Müharibə əlili ölü kimi qeydə alınıb, amma şəhid sayılmır - "Bütün Tovuz mənə Ölü deyir"

18-04-2017, 10:16           
Müharibə əlili ölü kimi qeydə alınıb, amma şəhid sayılmır - "Bütün Tovuz mənə Ölü deyir"
“Bizim taleyimizə dirilik yazılmayıb, nə edək? Bir əhvalat danışım, özünüz görün, düz deyirəm, ya yox. Altımışıncı illərmiş. Babam çobanmış. Bir gün kişi qoyunda olarkən rayonda bir nəfər ölüb. Zalım oğlu babama o qədər oxşayırmış ki, elə biliblər, ölən budur. Götürüb gəliblər bizim qapıya. Nənəm də baxıb, deyib, hə, elə odu. Ağlaşma-zad başlayıb. Ancaq əmim nəsə şübhələnib. Durub gedib örüşə, görüb babam sağ-salamatdır, xəbəri deyib ona, götürüb kişini gəlib kəndə ki, birdən inanmazlar. İndi bu əhvalat da mənim başıma gəlib. İrsi xəstəlik kimi...“

Birinci Qarabağ savaşının od-alovundan keçmiş qazi Kamal Paşa oğlu Həsənovun danışdığı bu əhvalatda yumor var, öz taleyinə ironiya var. Danışdığı əhvalata özü də gülür. Ancaq bu gülüşün arxasında dayanan faciəni onun özündən başqa kim anlaya bilər ki?...

Dünyaya gəlişi haqda rəsmi ölüm şəhadətnaməsi


Kamal 1963-cü ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1980-1982-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmət keçib. Evlidir, iki övladı var. Qarabağ savaşında ölüb... Hazırda elə doğulduğu kənddə yaşayır. Onu elə yaşadığı Tovuz rayonunda da öz adı ilə deyil, “Ölü” deyə çağırırlar. Təbii ki, heç yerdə işləmir. Ölü necə işləyə bilər ki? Ancaq yaşayır. Necə? O zaman daha ətraflı tanış olaq Ölüylə...

Ölüdən hamıya salam var...

- Kamal bəy, dərhal elə bunu soruşmaq istəyirəm: nə üçün hamı sizi “Ölü” adı ilə tanıyır?

- Ölünün salamı olsun hamıya!. Sovet ordusunda xidmətdən medallarla geri dönmüşəm. Bir müddət kənddə təsərrüfatla məşğul olandan sonra ailə həyatı qurdum. 1989-cu ilə ermənilər azğınlaşanda hamı kimi mən də silaha yox, baltaya, yabaya sarıldım. Çünki hələ silahsız idik. Beləcə, kəndimizi düşməndən qorumağa başladıq. Bir müddət sonra məni könüllü olaraq Goranboy rayonunun Todan kəndinə yolladılar. Mərhum əfsanəvi komandir, "Qara polkovnik" ləqəbli Fətullah Hüseynovun komandanlığı altında döyüşə başladıq. Özü respublika üzrə böyük vəzifə daşısa da, vətənin müdafiəsinə qalxmışdı.

Ölü tələyə düşür

Biz ora Qazax, Ağstafa, Əlibəyli uşaqlarından ibarət 18 nəfərlə getmişdik. Hüseynov bizi yüksək səviyyədə qarşıladı. İş elə gətirdi ki, elə getdiyimiz ilk gün tələyə düşdük. Ermənilərin əvvəlcə müqavimət göstərməməsi bizi aldatdı. Amma onlara yaxınlaşanda ağır artilleriyadan atəşə tutulduq. Buna baxmayaraq, mühasirədən birtəhər çıxa bildik. Xoşbəxtlikdən, itkimiz olmadı. Bir müddət orda hücum əməliyyatlarına getdik. Çox dəhşətli vaxtlar idi. Ölənlər, yaralananlar... Söhbəti belə adama dəhşət yaşadır! Erməni tərəfi həmin mövqelərdə rusların silahı ilə möhkəmlənmişdi, amma yenə də onlara ağır zərbələr vurur, tələfat verdirirdik.

Ölü Ağdabana köməyə gedir...


Daha sonra bizi Kəlbəcər rayonunun Ağdaban kəndinə köməyə göndərdilər. Dəhşətli soyuq vardı. İnandırım sizi, çoxları elə soyuqdan məhv olurdu. Bir var düşmən gülləsindən ölmək, bir də var öz torpağında soyuqdan. Bax, adamı da dəli eləyən elə bu idi. Axı niyə bizim əsgərimiz soyuqdan ölməlidir? Niyə biz əsgərimizə sahib çıxmamalıyıq?

1991-ci ilin sonunda dəhşətli atışmalar gedirdi. Ancaq ruslar hələ ölkəmizdən çıxmamışdı. Ermənilər tərəfdə isə daha çox idi ruslar. Biz ancaq ruslarla atışırdıq, erməni heç gözə dəymirdi. Bizim sadəcə avtomatla döyüşürdük, ancaq onların qarşısında zəif deyildik.


Tanklarla döyüş

Orada bir müddət ağır döyüşlərdən sonra yenidən bizi Goranboyun Şəfəq kəndinə göndərdilər. Orda da tankların heç biri normal döyüş hazırlığı vəziyyətində, atəşaçma qabiliyyətində deyildi. Hamısı köhnə tanklar idi. Ancaq tanklardan birini döyüş yoldaşımız maşın kimi düz ermənilərin içinə sürüb, onları məhv etmişdi. Həmin gün dəhşətli atışmalardan sonra erməniləri geri oturdub, silahlarını aldıq. Ancaq bizim bələdçimiz şəhid oldu. Həmin şəhid tanınmış topçularımızdan idi. Bu işi yaxşı bilirdi. Hələ çox cavan idi...


İki inəyə qarşılıq 6 erməni

Artıq öz kəndimiz Əlibəylidə də ermənilərin həyazlığı son həddə çatmışdı.

Xəbər gəldi ki, köməyə gəlin. Biz də toplanıb qayıtdıq Əlibəyliyə. Gəldiyimiz gün dedilər ki, qonşu Ağdam kəndindən ermənilər kənd camaatının iki inəyini aparıb. Buna qarşılıq bizdə gecə ilə kəşfiyyata gedib 6 erməni dığasını əsir götürdük. Kəşfiyyatımız uğurlu oldu. Bu əsirləri rayon rəhbərliyinə təhvil verdik və iki gün sonra, iki inəyə qarşılıq 6 ermənini dəyişdik. Komandirimiz Bozqurd Etibarı heç unuda bilmərəm. O adam həqiqətən Tovuz üçün əvəzolunmaz şəxs olub. Bu gün Tovuz rayonunun varlığı daha çox onun əsəridir.

Onu dəhşətə gətirən ölülər, yaralılar...

Gözümün qabağında parçalanan əsgərlər olurdu. Sumqayıtdan bir əsgərin ayaqlarının ikisini də mərmi apardı. Ancaq adamın səsi də çıxmadı. Ürəkli oğullarımız çox idi o vaxt.

Bir əməliyyatıməz haqda danışım sizə: Güclü əməliyyat planı qurulmuşdu. Ermənilərin Tabaksrok kəndinə hücuma keçdik. Hücum da iştirak edən bir tankımız da kəndə girdi. Həmin kənddə ruslar bizə qarşı döyüşürdü. Dəhşətli atışmalardan sonra onlar çoxlu itki verdi, ancaq bizim köməyimiz gəlmədi deyə, məcbur qalıb geri çəkildik. Fariz adlı silahdaşımızı itirdik. Daha sonra bir hücumumuzda Qoşa dirək təpələri deyilən yeri almaq üçün hücuma keçdik. Ağır atışmalar oldu. Əmim oğlu Hamlet uşaqlarımızın geri çəkilməsi üçün erməni ilə pulemyotla atışanda vuruldu. Həmin döyüşdə Ceyhun adlı silahdaşımızı da vurdular. Necə gözəl oğullar getdi.

Kamalın ölməyi...

Bir dəfə də bizim kənddən uşaq aparmışdı ermənilər. Biz də baxdıq ki, Tovuz tərəfdən əsir götürmək imkansızdır, getdik Qazax rayonunun Cəfərli kəndindən keçib iki ermənini əsir gətirdik. Bu, o qədər asan olmasa da, bacardıq. Gətirib öz əsirimizlə dəyişdik. Bizlirsiz, çox çətin idi həmin vaxtlar. Ermənilər rayonumuzun mərkəzinəcən atəşə tuturdular. Əgər bizim könüllü qəhrəmanlarımız olmasaydı, daha pis nəticələr olacaqdı. Daha sonra mənim bu Ölü adı ilə yaşamağa başlayan ömrümün tarixi yazıldı: ağır yaralandım. Ermənilər məni öz maşınımın içində vurdular. Mərmi maşını dağıtdı. Sonra məni xəstəxanaya yerləşdirdilər. 3 gün komada qaldım. Yanıma gələn həkimlər mənim öldüyümü zənn eləyib, eləcə də qeydiyyata alıblar. Təbii, mən bundan xəbərsiz olmuşam. Həmin vaxtlar elə qarışıqlıq idi ki, heç kim heç kimin yadına düşmürdü. Bir müddət müalicədən sonra həkimlər məni sağaltdılar. Ancaq ölü olaraq qeydiyyatda qaldım. Sonra qardaşım şəhid olmuşdu deyə, özüm də bu halda olduğum üçün döyüşə buraxmadılar. Qardaşım Hacıalılarda şəhid olmuşdu. Düşünün, mən qardaşımın şəhid olmasını rabitədən eşitdim, şoka düşdüm və buna reaksiya verə bilmədim. Ancaq məni qardaşımın yanına xəstəxanaya apardılar, qardaşımı gördüm, ancaq ondan gerisini xatırlamıram. Onu zəhərli mərmilər öldürmüşdü.

Yeddisi toy gününə düşdü

Qardaşımın Yeddisi günü öz toy gününə düşdü. Bir həftə sonra toyu olacaqdı, amma yası oldu. O, nişanlı idi, amma şəhidlərin Qırxını, İlini gözləyə-gözləyə onu da vətənə qurban verdik, getdi.


Ölünün 3 doğum günü

...Mən 1989-cu ildən 1993-cü ilin aprelinə kimi döyüşmüşəm. Və mən hamıdan fərqli olaraq 3 dəfə doğum günü keçirirəm: anadan doğulduğum gün, yaralanıb ayıldığım gün və “öldüyüm” gün.


Aramazıda ruh var...

Bilirəm, indi düşünürsüz ki, hamının məni Ölü çağırması mənə ağır gəlmirmi? Bunu belə izah edim də: bunu ancaq yaşayan bilər. Mən sözlə bunu ifadə edə bilmirəm. 25 ildir xeyirdə-şərdə Ölü gəldi-getdi, deyirlər. Adımı ailəmdən başqa hamı unudub. Toyda tamadalar da məni guya zarafatla belə çağırırlar. “Aramızda bir ruh var, - deyirlər, - indi də sözü veririk Ölüyə. Gəlsin, sözünü desin bu Ölü”.

Bəlkə prezident “dirildə” bilə məni

Təbii, mən buna alışmışam, ancaq içimdəki hissi mən bilirəm, başqası yox. Uşaqlarım bu durumdan narahatdır, amma mənə hiss etdirmirlər. Bütün Tovuzun səni Ölü çağırması dəhşətlidir. Mən yaşayan ölüyəm. Ölü olduğumu bir təsadüf nəticəsində, 2000-ci ildə bilmişəm və bu günəcən döymədiyim qapı qalmayıb. Kimsə məni adam yerinə qoymur. Deyirlər, get, sən ölüsən. Zarafata salıb az qala ələ salırlar. Baxın, bu da bir döyüşçünün faciəli həyat tarixçəsi... Nə iş verirlər, nə maaş, nə pensiya, yəni mən doğulmamışam elə bil, heç bir yerdə yoxam. Ruh kimi yaşayıram sanki. Məni şəhid kimi də qeyd etmirlər, ortada qalan sahibsiz biriyəm sanki. Oğullarım olmasa, həqiqətən ölərəm. Beynimdə qıcolma var, tutanda məhv oluram. Hər il uşaqlarım müalicə etdirir məni. Dövlət başçısından xahiş edirəm, mənə kömək etsin, mən dirilmək istəyirəm, bəlkə o məni “diriltməyi” bacara. Mənimlə döyüşənlər ev, maşın, pensiya alır, görürəm, doluxsunuram. Məsələ tam olaraq pul-parada, mal-mülkdə deyil, ancaq harda görünüb belə nəsibsizlik?.. Dəfələrlə intihar etməyi düşünmüşəm, ailəm gözümün qabağına gəlib, qalmışam belə. Mən vətənimi sevirəm, ancaq qoy vətən də mənə sahib çıxın. Ya şəhid, ya fərari, ya da diri hesab edin. Nəhayət, bilim də: MƏN KİMƏM?..

Nihat Cəbrayıl


























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.