“Gümüş göl əfsanəsi”nin KADRARXASI: “Baş rolda çəkilən qız dedi ki, öldürsəniz də suya girməyəcəm”
20-02-2018, 09:51
Saytımız Azərbaycan kino tarixinə möhür vurmuş filmlərin tarixi, aktyor və çəkiliş heyətinin söhbətləri əsasında ərsəyə gələn “Kadrarxası” layihəsini davam etdirir.
Bu dəfə “Kadrarxası”nda kinooperator və fotoqraf, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Qəmbərovdur. Rafiq Qəmbərovla birlikdə “Gümüş göl əfsanəsi” filmindən bəhs edirik.
Arayış: 1947-ci ilin 31 dekabrında Qroznı şəhərində anadan olan Rafiq Əli oğlu Qəmbərov 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L.B.Kosmatovun emalatxanasında təhsil alıb. Bir neçə il Rusiyada - Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Hazırda portret fotolarının çəkilməsilə daha çox məşğuldur. Ailəlidir, iki övladı var.
“Gümüş göl əfsanəsi” filmi İsi Məlikzadənin “Yaşıl işıqlar” hekayəsinin motivləri əsasında 1984-cü ildə lentə alınıb. Filmin qəhrəmanı Fəridin həyatı öldü bildiyi piyadanın məsuliyyətindən qaçdığı bir dağ kəndində başına gələnlərdən sonra büsbütün dəyişir.
Gecə gəzintilərin birində gənc sənətşünas Fərid (akyor Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (aktyor-rejissor Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üzünüə vururlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Onun öldüyünü düşünərək, hamı şəhərdən kənara qaçmağa çalışır. Elə Fərid də 15 günlük ezamiyyət götürür. Ezamiyyətə çıxdığı günün tarixini isə bir gün əvvələ yazdırır, əvəzində ərizəni yazan xanıma ətir söz verir. Fərid uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (aktrisa Şükufə Yusupova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona “Gümüşgöl”ün əfsanəsini danışır: hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa, o, gölün üstü ilə asanlıqla yeriyə bilər. Gənclər arasındakı isti münasibət Leylinin istəklisi Dəmiri bərk qəzəblənir, hətta Fəridlə əlbəyaxa davaya çıxır. Vəziyyətin qəlizləşdiyini görən Fərid Bakıya qayıdır. O, şəhərə qayıdandan sonra özünə yer tapa bilmir, həyat ona cansıxıcı görünür. Leylinin adaxlısı Dəmir belə onun vecinə olmur. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə qayıdır və Leyliyə qovuşur...
Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev və İsi Məlikzadə, quruluşçu operatoru Rafiq Qəmbərov, rəssam Mais Ağabəyov, bəstəkar Müslüm Maqomayev, direktoru Tələt Rəhmanovdur. Titrlərdə verilməsə də, filmdə Maykl Ceksonun “Thriller” və “Wanna Be Startin' Somethin” mahnılarından istifadə edilib.
Rollarda Eldəniz Rəsulov (Fərid), Yelena Seropova (Leyli), Mətanət Atakişiyeva (Nərgiz), Şükufə Yusupova (Səidə), Kamil Zöhrabov (Dəmir), Həsənağa Turabov (Ağzəki) və başqaları çəkilib. “Azərbaycanfilm” Kinsotudiyasinin sifarişi əsasında çəkilən filmdə dram, komediya və məhəbbət təzahür edir.
“Mənə dedilər ki, sən Eldar Quliyevlə işləyə bilməyəcəksən”
Kadrları öz obyektivilə tarixə həkk edən Rafiq Qəmbərov filmlə bağlı müzakirələrin 1983-cü ilin payızında başladığını deyir:
“Söhbət gedir 1983-cü ilin payızından. İlk olaraq qeyd edim ki, aktiv operator olan zaman yaşca məndən böyüklərlə çalışmışam. Yaş baxımından ən böyük rejissor Əjdər İbrahimov idi. O məndən 30 yaş böyük idi. Biz 1979-cu ildə “Qəribə adam” filmini çəkmişik. Ən çox film çəkdiyimiz Rasim Ocaqov 15 yaş, Eldar Quliyev 7 yaş məndən böyükdür. Eldar müəllim artıq tanınmış filmlərin rejissoru idi. Adını çox eşitmişdim. Mən universitetə daxil olanda, artıq o, universiteti bitirmişdi. Mən onun 1969-cu ildə çəkilmiş və Azərbaycan qızıl fonduna daxil olan “Bir cənub şəhərində”ni izləmişdim.
Mənə dedilər ki, Eldar müəllim səninlə görüşmək istəyir, görüşdük. Bundan əvvəl Rasim Ocaqovla aramız dəymişdi, film çəkmirdim. Eldar müəllim mənə dedi ki, bəs “belə bir ssenari var “Gümüş göl əfsanəsi” adında, gəl bir yerdə çəkək”. Bu ssenarinin əsasında İsi Məlikzadənin “Yaşıl işıqlar” adlı hekayəsi dayanıb. İsi Məlikzadə vaxtilə kinostudiyanın baş redaktoru olmuşdu. Nə isə bu hekayənin üzərində işləyib kino dilinə çevirmişdi. Filmə hazırlıq vaxtı hamımız -Eldar Quliyev başda olmaqla operator, rəssam, bəstəkar və köməkçi heyətlə bir yerdəkinossenarini işlədik. Eldar Quliyev məni bu filmə quruluşçu operator kimi dəvət edəndə mən razılaşdım. Amma sonra çox həyəcan keçirdim. Səbəbini deyim. Eldar Quliyev çox aristokrat bir ailənin nümayəndəsidir. Mən isə həmişə əksər filmlərdə quruluşçu operator olmağıma baxmayaraq, özümü fəhlə sinfinin nümayəndəsi hesab edirdim. Heç vaxt özümü kübar sinfinə yaxınlaşdırmamışam. Dəli kimi işləmişəm, işimin vurğunu olmuşam. Dostlarım, həmkarlarım, işıqçı heyət, köməkçilər, assistentlərim vardı. Onlar mənə dedilər ki, “sən Eldar Quliyevlə işləyə bilməyəcəksən. O aristokrat bir insandır, siz ümumiyyətlə dil tapa bilməyəcəksiniz”. Nə isə hər şeyə rəğmən başladıq işləməyə. Sovet dövründə kino çəkilişi mərhələsi, hazırlıq olduqca ağır proses idi. Quruluşçu operator üçün qrupda ən vacib adam quruluşçu rejissordur. Çünki əsas işini onunla görür. Eldar Quliyev səmimilikdə, işgüzarlıqda mənim onun barəsindəki fkirlərimi sözün yaxşı mənasında alt-üst etdi”.
“Göl axtarışları bizi Laçına-“Qanlı göl”əgətirib çıxartdı”
Kinooperator bildirir ki, işçi heyət filmin çəkilişi üçün az qala bütün bölgələri gəzib:
“Təqribən 2 aya yaxın müddətdə kinossnerari yazıldı. Kinossenarinin iki çox mühüm vəzifəsi var. Birincisi, çəkiliş qruppası üçün əsas yaradıcı sənəddir. Çəkiliş meydanında bütün heyət - quruluşçu rejissordan başlayaraq fəhləyə qədər hamının əlində ssenari olurdu. Çünki gündəlik görüləcək işlər məhz buna uyğun aparılırdı: işıq necə qurulacaq, səs necə yazılacaq, hava dumanlı, yağışlı yoxsa günəşli olacaq və s. Digər tərəfdən, kinossenari kinostudiyanın bütün şöbələri, sexləri üçün texniki sənəddir. Burada hansı avadanlıqların lazım olduğu, çəkilişlərin harada aparılacağı, hansı nəqliyyatdan istifadə ediləcəyi və s.öz əksini tapırdı.
Təqribən aprel ayında çöl şəraitində aparılacaq çəkilişlər üçün yer axtarmağa başladıq. Filmin mühüm səhnələri göldə baş verməli idi. Birinci növbədə göl axtarırdıq. Bu axtarış bizi Laçına gətirib çıxartdı. Laçının lap yuxarı hissəsində bir göl tapdıq. Görünüşünə görə fantastik gözəlliyə malik idi. Adı da “Qanlı göl” idi. Ətrafda yaşayış yox idi. Yer elə bil bizim film üçün yaradılmışdı. Filmin qəhrəmanı ki, gölə daxil olur, o, pakdırsa göldə batmır və s. Bax, o səhnələr üçün bizə göl lazım oldu. Laçında bir neçə gün qaldıq, yerlərə baxdıq. Demək olar ki, filmə lazım olan bütün yerlər orda idi. Amma bizə dedilər ki, çəkilişlər yay aylarına nəzərdə tutulsa belə, xanım “Qanlı göl”ə daxil ola bilməyəcək. Dedilər ki, “yayda da, qışda da gölün suyu soyuq olduğundan heç kəs ora girə bilmir”.
Bundan başqa, çəkiliş qrupu 50-60 nəfərə yaxın idi. Ərazidə elə bir yer yox idi ki, heyət orda qala bilsin. Bizim kino istehsalında amerikan filmlərindəki kimi xüsusi maşınlar yox idi ki, aktyorlar orda qalsın, orada qrim etsin və s. Bu, o vaxt da yox idi, indi də yoxdur. Filmin direktoru qalmaq üçün yer tapmalı idi. Fərqi yox idi, məktəb, bağça, bir müddət qalmaq üçün yer mütləq idi. Bizə dedilər ki, “burada belə yer tapa bilməyəcəksiz”.
Laçınla bağlı bir əhvalat yadıma düşəndə hələ də gülürəm. Bizim filmin direktoru TələtRəhmanov idi. Həm yaxşı insan idi, həm də komik aktyor kimi bir çox filmlərdə çəkilmişdi. “Arşın mal alan” filminin ikinci versiyası çəkiləndə, orda yenə də həm filmin direktoru idi, həm də nökər Vəli rolunda oynayırdı. Laçında yerlərə baxa-baxa təsadüf nəticəsində kitabxanaya gəlib çıxdıq. Kitabxana ilə bağlı çəkilişimiz yox idi, sadəcə baxmaq istədik. Yəni Laçın o qədər də böyük yer deyildi, axtarışlar bizi kitabxanaya gətirib çıxartdı. Gördük ki, burda ilahi gözəlliyi olan birqız işləyir. Hamımız böyük maraqla bu qıza baxırdıq. O da görəndə ki, Bakıdan gələn adamlar ona belə diqqətlə baxır, qıpqırmızı oldu. Biz kino adamı olaraq fəxr etdik ki, belə gözəllərimiz var. Axşam Kommunist Partiyasının Laçın şöbəsinin 1-ci katibi (adını unutmuşam) bizi şam yeməyinə dəvət etdi. Çox gözəl bir restoranda geniş süfrə açılmışdı. Qonaqlıq başlayanda Tələt Rəhmanov dedi ki, “bəs ay katib, biz kitabxanada ilahi gözəlliyi olan bir qız gördük”. Birinci katib başını aşağı saldı, bir anlıq sükut çökdü. Sonra dedi “yiyəsinə qismət, yiyəsinə qismət”. Bununla da söhbətə son qoyuldu. Amma ondan sonra bu söz hamımızın dilinə düşmüşdü. O vaxtdan bu yana kimsə yanımda deyəndə ki, “filankəs gözəldir”, deyirəm, yiyəsinə qismət. Beləcə, növbəti günlərdə yenə Laçında dolaşdıq, amma bizə münasib yer olmadı”.
Naxçıvan Dırnız kəndi...
Axtarışlar davam etdiyi müddətdə çəkiliş heyətinə Naxçıvanda bir neçə kəndə baxmağı məsləhət görürlər:
“Bizə təqribən nə lazım olduğunu bilirdik. Eskizlər hazır idi, amma o yeri tapa bilmirdik. Günlərin biri gün bizə dedilər ki, Naxçıvana gedin. O vaxt Naxçıvana getmək çox asan idi. Axşam minirdin qatara, səhər olurdun Naxçıvanda. Tələt Rəhmanovun həyat yoldaşının çox gözəl əl qabiliyyəti var idi, yaxşı yeməklər hazırlayırdı. O vaxt Karamel fabrikində çalışırdı. Eldar Quliyevin Tələt Rəhmanovla xüsusi zarafatı var idi. Yola çıxmazdan bir qədər əvvəl Eldar Quliyev dedi: “Tələt, yoldaşına de, peraşki-zad hazırlasın”. Sağ olsun, o da bizə yaxşı yeyib-içmək hazırlamışdı. Biz Naxçıvana çatana qədər yedik-içdik, söhbət etdik, yatmadıq səhərə qədər. Səhər başladıq Naxçıvanı gəzməyə.Çox dolaşandan sonra gördük ki, burda da bizə uyğun bir yer yoxdur. Eldar Quliyevin orada Qəzənfər adlı yaxın bir dostu vardı, “Raypo”nun sədriidi. Eldar buna qədər Naxçıvanda hansısa filmin hissələrini çəkmişdi. Qəzənfər bizə dedi ki, “burda bir Dırnız kəndi var. Ordan da bir tin yuxarıda Əylisli kəndidir, gedin ora”. Gəldik Əylisli kəndində. Əylislinin də ən tanınmış adamı Əkrəm Əylisli idi. O vaxt Əkrəm Əylisli çox məşhur idi. “Mədinə xalanın xatirələri” adlı hekayələri çıxmışdı. Əylislidə də bizə Dırnız kəndini məsləhət gördülər. Kəndə çatanda gördük ki, bura bizim ssenari üçün yaradılmış bir yerdir. Çəkiliş üçün tövlə lazım idi var, həyət, yol, rayon ab-havası lazımdır, hər şey burda var. Filmin bir yerində Dəmir ev tikir özü üçün ki, Leyli ilə evlənəndə orda yaşayacaq. SonraFəridlə Dəmirin vuruşması səhnəsi hamısı o yerdə çəkildi. İnanın kəndi görəndə o qədər sevindik ki...
Sonra bizə dedilər ki, İliç adlı su anbarı var, ora da baxın. Getdik baxdıq, çox gözəl, fantastik bir yer idi. Amma bura süni göl olduğuna görə, mərkəzdəki dərinliyi 900 metr idi. Sahildən ayrılanda 50 metrə qədər insan boyuna uyğun idi. Beləliklə, biz naturada (təbiət) çəkilən bütün yerləri Dırnızda tapdıq-kəndi də, evi də, yolları və əsas finişdə olan yeri də. Dedilər ki, bu kənd də soyuq olan yerdir. Amma bizim çəkilişlər yayda aparılacaqdı. Bilirdik ki, ona qədər su qızacaq. Gölün dərinliyini nəzərə alaraq, çəkilişlərə gələndə özümüzlə xüsusi xilasçı da gətirdmişdik. Leyli suya girən səhnədə akvalant suyun altında gizlənmişdi ki, birdən nəsə yolunda getməsə, qızın batmaq təhlükəsi olsa, onu xilas edə bilsin. Həm də su soyuq idi, soyuqdan insan özünü itirə bilərdi. Ona görə bütün tədarüklərimizi öncədən görmüşdük.
Bir haşiyə çıxım. Hələ çəkilişlər başlamazdan bir neçə gün əvvəl istirahət üçün həmin yerə getdik. Hamımız gölə hoppandıq. Hoppanmağına hoppandıq, amma gördük heç birimiz çıxa bilmirik. Göl süni olduğundan sahilində əl atıb tutmağa bir yer yox idi. Sahilə çıxdıqca su adamı aparırdı. Xilasçı orda olmasaydı hamımız batacaqdıq. Bir-bir əlini uzadıb bizi sudan çıxartdı”.
“Eldəniz Rəsulov Fərid obrazına “can” verə bilmədi”
R.Qəmbərov filmin əsas kadrlarının çəkilişlərindən bəhs edir:
“Gələk çəkilişlərə. Deməli, o göldəki qız suyun üstü ilə yeriyir, biz orda taxtadan körpü tikmişdik. Qız körpünün üstü ilə hərəkət edir, sonradan batır. Amma tamaşaçı bunu görmür. Hər şeyi texniki vasitələrlə həll etmişdik. Əks təqdirdə kadr istənilən kimi alınmazdı.
Baş rolda çəkilən xanım Yelana Serepovanınəsas sənəti akrobat idi, bu film üçün Moskvadan dəvət olunmuşdu. Çox göyçək və talantlı xanım idi. Atası musiqiçi, həm də Müslüm Maqomayevlə yaxın dost idi. Qız dedi “öldürsəniz də, kəssəniz də mən suya girməyəcəm”.
Taxtadan körpü tikəndən sonra razılaşdı. Yaşına, xarici görkəminə görə sınaqlarda ona üstünlük verilmişdi. Ümumiyyətlə, aktyor seçimi çox çətinliklə həyata keçirilmişdi. Xüsusilə baş rol üçün seçim çox çətin oldu. Bütün qrup, təkcə Eldar Quliyevdən savayı, baş rolda başqa aktyoru görürdük. Eldəniz Rəsulov məndən inciməsin, biz qonşu olmuşuq. Amma o, bu filmdəki obraza can verə bilmədi. Görünüşü yaxşı olduğu üçün sınaqlarda ona üstünlük verildi, amma tamaşaçıya lazım olanı çatdıra bilmədi. Baş rol ifaçısı üzərində çox müzakirələr aparıldı. Məncə, başqa aktyor seçilsəydi, filmi daha maraqlı edə bilərdi. Məsələn, filmdə Dəmiri oynayan ikinci qəhrəmanın ev tikərkən bir baxışı var. Söz demir, amma baxışları hər şeyi deyir. Heç nə etmir, onun əsas səhnəsi ev tikməkdir. Bütün yaxşı film səhnələri var ki, orda dialoqlar yoxdur. Rejissorun çatdıqmaq istədikləri aktyorun simasından şüa kimi ekradan tamaşaçıya gəlib çatır. Tamaşaçı bədii filmə aktyora görə baxır. Bütün rollar üçün sınağa çox aktyorlar gəlmişdi. Onların hamısını xatırlamıram, az deyil, üstündən 33 il keçib. Əvvəlcə keçirilən fotosınaqlarda obraz yox, sima baxımından Eldəniz Quliyevə üstünlük verildi. Boy-buxunu, siması yaxşı idi, aktyor kimi pis aktyor deyildi, amam məhz bu film üçün deyildi. Elə aktyorlar var ki, ssenarini oxuyandan sonra özlərində ayrıca bir dünya yaradırlar. Və sonradan onu ekrana daşıyırlar. Bir misal deyim. Bundan əvvəl Rasim Ocaqovla çəkdiyimiz “İstintaq” filmində dahi aktrisamız Şəfiqə Məmmədovanın rolunun o qədər səhnələri, replikaları yox idi. Ekranda gördüklərinizin hamısını Şəfiqə Məmmədova çəkiliş vaxtı Rasim Ocaqovla birlikdə meydançada yaratdılar. Filmin sonunda Kolyaginlə Şəfiqənin zarafatlaşması ssenaridə yox idi, onların hamısını özü yaratmışdı. Çünki aktrisa filmlə yaşayırdı. Necə ki, yeni paltar tikdirmək üçün dərziyə gedirsən, birinci, ikinci dəfə “primerka” edirsən, sonda paltar əyninə elə oturur ki, bir yerində bir nöqsan tapmırsan. Çəkilişlərdən əvvəlki məşqlər də bundan ötrü idi. Kinonun da, teatrın da öz prinsipləri var. Kinoda aktyorla rejissor daim məşq edir, necə danışacaq, duruşu necə olacaq və s. Mən işlədiyim rejissorlardan Rasim Ocaqov, Əjdər İbrahimov, Tofiq Quliyev, Eldar Quliyev aktyora dəyərli bir qızıl kimi yanaşırdılar. Niyə? Çünki rejissor tamaşaçıya çatdırmaq istədiyini aktyor vasitəsilə çatdırır. Aktyor rejissoru təmsil edir, rejissorla tamaşaçı arasında vasitəçidir. Əgər aktyor onun rejissor pozisiyasını aça bilmədisə, heç nə alınmayacaq. Onagörə də aktyor seçimi olduqca vacibdir”.
Gerçəyə çevrilən zarafat...
Kinooperator Naxçıvana çəkilişlərə yollananda həyat yoldaşı ikinci dəfə ana olmağa hazırlaşırmış:
“Bu film mənim üçün əziz idi. Bakı ilə bağlı səhnələr xaric, çöl çəkilişlərinin hamısı Naxçıvanda oldu. Fəridin küçədə balaca qızla dialoqu vardı. O qızcığaz da aktyorlardan kiminsə yaxını idi. Naxçıvandakı çəkilişlər vaxtı həyat yoldaşım ikinci övladımıza hamilə idi. Çox ağır keçirdi hamiləliyi. O Bakıda, mən Naxçıvanda. Hər gün Naxçıvan şəhərində poçta gedib 2-3 saat gözləyirdim ki, məni evlə calaşdırsınlar. İndi cənnətdir, lap Avstraliyaya zəng edə bilərəm. Deməli, 2-3 saat gözləyirdim ki, yoldaşımla 2-3 dəqiqə danışacam. Yoldaşımdan “necəsən” deyə soruşmağımı bilirdim ki, mızıldanmağa başlayırdı.Bununla da mənim bütün əhvalım korlanırdı. Çox çətin idi, ona da, mənə də. Düz 5 ay xəstəxanada yatdı. Hər dəfə telefon qovşağındanqayıdanda çox pərişan olurdum. Əlim çatmırdı, kömək edə bilmirdim. Axşamlar Eldar Quliyev və quruluşçu rəssam Mais Ağabəyovla birlikdə şam yeməyi yeyirdik. Eldar Quliyev bir dəfə əlini çiynimə vurub dedi ki, “Ə, sən mənimlə işləyirsən eyy. Mənim kimi ayağı yüngül adam bir də mənəm. Sən heç nədən qorxma, hər şey yaxşı olacaq”. Bu sözlər də karıma gəlmirdi. Günlərin bir günü Eldar yenə mənim kefimi açmaq üçün dedi ki, “Hər şey yaxşı olacaq. Əgər oğlan olsa, adını Eldar qoyacam”. Sonra dedi ki, “o Eldar günlərin bir günü gəlib mənə deyəcək ki, “Eldar dayı, elçi gedək, evlənirəm””.Beləcə zarafatlaşdıq. Nə isə filmi çəkdik, təhvil verdik, hər şey qaydasında...
Payızda mənim ikinci övladım-oğlum oldu. Adını qoydum Eldar. Üstündən 30 il keçdi. Oğlum getdi Eldar Quliyevin qapısını döydü ki, “dayı, mən evlənirəm, elçi gedək”. Beləcə 30 il əvvəlki zarafatımız gerçəkləşdi. Oğlumla Eldar Quliyevin özünün xüsusi əlaqələri var, mən varam, ya yoxam, heç bilmirlər. Biz həm də Eldar Quliyevlə qonşuyuq. Həmişə də məndən adaşını soruşur. Eldar Quliyev kimi təmiz, pak adam bir də özüdür. Ümumilikdə dörd il ərzində, iki film işləmişik. O qədər mədəni, kübar, daxilən təmiz adamdır ki, bir dəfə onun ağzından kiminsə ünvanına pis söz eşitmədim. Kinostudiyada o qədər adamlar var ki, rast gəlib salamlaşırsan, o dəqiqə başlayır kiminsə arxasınca danışmağa. Eldarda belə şeyləri görmədim mən”.
“Çəkiliş vaxtı Şükufə Yusupovanın ürəyi getmişdi”
Müsahibimiz aktrisa Şükufə Yusupovanın yaratdığı Səidə obrazına diqqət çəkir:
“Filmdə güclü bir obraz var-Leylinin anası Səidə.Onu Şükufə Yusupova oynayırdı, cavan vaxtı idi. O filmin çəkilişlərindən öncə Şükufə xanımın ailəsində böyük bir faciə olmuşdu. Onların evi 20-ci sahətərəfdə buruqların arasında yerləşirdi. Onun ya bacısının, ya da qardaşının qızı buruğa düşüb ölmüşdü. Şükufə çəkilişə gələndə rəngi ağappaq idi, çox həyəcanlı və üzüntülü görünürdü. Hətta çəkilişlərin birində ürəyi də getdi. Kiçik olmasına baxmayaraq, Şükufə güclü, yaddaqalan bir obraz yaratdı. Qalan kiçik rollarda da yerli adamları istifadə etdilər. Çəkilişlərdə heç bir çətinliyimiz olmadı. Çünki hər şey əvvəlcədən düşünülmüşdü, razılaşdırılmışdı. Kinoda operatora məxsus bir məsələ var. Hazırlıq dövründə quruluşçu operator tərəfindən tələb olunan “raskadrovka” yəni şəkilli kadrlarla nəqledilməlidir. Yəni operatorçəkiləcək kadrın eskizini yaratmalı idi. Və çəkiliş qrupuna öz mövqeyini bildirməli idi ki, mən bu ssenarini təsvirə necə çevirəcəm. Rəssam da təxminən eyni işlə məşğuldur. Amma o, əsasən dekorasiyaların təsvirini yaradır.
Səidəgilin evi, otaq səhnələrilə bağlı çəkilişlər kinostudiyanın pavilyonunda lentə alınmışdı. Kinostudiyanın sexləri vardı -“ODTS” şöbəsi adlanırdı. Ümumiyyətlə, filmin quruluşçu rejissoru, operatoru, rəssamı filmdə otaq, zal, villa və s. nə olacaqdısa, onun eskizini hazırlayıdırlar. Bu eskizlər əsasında həmin sex quruluşçu rəssam və rəhbərliyin istəyinə uyğun dekorasiyalar tikirdi.
Mən yer seçimi edəndə çox sayda fotolar çəkirdim. Sonra nə əlavə etmək lazım olurdusa, o fotoların üzərində işləyirdik. Çəkilişdə hansı obyektivlərdən istifadə ediləcəyini seçirdik. Bilirsiniz, operator nə demək istəyirsə, onu obyektivlə tənzimləyir. Reportaj janrının banisi, iyirminci əsrin ən tanınmış fransız fotoqrafı Henri yalnız bir obyektivdən istifadə edirdi-50 millimetrlik obyektiv, 35 millimetrlik lent. Bu, insan gözünə bərabər idi. O deyirdi ki, “mən geniş bucaqlı obyektivlə şəkil çəkirəmsə, sanki qışqırıram. Mənsə qışqırmaq istəmirəm”.
Və “Gümüş göl əfsanəsi” filmində bütün bizə lazım olan kadrlardan lazımı bucaqlardan istifadə edərək çəkilişləri apardıq. 3 ay çəkiliş dövründə bir dəfə də olsun bizdə konflikt olmadı. Olur ki, bəzən çəkilişlərdə rejissor operatorla, operator səs rejissoru ilə, yaxud hansısa aktyorla dalaşır, sözləri düz gəlmir, hətta söyüşə keçirlər. Mən işlədiyim filmlərdə bircə dəfə rejissorla yola getməmişəm.
Cavan və həyəcanlı, dəliqanlı vaxtlarım idi. 1975-ci ildə Moskvadan dəvət olunmuş Rəşid Atamalibekov adında bir rejissor vardı. Onun quruluşçu rejissor kimi təcrübəsi yox idi, “Mosfilm”də həmişə ikinci rejissor kimi çalışmışdı. Təqribən 50-55 yaşlarında idi, Bakıdan onu dəvət etmişdilər ki, bədii film çəksin. Məni də o qrupa dəvət etdilər. Bütün hazırlıqlar görüldü. İlk çəkiliş günündə bizim möhkəm davamız düşdü. Anladım ki, bu adamın film çəkmək üçün səriştəsi yoxdur. Çəkiliş meydançasında heç cür başa sala bilmirdim ki, biri var gözlə baxasan, biri də var nəticəni lentdə alasan. Lentlə gözün imkanları çox fərqlidir. Ümumiyyətlə, kinotəsvir şərti dildir. Filmdə deyilir: “qaranlıq idi, göz gözü görmürdü”. Bu o demək deyil ki, sən qapqara lent verməlisən. İşıq zəif, qaranlıq olmalıdır, amma gözlə görülməlidir. Yəni təsvir yoxdursa, operator nəyə lazımdır? Nəsə dedim mən çəkmirəm. Gənc adam gecə saat 2-də zəng elədim kinostudiyanın direktoru Cəmil Əlibəyova. Dedim “Cəmil müəllim, mən bu axmaqla kino çəkməyəcəm”. Dedi “yekə kişisən, gecə saat 2-də zəng eləmisən, utanmırsan? Sabah kinostudiyada görüşərik, mən sənin başına ağıl qoyaram”.
Görüşdük, dedim hal-qəziyyə belədir. Cəmil müəllim dedi “çıx bayıra, mənim o rejissora gücüm çatmaz, müqaviləmiz var. Sən isə mənim işçimsən çıx çölə. Nə qədər ki, mən burdayam sənə film verməyəcəm”.
Dedim “vermirsən, vermə, mən çəkmirəm bu filmi”. Dedi “cavansan, qanmırsan heç nəyi, çıx bayıra”. Nəticədə Rəşid Atamalibekov getdi Moskvadan bir operator dəvət etdi. Rəhmətlik Maqsud İbrahimbəyovun ssenarisi əsasında “Mezazoy əhvalatı” filmini çəkdilər. Heç kəs o filmi tanımır. Filmi təhvil verəndə Moskva ona üçüncükateqoriya verdi. Yəni bu film SSRİ ekranına çıxmayacaq. Bu filmi elə öz ölkənizdə göstərəcəksiz 17 nüsxə ilə. Bütün pullar batdı getdi. Sonra Cəmil müəllim məni çağırdı yanına ki, “Sən düz deyirmişsən, bu, axmağın biri imiş”.Onda rəhmətlik Heydər Əliyev Azərbaycan kinosunun 60 yaşına hədiyyə etmişdi- Almaniyadan 500 min dollarlıq avadanlıq alınmışdı - “Arifleks”. Cəmil müəllim dedi ki, “sən ki, belə prinsipial oldun, təzə aparaturanın - “Arifleks”in bir komplekti sənindir, apar qoy otağına işlət”. Dedim “Cəmil müəllim, siz istehsalı da bilmirsiniz, bəs bu aparatı otağıma qoysam, çəkilişlərdə kirayəyə verə bilməyəcəyik”. Baxdı mənə, dedi “a kişi, bəsdir də, götür get”. Sonra yaman dostlaşdıq. Hətta çox illər sonra qohum olduq. Yenə bir qədər haşiyəyə çıxdım. Amma ümid edirəm ki, söhbətimiz maraqlı alındı. Ən azından mənim üçün belə oldu”.
Modern.az