyəndə ki, it ətini də satmaq olar, vəziyyət dəyişməyəcək. Əlbəttə ki, bu açıqlama belə ətlərin satışına “yaşıl işıq” yandırmaqdır.
- Kənd Təsərrüfatı Nazirliyinin rəsminin belə bir açıqlama verməsinin arxasında hansı məqamlar gizlənir?
- Bu sözləri deyəndə qanundakı boşluqdan istifadə edirlər. 1963-cü ildə SSRİ-nin 15 respublikasında istifadə edilən ətlərin preskurantı hazırlanıb. Həmin sənədə yalnız Azərbaycan Respublikasında eşşək ətinin yeyilən ət kimi salınıb. Digər respublikalarda isə eşşək əti yeyilməyən ət statusunda saxlanıb. Həmin sənəd bu günə qədər etibarsız hesab edilməyib. Azərbaycan müstəqillik qazanana qədər qıtlıq illərindən keçib. Heç həmin dövrlərdə azərbaycanlılar eşşək əti yeməyiblər. Müstəqillik dövründə isə dövlət orqanları deyir ki, eybi yoxdur, eşşək ətini də satmaq olar.
- Eşşək, at, it əti mal-heyvan ətindən fərqlənir, dadı da həmin deyil. Bəs bu məqamlar necə ört-basdır olunur?
- Ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar. Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə hiss etməz. Çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...
Beyləqandan bizə bu mövzuda bir misra şeir yollayıblar. Deyir:
- At əti, eşşək əti, bunların var ləzzəti
- Səhər, axşam satıram, dönərdə var ləzzəti
Təsəvvür edin, uşaq baxçalarında bu məsələdə tam nəzarətsizlikdir. Kim haradan istəsə ət alıb qazana tökə və uşaqlara yedizdirə bilər.
- Hər hansı bir yoxlamadan da keçmir həmin ətlər?
- Əlbəttə ki, yox!
- Xəstəxanalarda da yemək verilir. Orada da eyni durumdur?
- Bəs necə, hər yerdə eyni vəziyyətdir. Bir halda ki, Kənd Təsərrüfatı Nazirliyi rəsmisi deyir ki, qadağan deyil, əlbəttə ki, vəziyyət belə də davam edəcək. Ən yaxşı halda 1-2 kiloqram sənədi olan ət alıb qabırğasına 3-5 manatlıq əti vurub tökürlər qazana. Farşa çevirib satırlar.
- Azərbaycanda it, at, eşşək, digər murdar ətləri dana, mal, qoyun-quzu ətindən ayıra bilər, fərqləndirən avadanlıq, ekspertiza varmı?
- Standartlaşma Agentliyində, Dövlət Baytarlıq Xidmətində belə ekspertizaların keçirilməsi üçün avadanlıq var. Hətta murdar əti qaydalara uyğun kəsilmiş ətdən ayıra bilən avadanlıqlar var. Bu gün bizlər əlində bu qədər avadanlığı olan məmurların biganəliyinə şahidlik edirik.
- Durumu dəyişmək üçün nə etmək lazımdır?
- Bu ilin fevralında prezident Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün fərman imzalayıb. 2018-ci ildən agentlik fəaliyyətə başlayacaq. Bu agentliyə ümidlər böyük olsa da, digər dövlət qurumları kimi hərəkətsizlik edəcəklərsə, vəziyyət dəyişməyəcək. Mən sözügedən agentliyin yaradılması üçün çağırılan işçi qrupunun rəhbəri Əli Əhmədova rəsmi məktubla müraciət etmişəm. Azad İstehlakçılar Birliyi olaraq bu məsələlərin həlli, aradan qaldırılması üçün təkliflərimiz var. Bu gün Azərbaycan vətəndaşlarının təhlükəli qida ilə qidalanmasının doğurduğu nəticəni bizlər apteklərdə görə bilərik. Adamlar qidalardan tapdıqları ən müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Özləri də bunun fərqində deyillər. Bunlar hamısı təhlükəli qidaların fəsadlarıdır. Böyük Hippokrat deyirdi ki, “biz nə yeyiriksə, oyuq”.
- Murdar ətlərin satıldığı ünvanlardan bir neçəsini sadalaya bilərsiz?
- Murdar ətlərin daimi ünvanları “Təzə bazar”ın alt qapısı, 4-cü mikrorayonda ət bazarı, 3-cü mikrorayon bazarı, 8-ci kilometr bazarının həndəvəri. Belə ətlərin ticarəti əsasən gecələr baş tutur. Murdar ətləri nisbətən sağlam ətlərin arasına qatıb satırlar. Çünki nəzarətsizlikdir, baytarlara da inam yoxdur.