Keçmiş baş nazirdən “Qarabağda muzdlu əfqanlar döyüşməyib” bəyanatı
8-06-2017, 09:47
Pənah Hüseyn: “1988-ci ildən başlayaraq bu cür muzdlu terrorçulardan ermənilər istifadə edib”
Bu barədə Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey məlumat yayıb. Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib: “Ötən ilin ”aprel müharibəsi"ndə məğlub olan Ermənistanda valideynlər övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldilər. Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçdi. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib".
“Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib”
G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib.
“8 min əfqanın Ermənistana gətirildiyini İran vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlardan öyrəndik” - deyə Göksel bildirib.
ASİMDER rəhbəri əlavə edib ki, Ermənistan əfqan döyüşçülərdən təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı da istifadə edə bilər.
Keçmiş baş nazir Pənah Hüseyn bildirdi ki, ermənilər Qarabağ müharibəsində həmişə əcnəbi muzdlulardan və xarici ölkə vətəndaşlığı daşıyan terror təlimi keçmiş ermənilərdən istifadə edib. Ona görə də mümkündür ki, 8 min nəfər olmasa da, hansısa sayda əfqan muzdlunu da cəlb etsinlər: “8 min nəfər böyük rəqəmdir, bu qədər əfqan muzdlunun gətirildiyi barədə deyilənlər inandırıcı görünmür. 1990-cı illərin əvvəllərində müharibənin ən kəskin dövründə Ermənistan daha çox rus millətindən olan xarici muzdlulardan döyüşlərdə istifadə edirdi. Suriyadan, Livandan olan muzdlu döyüşçülərdən də istifadə edirdilər. Hətta Afrika mənşəli muzdlu döyüşçüləri də var idi. O vaxtlar bizdə məlumatlar var idi ki, onlar Fransada xüsusi legionda təlim keçmiş şəxslərdir. Amma belə muzdlular böyük tərkibli dəstələr kimi yox, fərdlər şəklində gəlmiş muzdlular idi. Döyüşlərdə bizim əsgərlər tərəfindən muzdlu rus və ukraynalı döyüşçülər əsir də götürülmüşdü. Amma o dövrdə muzdlu əfqan döyüşçülərin erməni tərəfində döyüşdüyü barədə məlumatlı deyildik. Ümumiyyətlə, bu tipli müharibələrdə xarici muzdlu döyüşçülərdən istifadə etmək təcrübəsi dünyada mövcuddur. Sadəcə, Ermənistan terrorçu dövlət olaraq xislətinə uyğun olaraq bu təcrübədən daha çox istifadə edir. Xarici muzdlu döyüşçülərdən istifadə etmək beynəlxalq hüquqda cinayət sayılır. Muzdlu döyüşçülər adətən yüksək təlim keçmiş peşəkarlardan ibarət olur. Ermənistana gətirilən muzdlu döyüşçülər əsasən erməni terror təşkilatlarında xüsusi təlim keçmiş terrorçular idi. 1988-ci ildən başlayaraq bu cür muzdlu terrorçulardan ermənilər istifadə ediblər. Azərbaycanlılara qarşı silahlı hücumları ilk olaraq məhz bu cür xarici muzdlular vasitəsilə həyata keçiriblər”.
Qeyd edək ki, mərhum “OMON” komandiri Rövşən Cavadovun Qarabağ müharibəsi zamanı Azərbaycana əfqan döyüşçülər gətirdiyi ilə bağlı o dövrdə qeyri-rəsmi məlumatlar yayılmışdı. Ancaq həmin döyüşçülərdən konkret harada istifadə olunduğu haqda dəqiq informasiyalar yoxdur.
Pənah Hüseyn qeyd etdi ki, Elçibəy hakimiyyəti dövründə Qarabağ cəbhəsində muzdlu əfqanlar döyüşməyib.
Etibar SEYİDAĞA